Qırmızı.az
Azərbaycanda övladlığa götürmə: problem, tendensiya və yeni təkliflər - MÜSAHİBƏ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümovanın Trend-ə müsahibəsi.
Azərbaycandan uşaqları övladlığa götürən xarici vətəndaşlar əsasən xaricdə yaşayan azərbaycanlılardır
- Azərbaycanda övladlığa verilmə ilə bağlı son illər neçə
müraciətə baxılıb? Övladlığa götürülənlərdən neçəsi oğlan və ya qız
olub? Onlar əsasən hansı yaş qruplarından olan uşaqlardır? Uşaqları
övladlığa götürən ailələr əsasən hansı ölkələrin
vətəndaşlarıdır?
- Azərbaycanda 2012-ci ildə yerli ailələr tərəfindən övladlığa götürülən uşaqların sayı 989, 2013-cü ildə isə 961 nəfər olub. Onlardan 2012-ci ildə 226 (145-i qız, 79-u oğlan) nəfəri, 2013-cü ildə isə 204 (102-si qız, 102-si oğlan) nəfəri 1 yaşadək olan uşaqlar olub. 2012-ci ildə övladlığa götürülənlərdən 438 nəfəri (202-si qız, 236-sı oğlan), 2013-cü ildə isə 429 nəfəri (198-i qız, 231-i oğlan) 1-5 yaş arası uşaqlar olub. 6-10 yaşda olan uşaqlardan 2012-ci ildə 195 nəfər, 2013-cü ildə 183 nəfər övladlığa götürülüb. Bu müddətdə 10 yaşdan yuxarı uşaqların da övladlığa götürüldüyü istisna edilmir. Çünki bu işlərlə Səhiyyə və Təhsil nazirlikləri də məşğul olur. Ümumiyyətlə, qanunvericiliyimizlə 18 yaşadək şəxsləri övladlığa götürmək mümkündür.
Ölkələrarası övladlığa götürməyə gəlincə, 2013-cü ildə bununla bağlı 8 (4-ü qız, 4-ü oğlan) fakt qeydə alınıb. Uşaqları övladlığa götürmüş şəxslərdən 4-ü Rusiya vətəndaşlığını qəbul etmiş azərbaycanlılar olub. Bir halda Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadın ilk nikahından olan öz övladının yeni ailədə övladlığa götürülməsinə nail olub. Biri İran vətəndaşı ilə ailə quran azərbaycanlı qadın, digər ikisi isə ABŞ və Fransadan olan əcnəbi ailələrdir.
2014-cü ildə isə xarici ölkə vətəndaşları tərəfindən 4 (hamısı oğlan) azərbaycanlı uşaq övladlığa götürülüb. Onlardan birində ABŞ-da yaşayan azərbaycanlı buradakı bacısının övladını övladlığa götürüb. İki uşağı Gürcüstan vətəndaşı olan azərbaycanlılar, dördüncü uşağı övladlığa götürənlər isə türk əsilli Almaniya vətəndaşları olub. Xarici ölkə vətəndaşları tərəfindən övladlığa götürülənlərin hamısı 4 yaşına qədər uşaqlar olub.
- Xarici ölkələrə övladlığa verilən uşaqlardan valideynləri olanlar olubmu?
- Uşaqlar övladlığa yalnız valideyn himayəsindən tam məhrum olunduğu halda verilir. Lakin ailələr və qohumlar arasında razılaşmanın olması halları istisnadır. Bu halda məsələ məhkəmə qaydasında həll olunur. Ümumən, övladlığa verilmiş uşaqların əksəriyyəti atılmış, valideyn himayəsindən məhrum olunmuş və yaxud xəstəlikləri ucbatından valideynlərinin imtina etdikləri uşaqlar olub.
Övladlığa verilən uşaqların əksəriyyəti əsasən fiziki cəhətdən qüsurlu, xəstə uşaqlardır
- Bu vaxta qədər ölkə daxilində və xaricə övladlığa
verilən uşaqlarla bağlı neqativ hallar aşkar edilibmi?
- Ölkə Prezidentinin fərmanı ilə 2007-ci ildə xarici
övladlığa verilmə ilə bağlı mərkəzi orqan qismində Dövlət Komitəsi
təyin olunduğuna görə övladlığa verilən uşaqlarla bağlı biz birbaşa
cavabdehlik daşıyırıq. Bu sahədə ciddi araşdırmalar və nəzarət
mexanizmi işlədiyindən deyə bilərik ki, 2007-ci ildən indiyədək
bununla bağlı hər hansı neqativ hal aşkar edilməyib. Komitə
maraqlıdır ki, bizim uşaqlar ilk növbədə azərbaycanlılar, yəni
yerli ailələr tərəfindən övladlığa götürülsün. Uşaqların yerli
ailələr tərəfindən övladlığa götürülməsi mümkün olmadıqda isə
onları xarici ailələrə təklif edirik. Əvvəllər adətən ailənin
istəyinə, marağına uyğun uşaqlar axtarılırdısa, indi artıq uşağa
uyğun ailələrin seçilməsində maraqlıyıq. Çünki adətən azərbaycanlı
ailələrinin götürmədiyi bu və ya digər şəkildə qüsurlu, müəyyən
xəstə uşaqlar olur. Onların isə xüsusi qayğıya ehtiyacı var. Onlar
üçün xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmə praktikası olan
ailələr seçilməlidir. Yəni belə uşaqlarla davranış qaydaları, uşağa
yanaşma, onun sosial mühitə uyğunlaşması və s. hamısı çox vacib
elementlərdir. Ölkə daxilində olan məsələlərlə bağlı isə qəyyumluq
və himayəçilik komissiyaları məşğul olmalıdırlar. Komissiyalar
övladlığa verildikdən sonra uşaqların getdiyi ailəyə, ətraf mühitə
uyğunlaşması, təhsil alması, sağlamlıq durumu və s. ilə bağlı
nəzarət mexanizmi həyata keçirməlidirlər.
- Bu vaxta kimi övladlığa verilən uşaqlardan neçəsi
fiziki cəhətdən qüsurlu və ya xəstə olub?
- Ümumiyyətlə, 2007-ci ildən bu günədək xarici ölkə vətəndaşları
olan 43 ailə tərəfindən Azərbaycanda 45 yerli uşaq övladlığa
götürülüb. Bu 45 uşağın əksəriyyətində fiziki qüsurlar olub. Rusiya
və Gürcüstandan olan azərbaycanlı ailələr yalnız yaxın qohumları
olanda belə uşaqları övladlığa götürürlər. Məsələn, ötən il
Gürcüstandan olan ailə hepatit daşıyıcısı olan oğlan uşağını
övladlığa götürdü. O uşağa heç kim yiyə durmurdu. Lakin sonra
həkimlə də müəyyən olundu ki, uşağın müalicəsi mümkündür. Ailə də
bununla razılaşdı və sonra onu övladlığa götürdü.
Digər ailələr də olub ki, müxtəlif qüsurları olan – dovşandodaq, qurdağız, əl və ayaq hərəkətlərində qüsuru, kəllə-beyin travması olan, hətta anası yüngül həyat tərzi keçirdiyindən anadangəlmə sifilis və ya hepatit xəstəliklərinin daşıyıcıları olan uşaqları övladlığa götürüb onların müalicəsi ilə məşğul olublar. Həmin ailələr əsasən Avropa ölkələrindən və Amerikadan olanlardır.
Tendensiya... Azərbaycanlılar xəstə uşaqları övladlığa götürmür
- Ümumiyyətlə, son illər Azərbaycanda xarici vətəndaşlara
övladlığa verilmə ilə bağlı hansı tendensiya müşahidə
olunur?
- Əvvəlki illərlə müqayisə etsək, uşaqların ölkələrarası övladlığa verilməsində azalma müşahidə olunur. Bəzən elə olur ki, rəqəmlərdə 4-5 artım olur ki, bu da əsasən Rusiyada yaşayan azərbaycanlıların müraciətlərinin çoxluğu ilə bağlı olur. Çünki biz Komitə olaraq uşaqların daha çox yerli ailələrə övladlığa verilməsində maraqlıyıq və fəaliyyətimizi də daha çox bu istiqamətdə qurmağa çalışırıq. Uşaqları yalnız bütün imkanlar tükəndikdə, yəni yerli ailə tərəfindən övladlığa götürülmənin mümkünsüzlüyünü gördüyümüz zaman xarici vətəndaşlara təklif edirik. Məsələn, hazırda bizdə bir oğlan uşağının övladlığa götürülməsi ilə bağlı məhkəmə prosesi gedir. Biz 2007-ci ildən bəri bu uşaqla bağlı bəzi işlər görürük. Onu daim diqqət mərkəzində saxlayırıq ki, hansısa ailə onu övladlığa götürsün. Uşağın müəyyən xəstəlikləri olsa da, əqli cəhətdən tam normaldır. Təəssüf ki, bu uşaq yerli ailələr tərəfindən övladlığa götürülmədi. Lakin biz ona uyğun xarici ölkədən ailə tapdıq və onlara təqdim etdik.
- Bəs uşaqların yerli ailələrə verilməsi məsələsində
vəziyyət necədir?
- Azərbaycanda yerli ailələr tərəfindən övladlığa götürülmə ilə
bağlı müraciətlərin də sayı artıb. Məsələn, əgər 2005-ci ildə
övladlığa götürülmə ilə bağlı 803 nəfər yerli ailələr tərəfindən
müraciət qeydə alınmışdısa, 2013-cü ildə bu müraciətlərin sayı 961
olub. Uşaqların yerli ailələrə övladlığa verilməsinə gəlincə, bu
rəqəm 2008-ci ildə 844, 2009-ci ildə 845, 2010-cu ildə 798, 2011-ci
ildə 934, 2012-ci ildə 989, 2013-cü ildə isə 961 nəfər olub.
2014-cü illə bağlı yekun rəqəmlərin hesablanması işi isə davam
edir.
Burada əsasən azyaşlı və sağlam uşaqların övladlığa götürülməsinə meyllilik müşahidə olunur. Əvvəllər yerli ailələr müəyyən qüsurlu uşaqları övladlığa götürürdülərsə, indi tamamilə sağlam uşaqların övladlığa götürülməsinə üstünlük verirlər. Bu, əvvəllər də belə olub, amma son illərdə bu tendensiya daha da artıb.
Övladlığa verilmə ilə bağlı mərkəzləşdirilmiş qurum yaradılmalıdır.
- Övladlığa verilmə ilə bağlı dövlət tərəfindən hər hansı əlavə tədbirlərin görülməsi nəzərdə tutulurmu?
- Bir şeyi qeyd edə bilərəm ki, övladlığa götürülmə ilə bağlı Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Məsələn, Ailə Məcəllləsində övladlığa götürülmə məsələsi göstərilir, amma bunun hansı qaydalar əsasında edilməsi bildirilmir. Bu sahədə müəyyən təkmilləşdirilmələrin olması zəruridir. Bu, günümüzün tələblərindən biridir. Eyni zamanda, beynəlxalq ekspertlər də bura gələndə bu məsələni qaldırmışdılar ki, istər yerli, istərsə də ölkələrarası övladlığa götürmə olsun, bu işin bir, vahid mərkəzdən idarə olunmasına ciddi ehtiyac var. Bu fəaliyyətin mərkəzləşdirilmiş bir qurum tərəfindən həyata keçirilməsi övladlığa götürmə sahəsində dinamikliyin və çevikliyin olmasına, bürokratik əngəllərin aradan qaldırılmasına və bu sahədə vətəndaşların istəklərinin daha rahat şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Məlumat üçün deyim ki, Azərbaycanda uşaqların ölkələrarası
övladlığa verilməsi məsələləri ilə Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi məşğul olur. Yerli övladlığa götürmə
məsələlərinə isə yerli icra hakimiyyətləri yanında qəyyumluq və
himayəçilik komissiyaları nəzarət edir. 0-3 yaş arası uşaqlarla
bağlı proseslər Səhiyyə Nazirliyində, 3 yaşından yuxarı 18
yaşınadək isə Təhsil Nazirliyində həyata keçirilir.
Hesab edirik ki, bizdə övladlığa götürülmə ilə bağlı mütləq qanunvericilikdə dəyişikliklər edilməli, konkret qaydalar müəyyən olunmalıdır. Övladlığa götürülmə məsələlərinin mərkəzləşmiş qurum tərəfindən idarə olunması məqsədə müvafiq olardı.
Bir az həssas olun...
- Sonda məxsusi olaraq qeyd etmək istədiyiniz bir şey
varmı?
- Bəli. Çox təəssüflər olsun ki, bəzən mətbuat nümayəndələri
övladlığa götürülmə ilə əlaqədar bu sahəyə heç bir əlaqəsi,
aidiyyatı olmayan şəxslərdən açıqlamalar alırlar. Nəticədə
insanları yanlış istiqamətə sürükləyən fikirlər ortaya çıxır. Bəzən
də bu sahədə məlumatlı olmadıqlarından qanunvericiliyi pozurlar.
Məsələn, övladlığa götürmə qanunla sirr saxlanılır. Bəzən tələb
edirlər ki, övladlığa götürülən şəxsin və ya onu övladlığa götürən
ailənin adı açıqlansın. Özünüzü bir anlığa həmin uşağın və ya
ailənin yerinə qoyun. Bu məsələlərdə bir az diqqətli olmaq
lazımdır.
Bəzən də övladlığa götürmə ilə bağlı sənədləşmənin çoxluğundan
şikayət edirlər. Qeyd edim ki, bu sahədə tələb olunan sənədlərin ən
normal sayı məhz Azərbaycandadır. Digər ölkələrdə bizdəkindan
qat-qat çoxdur. Bəzən deyirlər ki, niyə övladlığa götürən şəxsdən
onun sağlamlığı - daxili orqanlarının, ruhi-əsəb, sinir sisteminin
vəziyyəti, əlillik dərəcəsi, onkoloji, narkoloji, keçici və digər
xəstəliklərinin olub-olmaması ilə bağlı tibbi arayış tələb olunur?
Tutaq ki, övladlığa götürən şəxs onkoloji xəstədir və həkimin
rəyinə əsasən, 6 aydan sonra dünyasını dəyişəcək. Əgər uşaq belə
bir şəxsə verilsə, 6 aydan sonra həmin uşağın aqibəti necə olacaq?
Və yaxud övladlığa götürən şəxsin ağır vərəm və ya digər ağır
keçici xəstəliyi varsa, kim zəmanət verə bilər ki, uşaq da bu
xəstəliyə tutulmayacaq? Yaxud övladlığa götürən şəxs əvvəllər ağır
cinayət işlədibsə, uşaq zorakılığı ilə bağlı məhkum olunubsa, bu
şəxsə uşağın övladlığa verilməsi nə dərəcədə düzgündür? Yaxud
övladlığa götürən şəxsin maliyyə vəziyyəti qənaətbəxş deyilsə, onun
iş yeri, stabil gəliri yoxdursa, övladlığa götürdüyü uşağı necə
dolandıracaq? Bəlkə uşağı elə küçədə diləndirmək üçün götürür? Ona
görə də bunlarla bağlı sənədlərin olması birbaşa qanunvericiliyin
tələbidir. Onlardan hansını azaltmaq olar? Yalnız sadəcə
Azərbaycanda bu sahədə mərkəzləşmiş qurumun olmaması ucbatından
vətəndaşlar bir neçə instansiyaya müraciət etməli olurlar. Bu da
nəticədə müəyyən problemlər və narahatlıqlar yaradır. Ona görə də
jurnalistlərdən xahişim budur ki, bu məsələlərə yüksək həssaslıq və
diqqətlə yanaşsınlar.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı