Millət vəkili Malatyada Xocalı Soyqırımı ilə bağlı çıxış etdi
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Malatyada Xocalı Soyqırımı ilə bağlı çıxış etdi

Anım mərasiminə Türkiyə və Azərbaycan dövlət himnlərinin oxunmasından sonra start verilib

Malatyanın İsmət İnönü Universitetində «Xocalı Soyqırımın anım mərasimi» keçirilib. Mərasimdə Universitetin rektoru Cəmil Çelik, professor və müəllim heyəti, millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva və onun rəhbərliyi ilə Azərbaycandan gəlmiş nümayəndə heyəti və tələbələr iştirak edib.

Publika.Az-ın verdiyi xəbərə görə, anım mərasiminə Türkiyə və Azərbaycan dövlət himnlərinin oxunmasından sonra start verilib.

Anım mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanın 22 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq-deyib. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib. Millət vəkili bildirib ki, ədalət tərəfində olanlar Xocalı Soyqırımını tanımalıdırlar. Millət vəkili beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, 1 milyon insanın evinə dönə bilmədiyini qeyd edərək:

"Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı daha da sürətləndirməyi düşünürük. Dünyanın bəzi ölkələri bu soyqırımı tanıyıb. Xocalı Soyqırımı insanlığa qarşı edilmiş bir cinayətdir".

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qaradağlı Soyqırımı, Bağanis-Ayrım Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib:

“Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Anım mərasiminin sonunda Qənirə Paşayeva tələbələrə həmmüəllifi olduğu və Türkiyə türkcəsində çıxan "Hocalı Soykırımı tanıkların dili ile", "Qaradağlı Soyqırımı şahidlərin dili ilə" və "Bağanis Ayrım Soyqırımı" kitablarını imzalayaraq hədiyyə edib. Tələbələrin suallarını cavablandıran millət vəkili onlarla fikir mübadiləsi aparıb.

Qeyd edək ki, tədbirdə millət vəkili ilə yanaşı onun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibində, Ədəbiyyat qəzetinin baş redaktoru Sərvaz Hüseynoğlu, Simsar informasiya agentliyinin rəhbəri İradə Nurəddinqızı, həmin agentliyin müxbiri Ülviyyə Cövdətqızı, Lider Televiziyasının əməkdaşı Nuranə Axundova, İşgüzar Qadınlar İctimai Birliyinin sədri Sürəyya İsmayılova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,190 saylı orta məktəbin müəllimi Məlahət Hüseynova, Əməkdar artist Elza Seyidcahan yer alıblar.

Millət vəkili Qənirə Paşayeva Malatyanın mətbuat və media qurumlarına Xocalı Soyqırımı ilə bağlı geniş müsahibələr verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm