Avtomobil yolları üçün təhlükə - sürüşmə aktivləşib
Bizi izləyin

Qırmızı.az

Avtomobil yolları üçün təhlükə - sürüşmə aktivləşib

Fevral ayının sonu və mart ayı ərzində Azərbaycanda sürüşmə sahələrində aktivlik müşahidə edilir. Bununla yanaşı, yeni sürüşmə sahələri də yaranıb.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, xüsusən kənd yerlərində 5-8 metr dərinliyində yeni sürüşmə sahələri yaranıb. Lakin bunlar çox da təhlükəli hesab edilmir.

“Mart ayında atmosfer yağıntılarının intensivliyi, dağ örtüyünün hündürlüyü və onun gec ərimə prosesi yamacboyu sürüşmə sahələrinin aktivləşməsinə səbəb olub. Respublika ərazisində mövcud sürüşmə sahələrində apardığımız monitorinqlərin nəticələrinə əsasən, mart ayı ərzində bütün sürüşmə sahələrində dinamiklik müşahidə olunub. Sürüşmə həm kənd yerləri, yaşayış sahələri, həm də avtomobil yollarında baş verir. Lakin bu, təhlükəli həddə deyil, nisbi aktivləşmə qeydə alınıb. İstər bölgələrdə, istərsə də Abşeron yarımadasında müşahidə olunan sürüşmə insan həyatı üçün təhlükəli həddə deyil”.

S.Əmiraslanov onu da bildirib ki, respublika ərazisində sürüşmə əsasən texnogen proseslərin nəticəsində baş verir. Ona görə də, sürüşmə zamanı yol tikintisi zamanı meydana gələn ekzogen geoloji proseslərdə daha çox nəzərə çarpır.

“Kənd yerlərində sürüşmələr əsasən, evlərin tikintisi zamanı, həmçinin təbii proseslər nəticəsində baş verir.

Sürüşmə sahələrinin dinamikliyi, sonradan ətraf mühitə yarada biləcəyi problemlər barədə monitorinqlərimiz davam edir”.

S.Əmiraslanov mart ayının axırında bir sıra avtomobil yollarında sürüşmə sahələrinin daha da aktivləşdiyini bildirib:

“Cəlilabad rayonu Sadatlı kəndində sürüşmə sahələri mövcuddur. Bir müddət əvvəl Cəlilabad-Sadatlı avtomobil yolunda müşahidə edilib. Yolun sol kənarında lokal sürüşmə sahəsidir ki, son günlər daha da aktivləşib, dərinliyi 6-9 metrdir. Bundan başqa, Masallı-Yardımlı yolunda da sürüşmə müşahidə edilir. Əvvəllər bu yolun 53 kilometrliyində 3-4 yerdə uçqun və sürüşmə sahəsi mövcud idisə, fevralın sonu martın əvvəlində bu rəqəm 30% artıb. Lənkəran-Lerik avtomobil yolunda 19-cu km-dən 53-cü km-ə qədər olan hissədə - 34 km məsafədə bir-birindən 1-2 km aralı olmaqla sürüşmə ucun sahələr var. Bu yolda 25-26 sürüşmə sahəsi mövcuddur. Lerik rayonunun 30 kəndinin yalnız bəzisində sürüşmə sahəsi yoxdur. Kəndlərin əksəriyyətində sürüşmə, ucqun sahələri mövcuddur. Bundan başqa, Quba-Xınalıq, Quba-Qonaqkənd, Ağsu aşırımı, Bakı-Şamaxı və Muğanlı-İsmayıllı avtomobil yollarında nisbətən aktivləşmə qeydə alınıb. Bu, əsasən təbii amillərlə bağlıdır".

Onun sözlərinə görə, sürüşmə sahələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq qurumlara təkliflər təqdim edilir. Təkliflərdə sürüşmənin geoloji xüsusiyyəti nəzərə alınır.

"Təkliflərimiz daha çox avtomobil yolları ilə bağlıdır. Çünki kənd yerlərində lokal sürüşmələrin qarşısını almaq iqtisadi baxımdan səmərəli hesab edilmir. Ona görə də, əsasən həmin yerlərdə evlərin köçürülməsi həyata keçirilir. Lakin proqramlaşdırılmış sürüşmə sahələri ilə bağlı təklif hazırlayırıq. Bu işlər hissə-hissə həyata keçirilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm