Qırmızı.az
Ziya Məmmədov Avropa Oyunlarına hazırlıqla bağlı hesabat verdi
“Azərbaycanın milli nəqliyyat sektorunda müasir infrastrukturun yaradılması, daşımalarda yeni texnologiyaların tətbiqi, nəqliyyatın dayanıqlılığının təmin olunması istiqamətində son illər ərzində həyata keçirilən tədbirlər hesabat dövründə də məqsədyönlü surətdə davam etdirilmişdir. Sizin diqqət və dəstəyiniz sayəsində nəqliyyat sektoru sürətlə inkişaf edərək ölkəmizin tərəqqisinə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən mühüm fəaliyyət sahəsinə çevrilmişdir”.
Publika.az-ın məlumatına görə, bunu aprelin 10-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasda çıxışı zamanı nəqliyyat naziri Ziya Məmmədov deyib.
Nazir daha sonra deyib: “Ulu öndər Heydər Əliyevin şəxsi iradəsi
ilə reallaşan və aktuallığı ilə bu gün də Azərbaycanın və bir çox
ölkələrin nəqliyyat siyasətinin əsas xəttini təşkil edən Böyük İpək
Yolu strategiyası Sizin, cənab Prezident, təşəbbüsünüzlə icra
olunan regional əhəmiyyətli layihələr sayəsində yeni mərhələyə
keçid almışdır.
Göstərilən layihələr sırasında Avrasiya nəqliyyat şəbəkəsində yeni
və daha səmərəli bağlantıları təmin edən Bakı-Tbilisi-Qars dəmir
yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin
beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən magistral
avtomobil yollarının və dəmir yolu infrastrukturunun yenidən
qurulması layihələri xüsusi çəkiyə malikdir.
İcazə verin, ali diqqətinizə məruzə edim ki, 2015-ci ilin birinci
rübü ərzində nəqliyyat-yol kompleksi üzrə 34 milyon ton yük və 372
milyon nəfər sərnişin daşınmışdır. Limanlarda 2,8 milyon ton
həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmişdir. Bu
dövrdə investisiya qoyuluşlarının həcmi 210 milyon manat təşkil
etmişdir”.
Z.Məmmədovun sözlərinə görə, 2015-ci ilin birinci rübündə dəmir
yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramının
icrası üzrə Bakı–Gürcüstan sərhədi istiqamətində yol təsərrüfatının
yenidən qurulması, enerji sisteminin dəyişən cərəyana keçidi,
rabitə qurğularının yeniləşdirilməsi, yeni lokomotiv və vaqonların
alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri
davam etdirilmişdir. Hesabat dövründə 29 kilometr, ümumilikdə
Proqram üzrə 390 kilometr yeni yol salınmışdır.
Bakı-Tbilisi-Qars layihəsi üzrə Axalkələk-Türkiyə sərhədi sahəsində
29 kilometr yeni yolun tikintisi və 154 kilometr yolun
rekonstruksiya işləri başa çatdırılmış, ötən ilin dekabrında sınaq
qatarı xəttə buraxılmışdır. Gürcüstan və Türkiyə dəmir yollarını
birləşdirəcək 4,4 kilometrlik tuneldə qazma işləri bu ayın sonunda
tamamlanacaq. Layihənin tam başa çatdırılması isə 2015-ci ildə
nəzərdə tutulur. Qeyd etmək istərdim ki, bütövlükdə tikinti
sahəsində bu günə qədər tam infrastrukturu ilə birlikdə 183
kilometr yeni yol salınmış, 15 körpü, 23 yol keçidi, 300-dən artıq
su ötürücüsü və digər süni qurğular, 5 stansiya inşa
edilmişdir.
Nazir qeyd edib ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının
bərə terminalı istismara verildikdən sonra, limanın birinci
mərhələsini əhatə edən işlərin icrası davam etdirilmişdir: “Bərə
terminalı vasitəsilə bütövlükdə 1,2 milyon ton, o cümlədən cari
ilin birinci rübü ərzində 492 min ton yük aşırılmışdır. Eyni
zamanda, dəniz nəqliyyatında Xəzər Dəniz Gəmiçiliyinin donanmasının
yeniləşdirilməsi məqsədilə ötən il 1 tanker, 2 quru yük gəmisi, 1
yedək gəmisi, 1 üzən tərsanə alınmışdır və bu istiqamətdə işlər
cari ildə də davam etdiriləcək. Bakı gəmiqayırma zavodunda sifariş
verilmiş 3 kiçik sərnişin-yük gəmisindən ikisi 2015-ci ildə
istismara qəbul ediləcək. Zığ gəmi təmiri zavodunda aparılan
yenidənqurma işləri cari ildə başa çatdırılacaq.
Hava nəqliyyatı sahəsində Bakıda yeni aerovağzal kompleksi
istismara verildikdən sonra bütün beynəlxalq uçuşlar Heydər Əliyev
Beynəlxalq Aeroportunun bu terminalından həyata keçirilir.
Ümumilikdə “Azərbaycan Hava Yolları” QSC-nin marşrut şəbəkəsində
reyslər üzrə istiqamətlərin sayı 33-ə çatdırılmışdır. Hazırda yeni
alınmış “Boeing-787” tipli hava gəmilərinin uzaq məsafəli
marşrutlarda istismarına başlanılmışdır və mümkün yeni marşrutlar
öyrənilir”.
Prezidentin sözlərinə görə, avtomobil nəqliyyatı sahəsində
daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi,
hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər
həyata keçirilmişdir: “Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ,
Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda
yeni avtovağzallar tikilmiş, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz
avtovağzalları yenidən qurulmuşdur. Hazırda Gəncə, Horadiz və
Quzanlıda yeni avtovağzallar inşa olunur.
İctimai nəqliyyatda avtobus parkının yenilənməsi davam etdirilmiş,
bu müddətdə paytaxta orta və iri tutumlu daha 65 müasir avtobus
gətirilmişdir. Yaxın günlərdə 300 ədəd “İVECO” markalı yeni avtobus
da Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılacaq.
Avtomobil yolları sektorunda da iri həcmli layihələrin icrası davam
etdirilmişdir. “Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2015-ci ilin
birinci rübü ərzində 8,4 kilometr respublika əhəmiyyətli, 13,2
kilometr yerli əhəmiyyətli avtomobil yolları yenidən qurulmuş,
avtomobil yolları üzərində 3 körpü tikilmişdir. Proqrama uyğun
olaraq 10 iqtisadi rayondan səkkizində ümumilikdə 975 kilometr, o
cümlədən 250 kilometr respublika əhəmiyyətli, 725 kilometr yerli
əhəmiyyətli yollar əsaslı təmir olunmuş, avtomobil yolları üzərində
35 körpü və 1 piyada keçidi tikilmişdir.
Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar,
Cəlilabad–Yardımlı, İsmayıllı–Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və
digər avtomobil yollarında əsaslı təmir işləri davam
etdirilmişdir.
Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil
yollarının I texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax
yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun
15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km),
Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin,
Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilmiş və cari
ildə başa çatdırılacaq.
Bakı şəhərində aparılan işlərə kompleks yanaşmanın zəruriliyi və
ardıcıllığın təmin olunması, əsas və yardımçı yollarda rahat və
maneəsiz bağlantıların yaradılması, işlərin vaxtında, keyfiyyətlə
və yüksək dizayn tərtibatı ilə icrası barədə Sizin, cənab
Prezident, tapşırıq və tövsiyələrinizə uyğun olaraq, yol
qovşaqlarının, körpülərin və piyada keçidlərinin inşası davam
etdirilmişdir.
Bakı–Ələt yolunun 4-6-cı kilometrlik hissəsinin və Zığ
dairəsi-Hövsan–Türkan avtomobil yolunun 2 kilometrlik hissəsinin
yenidən qurulması, Yeni dənizkənarı bulvar yolunun tikintisi və
piyada keçidlərinin inşası layihələri cari ilin may ayının
sonunadək başa çatdırılacaqdır. Bilgəh–Pirşağı–Novxanı–Sumqayıt
yeni avtomobil yolunun tikintisi layihə üzrə davam
etdirilmişdir.
Qeyd etmək istərdim ki, son illər ərzində Bakı şəhərində istismara
verilmiş yol infrastrukturu obyektlərinin yerləşdiyi ərazilərdə
nəqliyyatın hərəkəti asanlaşmış, təhlükəsizlik normalarının
qorunmasına şərait yaradılmışdır. Xüsusən də Sizin, cənab
Prezident, birbaşa dəstəyiniz sayəsində Ziya Bünyadov prospektinin
yenidən qurularaq istismara verilməsi şəhərin mərkəzi hissəsində
nəqliyyat sıxlığının azalmasına, nəqliyyatın hərəkətinin təşkilində
yaranmış problemlərin həllinə böyük təsir göstərmişdir.
Bundan əlavə, Bakı şəhərində nəqliyyat vasitələrinin sıxlığı
müşahidə olunan ərazilərdə nəqliyyat axınının nizamlanması
məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən
müxtəlif küçə kəsişmələrində yerləşən siqnal kontrollerlərinə yeni
vaxt planları tətbiq edilmişdir. Nəticədə küçə və prospektlərdə
sürət artımında əhəmiyyətli dəyişikliklər baş vermişdir. Müqayisə
üçün qeyd etmək istərdim ki, 2012-ci ilə nisbətən 2014-cü ildə
avtomobillərin orta hərəkət sürəti paytaxtın mərkəzi küçə və
prospektlərində (Neftçilər, Azadlıq, Bülbül, Tbilisi, Bakıxanov,
Zərifə Əliyeva və digər) orta hesabla 8-10 kilometr/saata qədər
yüksəlmişdir”.
Ziya Məmmədov nəqliyyat-yol kompleksində hüquqi bazanın
təkmilləşdirilməsindən, elektron xidmət sahəsində yeniliklərdən
danışdı. Nazir, birinci Avropa Oyunlarına hazırlıqla bağlı
paytaxtın yol-nəqliyyat infrastrukturunda aparılan genişmiqyaslı
işlər barədə məlumat verərək dedi:
“Möhtərəm cənab Prezident! Ali diqqətinizə məruzə edirəm ki, ilk
Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar
respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə
yaradılmış Təşkilat Komitəsi tərəfindən qarşımızda qoyulmuş
vəzifələrin icrası üçün zəruri tədbirlər görülmüşdür.
İdman obyektlərini əlaqələndirən əsas marşrut kimi müəyyən edilmiş
Ziya Bünyadov prospektində yenidənqurma işləri başa çatdırılmışdır.
Hazırda prospektin və Bakı Dairəvi-1 yolunun İntellektual Nəqliyyat
Sisteminə qoşulması işləri aparılır. Milli Gimnastika Arenasının,
Bakı Kristal Zalın, Veloparkın, Tofiq Bəhramov adına Respublika
Stadionunun, Beynəlxalq Yayım Mərkəzi kimi istifadə olunacaq “Bakı
Ekspo” Mərkəzinin giriş-çıxış yolları da hazır vəziyyətə
gətirilmişdir.
Məşəl Proqramına müvafiq olaraq Suraxanı rayonunda Səttar
Bəhlulzadə və Atamoğlan Rzayev küçələrinin təmiri bu ayın 15-dək
başa çatdırılacaq. Həmçinin Bakı Atıcılıq Mərkəzindən Bakı
Dairəvi-1 yoluna birbaşa çıxışı təmin edən 1 kilometrlik yeni yolun
və yol üzərində ikicərgəli hərəkət hissəsi olan 445 metr
uzunluğunda dayaqlar üzərində körpünün tikintisi may ayında
yekunlaşacaqdır. Bakı Olimpiya Stadionunda ictimai nəqliyyat
terminalının, Atletlər Kəndinin yaxınlığında avtobus meydançasının,
Media Kəndində nəqliyyat terminalının, o cümlədən Avropa oyunları
parkının və digər yarış və mühüm qeyri-yarış obyektlərinin
giriş-çıxış yollarında işlər tamamlanmaq üzrədir. Avropa
Oyunlarının açılış və bağlanış tədbirlərinin keçiriləcəyi Olimpiya
Stadionu ərazisində və Böyükşor dairəsində yeni yolun, körpünün,
piyada keçidlərinin tikintisi və Heydər Əliyev prospektində təmir
işləri yaxın müddətdə başa çatdırılacaqdır. Əsas Marşrut
Şəbəkəsinin (47 km) Oyunlara aid yol nişanları və Oyunların loqosu
əks olunan zolaqlar ilə təmin edilməsi istiqamətində hazırlıq
görülür və bu ay işlərə başlanılacaqdır.
Oyunlar zamanı nəqliyyat əməliyyatları Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzindən idarə olunacaq. Bu məqsədlə aidiyyəti dövlət
orqanlarının və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin
nümayəndələrindən ibarət İdarəetmə və Nəzarət qərargahı
yaradılır.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tələblərinə müvafiq
olaraq 800 avtobus sürücüsü, 1200 taksi və minik avtomobili
sürücüsü, depo və dispetçer işləri üçün 315 nəfərlik heyət
hazırlanaraq, nəzəri treninqlərə cəlb edilmişlər. Sürücülər üçün
vahid geyim forması sifariş verilmişdir. Qonaqlara nəqliyyat
xidmətlərinin təşkili məqsədilə 650 ədəd yeni taksi və minik
avtomobilləri alınmışdır. Tamaşaçıların və digər müştəri
qruplarının daşınması məqsədilə ekspress avtobus marşrutları
müəyyən edilmişdir.
Həmçinin oyunların keçiriləcəyi Mingəçevir şəhərində nəqliyyatın
üzərinə düşən öhdəliklərlə əlaqədar müvafiq tədbirlər müəyyən
edilmiş və icrası vaxtında təmin olunacaqdır”.
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
-
MDB09:36
Putin o gecə yuxuya getməyib - Səhərə qədər...