Şagird itlər, meymunun vurulduğu sirk əməkdaşı – Bakı Dövlət Sirkindən FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Şagird itlər, meymunun vurulduğu sirk əməkdaşı – Bakı Dövlət Sirkindən FOTOREPORTAJ

Məşhur “apilka”da doğulmuş uşaq” ifadəsi burada yaranıb. Bura qəribə və kiçik bir dünyadır, onlar isə bu balaca dünyanın vətəndaşları. Söhbət sirkdən gedir. Sirkdə çalışanlar çox zaman bir-birləri ilə evlənirlər. Onların doğulan övladları da əsasən sirk artistləri olur. Özləri də ömürlərinin sonuna kimi kassir, biletsatan, inzibatçı və digər işçilər kimi sirkdə qalırlar. Onların hər biri bu qədim sənəti daşıyır, sirlərini nəsildən-nəslə ötürürlər. Sirk artistlərinin uşaqları isə həqiqətən də “apilka”nın üstündə böyüyür, hər bir çətinliyə dözmək, istənilən vəziyyətdən çıxmaq, vəhşi heyvanları ram etmək bacarığı onlara analarının südündən gəlir. Onlar hər bir dözülməz ağrını belə qalın qrim və gözəl təbəssümün arxasında məharətlə gizlətməyi bacarırlar. Bizə sirli və möcüzəli görünən bu sirk onların həyat tərzidir…

Bakıya yeni sirk proqramının gəldiyindən, deyəsən, bütün paytaxt sakinləri xəbərdar idilər. Sirkin qabağındakı qələbəlikdən bunu düşünmək olardı. Martın 14-dən start verilən yeni proqramın ayın sonuna kimi davam etdirilməsi nəzərdə tutulsa da, görünür, çoxu bileti elə ilk günlərə almaq üçün tələsmişdi. Tamaşaya gələnlər isə təkcə uşaqlar deyildi, uşaqlar qədər böyüklər də var idi. Üzlərindəki təbəssüm və sevincdən sirkə nə qədər həvəslə gəldikləri görünürdü.

Tamaşa başlamamış hər kəs öz yerini tutmuşdu. Birinci nömrə başlayan kimi zala sakitlik çökdü. Sonra bu sükutu alqışlar pozdu. Uşaqların ən çox maraqla qarşıladığı nömrə isə “Professor Yermakovun itlər məktəbi” idi. Balacaların sevimlisi olan heyvanları bu qədər ağıllı və sözəbaxan görmək, yəqin ki, onları heyrətləndirmişdi.

Sirkdə maraqlı hava nömrələri, əhliləşdirilmiş heyvanlarla bir neçə attraksion, ümumiyyətlə, sirkin əksər janrlarını əhatə edən rəngarəng nömrələr var idi. Tamaşaçıların maraqla qarşıladığı tamaşalardan biri də timsahlarla bağlı olan həm qorxulu, həm də çətin nömrə idi. Daha sonra tutuquşuların attraksionu, atlarla, dəvələrlə bağlı nömrələr nümayiş olundu. Çılpaq atın üzərində ayaq üstə dayanaraq halqalarla rəqs edən qızı da sirk tamaşaçıları Bakıda ilk dəfə idi ki, görürdülər.

Sirkdə daha bir yenilik isə son nəsil tamaşaçıların heç vaxt görmədiyi “Keniya boys” - Keniyadan olan 7 nəfərlik akrobatlar qrupunun dəmir şar içərisində moto-şousu idi.

Tamaşaçı tutumu 2000-ə yaxın olan sirkdə, demək olar ki, boş yer yox idi. Sirk incəsənətin yeganə sahəsidir ki, burada insan vəhşi təbiətin bir hissəsi olan heyvanlarla təmasda olur və eyni səhnəni bölüşür.

Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun sözlərinə görə, burada maraqlı nömrələrdən ibarət seçmələr olduğundan proqrama maraq daha böyükdür: “Proqram xüsusi olaraq yığılıb və “Qızıl dördlük” adlanır. Dünyanın 4 məşhur sirki, o cümlədən, “Böyük Moskva”, “Nikulinin qızıl sirki”, Belarus Dövlət Sirki və ilk dəfə olaraq Çinizelli sirkinin nömrələrindən yığılmış bir proqramdır. 2 saatdan artıq davam edən proqramda 40-dan artıq artist heyətinin iştirak edir”.

Tamaşaçıların sirkə çox həssas, nömrələri qiymətləndirməyi bacaran və sirk sevən tamaşaçılar olduğun deyən M. Hümbətovun sözlərinə görə, bununla belə, təlimçinin etdiyi hərəkətdən ruhlanaraq tamaşaçılar arasında heyvanlara əl uzatmaq, onların quyruğundan tutmaq istəyənlər də tapılır. Bunları nəzərə alaraq rəhbərlik risk olan nömrələrdə təhlükəsizlik tədbirləri görərək tamaşaçılarla səhnə arasına xüsusi qoruyucu torlar çəkir.

Sirk əməkdaşları ilə söhbət zamanı onlar problemlərin daha çox valideynlərin məsuliyyətsizliyi səbəbindən yarandığını dedilər. Sən demə, özümüzə ən yaxın bildiyimiz meymunlar da şir qədər təhlükəli ola bilər. Bəzən isə əslində içəriyə keçirilməsi qadağan olan lazer işıqlarından istifadəyə məsuliyyətsiz valideynlər səbəb olurlar. Təxminən 17 metr hündürlükdə olan akrobatın gözünə tutulan işıq həmin proqramın faciə ilə bitməsinə də səbəb ola bilər.

Sirk əməkdaşlarının sözlərinə görə, sirkə istər böyüklər, istərsə də uşaqlar tərəfindən maraq böyükdür. Sirk hamı üçün olduğundan, nömrələri seçəndə böyüklər də nəzərə alınır. Sirkdə nəzarətçi işləyən Xalidə xanımdan onu da öyrəndik ki, tamaşaya gələnlər arasında yaş məhdudiyyəti qoyulmur. Bura gələn ən balaca tamaşaçının yaşı birdən az olub. Bəzən isə 70-80 yaşında xanımı ilə sirkə gələn qocalara da rast gəlinir: “Olur ki, tamaşaçılar bura körpə uşaqlar gətirilir. Bəzən elə olur ki, uşaq hələ heç nəyi dərk etmir. Valideynlər həvəslə ona heyvanları göstərirlər. Uşaq isə heyvanlardan çox ətrafdakı insanlara baxır. Bizdə tamaşaçı baxımından yaş məhdudiyyəti yoxdur. Tamaşaçılarımız arasında 80 yaşlı qoca da, 1 yaşlı uşaq da görmək olar”.

4 yaşlı Muradı ən çox sevindirən klounlar və itlər idi. Elə 7 yaşlı Nilufəri də heyvanların şousu heyrətləndirmişdi. O qədər xoşuna gəlmişdi ki, evdə saxladıqları itə də gəzməyi öyrətmək istəyirdi: “İtlər, bir də timsahlar xoşuma gəldi. Amma timsahdan qorxdum, o çox böyük idi. Bizim də itimiz var, mən də ona əlləri üstündə gəzməyi öyrədəcəm”.

Fasilədə imkan tapıb sirkdə ən maraqlı nömrələrdən birinin müəllifi Rusiyanın əməkdar artisti Nikolay Yermakovla da danışdıq. İtlərlə işləməyin maraqlı olduğunu deyən sirk ustasının sözlərinə görə, “Professor Yermakovun itlər məktəbi” adlanan bu nömrə bir neçə ildir ki, tamaşaçılar tərəfindən maraqla izlənir:

“Babay çox tənbəldir, dərsə gecikir. Soruşulan dərsə cavab vermir. Bizim dərsdə də növbətçimiz var, o, lövhəni silir. Bizim itlər yazını oxuyurlar, riyaziyyatdan misal həll edirlər, idman dərsində idman edirlər”.

Ömrünün 25 ilini sirkə və heyvanlara həsr edən Nikolay Yermakov Bakıya ikinci dəfərdir ki gəlir. Novruz bayramı öncəsi unikal tamaşa ilə paytaxt sakinlərini sevindirməyə gələn sirk ustası imkan tapıb Bakını da təriflədi:

“Bir neçə il öncə Bakıda olmuşam. İndi ikinci dəfədir ki, bura gəlirəm. Bakını çox bəyəndim. Hətta dəvət etsəniz, hər proqramda gəlib iştirak edərəm. Bakı çox gözəl şəhərdir, Bakı tamaşaçısı da çox gözəl tamaşaçıdır. Bakıya vurulmuşam və inanın ki, imkanım olsa, buradan getmərəm”.

Digər müsahibimiz isə timsahları ram edən təlimçi Aleksandr Orlov idi. İşindən çox danışmağı sevməyən sirk ustasının sözlərinə görə, timsahlar maraqlı heyvanlardır və onlarla işləməkdən zövq alır. Lakin işinin sirrini açıqlamaqdan imtina etdi. Əvəzində isə Bakını gen-bol təriflədi: “Bu, Azərbaycana ilk gəlişimdir. Çox təəssüf edirəm ki, bu vaxta kimi Bakıya gəlməmişəm. Bakı məndə o qədər qeyri-adi təəssürat yaratdı ki, elə bilirəm nağıllar şəhərindəyəm”.

Sirk elə bizdə də maraqlı təəssürat oyatdı. Bizi yenə Mahir Hümbətov yola saldı. Elə yolüstü sirkdə baş verən maraqlı hadisələri də ondan soruşduq. Belə hadisələrin çox olduğunu deyən Mahir müəllim bir meymunun bizim sirkin əməkdaşına necə vurulmasından danışdı. Meymun necə aşiq olubsa, ondan ayrıla bilməyib. Hətta proqram gedən vaxtı həmin əməkdaş içəridə görünsə, onu görən kimi meymun çıxış etməkdən imtina edirdi. Lakin burada səfərləri başa çatan kollektivin meymunu aparmasıyla həmin məhəbbət də nakam qalır.

Sirkdən uşaqlar kimi xoş təəssüratlarla ayrıldıq. Bircə qiymətlər ürəyəyatan deyildi. Bir evdən 3 uşağını sirkə gətirmək istəyən valideyn ən azı 24, ən çoxu 45 manat xərc çəkib bilet almalı idi. Hələ bura fasilədə alınan oyuncaq və digər şeyləri də əlavə etsək, məbləğ bir qədər də yüksələr. Yəni arxa cərgələr üçün bilet 8, orta üçün 12, ön cərgələr üçünsə 15 manatdır.

Qiymət münasib olmasa da, görünür, burada yaşlı da, cavan da, uşaq da özünə maraqlı nəsə tapa bilir.

Bəlkə də, bizə çətin və qəribə görünən heyvanların əhliləşdirilməsi göründüyü qədər də çətin deyil. Bunun üçün sənətə və heyvanlara olan güclü sevgi, möhkəm iradə və işinin fanatı olmaq yetər. Bir də, bəlkə də, heyvanları əhliləşdirmək, heyvanlarla işləmək insanlarla işləməkdən daha asandır...

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm