Novruzun mübahisəli adətləri
Bizi izləyin

Qırmızı.az

Novruzun mübahisəli adətləri

Bu gün yeni günün, yeni ilin və yeniliyin rəmzi olan Novruz bayramıdır. Azərbaycan xalqı tərəfindən hər il böyük təntənə ilə qeyd olunur. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır.

Əsrlərdir qeyd olunan bayram müxtəlif dəyişiklərə və təsirlərə məruz qalıb. Elə bu il də bayram ərəfəsində bəzi folklorşünasların fikirləri illərdir formalaşmış adətləri sual altına qoydu və mətbuatda müzakirə mövzusuna çevirdi. Bəs Novruz bayramı əsrlərdir hansı dəyişiklərə məruz qalıb? Bu gün həvəslə icra etdiyimiz adətlərin hansı doğru, hansı yanlışdır?

Bu suallar ətrafında folklorşünas-alim, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Şakir Albalıyevlə söhbət etdik. O, əsrlərdir qeyd olunan Novruz bayramı müəyyən dəyişikliklərə məruz qaldığını inkar olunmaz fakt kimi dəyərləndirdi.

“Müxtəlif dini görüşlərin və inkişafın təsiri ilə adət-ənənələrdə dəyişiklərin edilməsi müşahidə olunur. Amma bu gün qeyd olunan Novruz adətləri ilə bağlı heç bir narazılığımız yoxdur. Hər hansı bir mərasimin süni şəkildə dəyişdirilməsinə ehtiyac yoxdur.

Amma çərşənbələrin sıra ardıcıllığı ilə bağlı fikrim fərqlidir. Fikrimcə, bu çərşənbələrin hər biri özündə yaradılış ünsürünü ehtiva edir. Eyni zamanda, onların hər biri bir fəsli simvolizə edir. Od çərşənbəsi yayı, su çərşənbəsi qışı, torpaq payızı, yel çərşənbəsi ilə yazı özündə ehtiva edir. Çərşənbələrin ardıcıl düzülüşünə də bu konteksdən yanaşmalıyıq. Bu ardıcıllıqla bağlı xalq arasında fikirlər müxtəlifdir. Amma bu məsələni elmi şəkildə yazırıqsa, məsələyə sistemli şəkildə yanaşmalıyıq. Yaydan sonra qış yox payız fəsli gəlir. Ona görə də, çərşənbələr od, torpaq, su və dördüncü yel çərşənbəsi kimi sıralanmalıdır. Bu barədə heç bir mənbədə qeyd olunmur, lakin çərşənbələrin ifadə etdiyi mənanı nəzərə alıb bu qənaətə gəlmişəm. Elmdə bu barədə müxtəlif fikirlər var”.

Folklorşünas alim çərşənbələrin sayı ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirdi. Belə ki, bir müddət əvvəl onların sayının 4 yox, 7 olması ideyası irəli sürülmüşdü.

“Folklorşünas alim Məhəmmədhüseyn Təhmasib onların sayının 7 olduğunu yazıb. Onların üçün yalançı, 4-ü doğrudur. Yalançı çərşənbələr doğrudan əvvəl olur. Hazırda onlardan biri simvolik şəkildə saxlanılıb. Necə ki, hazırda da dörd çərşənbənin simvolu olaraq sonuncu çərşənbə daha təmtəraqlı qeyd olunur”.

Alim 4 çərşənbədən yalnız sonuncunun xüsusi təmtəraqla qeyd olunma səbəbinə də toxundu:

“Bunun birinci səbəbi zamanla baş verən dəyişiklərdir. Sonuncu çərşənbə əslində digərlərinin ənənəsini də özündə birləşdirmiş olur. Necə ki, islam dinində sünni və şiələr gündə fərqli sayda namaz qılsalar da, rükət sayı dəyişmir. Eləcə də, bu çərşənbələrin də adətlərinin bir yerə toplanıb, sonuncu daha təm-taraqla qeyd olunur”.

Papaq atmaq məsələsi ilə bağlı folklorşünaslar arasında yaranmış fikir ayrılığına gəldikdə, Şakir Albalıyev onun bayram adətlərindən biri olduğunu dedi:

“Papaq atmaq ənənəsinin kökündə tamam fərqli məsələlər yer tutur. Papağın qeyrət rəmzi olduğunu və buna görə də, onu bayram günü qapıya atmağa qarşı çıxanlar səhv edirlər. Bu ənənə tarixən olub, bu, o deməkdir ki, babalarımız səhv ediblər papaq atmaqla? Əvvəllər ancaq qurşaq atıldığını iddia edənlər, yalan deyirlər. Qədim dövrlərdə hər kəs bacadan qurşaq sallamırdı axı. Bu, heç real da görünmür. Qurşaq, torba atmaqla yanaşı, papaq atmaq ənənəsi də olub. Papaq atmaq adətin kökü başqadır, onun qeyrətsizliklə əlaqələndirilməsi düzgün deyil. Hətta Sovet dövründə yaranmış adət olduğunu deyənlər də səhv edir. Çünki həmin dövrdə Novruz qadağan olduğu üçün gizli qeyd olunurdu. Papaqatmanın mənası bir neçə formada izah edilir. Onlardan biri də xaos dünyası ilə kosmos dünyasının qarşılaşması deməkdir. Novruzda qışla yaz qarşılaşıb, təbiətə yenilik gəldiyi kimi, papaq atmaqla da qarışıq dünyadan xoş günə çıxılır. Yəni papağı qohum-qonşunun qapısına atan və nemətlə dolu papağı götürən insan bir növ çətinlikdən xilas olur. İnsan papağı qapıya atıb, ondan məhrum olur. Daha sonra payla qəbul edib, bərpa edir. Papaq atmağı qəbul etməyənlər o zamana qulaq falına çıxmağı, qapı-qapı düşüb pay yığmağı da qəbul etməsinlər. Çünki başqasının söhbətinə qulaq asmaq, dilənmək də yaxşı deyil. Amma bayram günləri bunların hamısını edirik, çünki bayramın adətidir. Bu fikri irəli sürənlər anlamalıdırlar ki, Novruz adətlərinin hamısı vəhdət təşkil edir. Bu adətlərdən birinin dəyişməsi sistemin pozulması deməkdir. Bu adətlərinin kökünü, mənasını araşdırmaq lazımdır. Xalqın adətlərində səhv axtarmaq düzgün deyil”.

Folklorşünaslar arasında bahar qızı ilə bağlı da fərqli fikirlər var. Onun da Sovet dövründə bayram adətlərinə edilmiş yenilik olduğunu deyirlər. “Əvvəldə də dediyimiz kimi, Novruz bayramı tarixən müxtəlif dəyişiklərə, əlavələrə məruz qalıb. Bahar qızı da bayrama edilmiş ən yaxşı əlavələrdən biridir. Bu, bayram rəmzlərini daha da genişləndirib. Şıxəli Qurbanov ideoloji təbliğat və Qar qıza uyğun olaraq belə bir personaj əlavə edilməsini irəli sürdü. Hesab edirəm ki, bu, pis yenilik deyil. Bahar qız yazın gəlişini ifadə edən bir personajdır. Bayramın bəzi ənənələrini qəbul etməyənlər Novruzun mahiyyətindən xəbərsiz olanlardır. Özlərini göstərmək üçün şou yaradırlar”.

Bu gün Novruz adətlərindən ağız dolusu danışsaq da, böyük şəhərlərdə bu adətlərin çoxu unudulub. Folklorşünas bunun səbəbinin qloballaşma ilə əlaqələndirir:

“Hesab edirəm ki, bu, yanlış düşüncədir. Bayramlar xalqın varlığını, qədimliyini sübut edir. Onlardan uzaqlaşmaq xalqın özündən, keçmişindən qopması deməkdir. Bunu heç də yaxşı qarşılamıram. İnsanlar mümkün qədər bu adətləri qorumağa çalışmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm