Tərtərdə 50 min manatlıq dələduzluq – TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Tərtərdə 50 min manatlıq dələduzluq – TƏFƏRRÜAT

Tərtər Rayon Məhkəməsinin hakimi Həsən Qəniyev Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq) təqsirli bilinən Tərtər şəhər sakini Kərimova Sevinc Sultan qızı barəsində həbs qəti-imkan tədbirinin seçilməsi ilə bağlı prokuror Azər Hətəmovun təqdimatını rədd edib. Hakim həmin qadının 3 uşağının, uşaqlardan birinin 6 yaşında olmasını əsas gətirərək onun barəsində həbs qərarı çıxarmayıb.

Bu barədə Publika.az-a Tərtər şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 10, mənzil 11-də yaşayan Tofiq Hüseynov tərəfindən göndərilən şikayət məktubunda bildirilir.

Məhkəmənin qərarından narazı qalan şikayətçi qeyd edib ki, Sevinc Kərimova əvvəllər oğurluq üstə məhkum olunub:

“O, uzun müddətdir ki, falçılıqla məşğul olur, guya insanları gözləyən “xata-bəlaları” əvvəllcədən görür və karta baxaraq, əlaclarını tapır və yaxud adamlara gözəl tale bəxş edir. Beləliklə, vətəndaşları aldadaraq onların pullarını mənimsəyir. Son zamanlarda isə Tərtərdə adlarının çəkilməsini istəməyən iki ailənin üzvlərinin etibarından sui-istifadə edərək, aldatma yolu ilə onların pullarını ələ keçirib və hər iki ailəyə külli miqdarda ziyan vurub. Həmin adamlar 6 aydan sonra aldadıldıqlarını başa düşərək Tərtər rayon prokuroruna ərizə ilə müraciət edib və təkzibolunmaz sübutlarla ərizəni əsaslandırıblar. Rayon prokurorluğunda ərizə əsasında araşdırma aparıldıqdan sonra Kərimova Sevinc Sultan qızı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Tərtər Rayon Polis Şöbəsinin İstintaq Qrupuna tapşırılıb. Müstəntiq Firuz Nuriyev tərəfindən aparılan istintaqın gedişində Kərimova Sevinc Sultan qızı təqsirli bilinərək, müstəntiqin qərarı ilə 48 saat həbsdə saxlanılıb. Sonra təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Tərtər Rayon Məhkəməsinə təqdimat göndərilib. Məhkəmə Sevinc Kərimova barəsində həbs qərarı çıxarmayıb və o sərbəst buraxılıb”.

Şikayətçi bildirir ki, Sevinc Kərimova dələduzluq və aldatma yolu ilə iki nəfərdən ələ keçirdiyi 48 min manatı və 2600 ABŞ dollarını gah Bakıda Kamal adlı birinə verdiyini (41 min manatını), gah Türkiyədə olan bacısına göndərdiyini, gah da Bakıda Samir adlı bir şəxslə alver edərkən ziyana düşdüyünü, gah bir “yaxşı ailəyə” borc verdiyini, gah bir nəfərin bu pulu onun əlindən aldığını və adını çəksə, uşaqlarını öldürəcəyi ilə hədələdiyini və s. bildirib.

“O həm də Tərtərdə yaşayan “Dollar Lətafət”in, “Sələmçi Aybəniz”in, Məlahətin, Şəhlanın, Müşfiqin, “Pul dəyişən Nofəl”in, Sevdanın və s. adamların adlarını çəkərək, onlarla iş birliyi qurduğunu bildirib. O, külli miqdarda pulu tam ələ keçirdikdən 4 ay sonra (9 yanvar 2015-ci il tarixdə) Tərtər rayon Dövlət Notarial Kontorunun dövlət notariusu Adil Rüstəmovdan “Kredit (borc) müqaviləsi” alır. Sən demə, qadın törətdiyi cinayət əməlini həmin müqavilə ilə mülki müstəviyə keçirmək niyyətini güdürmüş. Sevinc Kərimovanın dələduzluğunu isbatlayan şahidlər, maddi sübutlar və sənədlər var. Bu qadının həbs olunması pul sahibləri üçün bir o qədər də vacib deyil. Onlara öz halal pullarının geri qaytarılması lazımdır”.

Tofiq Hüseynovun iddiaları və redaksiyamıza göndərdiyi məktubda yazılanların araşdırılması məqsədilə Tərtər Rayon Məhkəməsi ilə əlaqə saxladıq. Məhkəmədən bildirdilər ki, Sevinc Kərimovaya faizlə borc verən şəxslər elə Tofiq Hüseynovun öz xanımı və qızıdır: “Sevinc Kərimova tək qadındır. Himayəsində azyaşlı uşağı var, özü tək qadındır. Qadın barəsində həbs qəti-imkan tədbirinin seçilməsi üçün ciddi əsas yox idi. Həmin şəxslərə apellyasiya şikayəti vermək təklif edilsə də, onlar bundan imtina ediblər. Hazırda həmin iş üzrə istintaq gedir, istintaqın yekununda müvafiq qərar qəbul ediləcək İşin nəticəsinin necə olacağı, ona məhkəmədə baxılıb-baxılmayacağı, hansı hökmün qəbul ediləcəyi sonrakı proseslərdə məlum olacaq”.

Məhkəmədən bildirilib ki, S.Kərimova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm