“Vosmoy” bazarından gecə REPORTAJI - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Vosmoy” bazarından gecə REPORTAJI - FOTOLAR

Reportajım Bakının 8-ci km adlanan yerindən, yəni “vosmoy”dan oldu. Bazara getməli idik, özü də gecə. Bizə oranı gecə saat 12-dən səhər 6-yadək olanları çəkmək və işıqlandırmaq lazımdı.

Mən və fotoqraf Emin Nihil, təxminən, 23:30 radələrində “Neftçilər” metrosunun içində görüşdük. Metronun “Neftçilər” ticarət mərkəzi olan tərəfdəki çıxışdan çıxıb, üz qoyduq “vosmoy” bazarına. Hardasa 10 dəqiqəyə artıq “Diqlas” ticarət mərkəzinin ətrafında idik. Gecə vaxtı bu yerlərdə adam az olur. Arabir marşrut avtobusları yanımızdan ötür. Külək kirli sellofan torbalarını yürlə sürüyür. Ticarət mərkəzinin yanındakı küçəyə dönürük. Qarşımıza yolun sağ tərəfində bir qoca kişi çıxır. Qoca sağ əlində qələm krossvord həll edə-edə, bir yandan da yanına qoyduğu radioda gedən musiqiyə qulaq asırdı.

Yaxınlaşıb salamlaşırıq, bizə fotosunu çəkməyə icazə vermir. Bazarın yerini soruşub yola düzəlirik. Yolboyu gündüzlər çalışan marketlərin bağlı olduğunu görürük. “Badımcan” taksiləri arabir gözə dəyir.

Nəhayət, gəlib göy satılan əraziyə çatırıq. Adamlar artır. Sol tərəfdə bir kafe var. Onun qarşısında qırmızı “Jiquli” dayanıb. İki nəfər onu “xoddamaq” üçün itələyirlər. İçəriyə keçirik. Səs-küy gəlir. Saat artıq 12-ni keçib. Budur, artıq bazar deyilən yerdəyik.

Emin Nihil bazarı, zəhmətkeş bazar adamlarını çəkir. İçəridən qarışıq, tünd iy gəlir. Burada hər növ yaş təbəqəsindən adama rast gəlmək olar, hərçənd cavanlar çoxdur. Qocalar da var. Həmin zəhmətkeş insanlar bütün çətinliklərə baxmayaraq, burada öz işlərini görürlər. Onların işi əsasən göy-göyərtini ayırıb, dəstələməkdən ibarətdir. Demək olar ki hamı bu işlə məşğuldur. Səhərə qədər bu işi görüb sonra istirahət edirlər. Bizim kim olduğumuzla, hardan gəldiyimizlə maraqlanırlar. Vəsiqələri göstəririk:

Biz jurnalistik. 1937.az saytından gəlmişik. Gecə bazarında zəhmət çəkən, əziyyətə qatlaşan adamları çəkirik.

Allah sizdən razı olsun.

İşiniz avand olsun.

Emin Nihil onların, xüsusilə, cavanların fotolarını çəkdikcə başına toplaşırlar.

“Mən də zəhmətkeşəm”, “Mənim də göyərtilərimi çək”, “Bu bazarda ən çox əziyyət çəkən mənəm” – deyə yarızarafat, yarıciddi onun üstünə gəlirlər. Bir az kənardan qaz səsi gəlir. Bazarın o başına tərəf gedirik. Hamı yenə eyni şeyi soruşur, cavabımız yenə eyni olur. Əksər adamlar fotolarını çəkməyə icazə verirlər. Bir-iki qarıdan başqa:

Nənə qurban, qadınları çəkmə, ayıbdır.

Bu bazarda ümumi olaraq uzun-uzadı 5-6 sıra var. Adamlar əllərinə əlcək, əyinlərinə sellofan torba keçirib işlərini görürlər. Yerə düzülmüş kisələrin içində ya göyərti, ya da meyvə-tərəvəz var. Yeşiklər görünür. Üstü çadırla bağlı yerlər açılmaq üçün səhəri gözləyir. Sağ tərəfdə qaraja oxşar 10-a yaxın yer var. Oralar da hələ bağlıdır, səhərə yaxın açılacaq. Bazarın hər iki başında nəzarət tərəziləri qoyulub. Zivədən cürbəcür sellofan torbalar asılıb. Saytın adını soruşurlar, kağıza, telefona yazırlar.

Şəklimiz bəs nə vaxt çıxacaq?

Uzağı birisi gün.

Təxminən, 30 dəqiqəyə bazarı ələk-vələk elədik. Ancaq biz hələ səhər 6-ya qədər burdayıq.

Belə soyuq havada zəhmətə qatlaşaraq gecəni bazarda iş başında keçirən bu adamlarla tanış olduqca, bəzilərinin ürəyi dolu olduğu ortaya çıxır. Məsələn, Cəfər kişi (Hüseynov Cəfər). Onun piştaxtasına yaxınlaşırıq. O, ikinci qrup Qarabağ əlilidir. 64 yaşı var.

İyirmi ildən çoxdur burda işləyir. Üç uşağı var. 150 manat təqaüd alır. O, bu bazarda siqaret, şirniyyatlar və çay satır. Yanında elektrik qızdırıcı var. Stolun üstündə iki termos var. “Göydən qar da yağsa, daş da yağsa, burdayıq”- deyir Cəfər kişi. “Bu nə yaşayışdır?” deyə o həyatından, güzəranından gileylənir. Söhbətin axırında belə nəticəyə gəlir: “Dövlətin bundan xəbəri yoxdur”.

Hərəyə bir stəkan çay alıb içirik. Çayın pulunu almaq istəmir, biz də razı olmuruq.

Başqa bir satıcıya – Arif kişiyə (Arif Alıyev) yaxınlaşırıq. Deyir ki, 17 ildir kirayədə yaşayıram.

“Bədbəxt gündəyəm, bununla ev almaq olar?” – deyə göy-göyərtini göstərir.

Burdakı adamların gördükləri iş də, üzləri də, qayğıları da demək olar eynidir.

Bazarda pişiklər dolaşır. Adamlar telefonda musiqiyə qulaq asaraq öz işlərini görürlər. Səs gur çıxsın deyə telefonu başı aşağı fincanın içinə qoyublar.

Bazarda boynubükük, beli əyri, yaşlı bir qadın var. Dinməz-söyləməz adamdır. Evi yoxdur, burda qalır. İşi təmizlik görməkdir, yəni yerdəki sellofan torbaları-filan toplamaq. Ona baxanda adamın ürəyi ağrıyır: görəsən, onun bu cür yaşam tərzi seçməsinə nə səbəb olub, uşaqları yoxdumu? Təəssüf ki, bizlə danışmaqdan imtina etdi.

Saat 3:00-a qədər bazarda gəzişdik. Danışmadığımız, görmədiyimiz satıcı qalmadı. Hava bir az da soyuyub. Ancaq bu soyuğu hiss etməyən biri varsa, o da yerdə yıxılıb qalmış sərxoş. Emin Nihil onun da fotosunu çəkir.

Bazarda 24 saat işləyən kafenin olduğunu görürük. Çay içmək və xörək yemək üçün kafeyə giririk. İçəridə 9-10 stol var. Qarşıda yuxarıda televizor, altında palma yerləşdirilib. Sağ tərəfdə güldan, qarşıda soba qoyulub. Televizorda futbol göstərirlər. İçəridəkilər yarıyuxulu futbola baxırlar.

Saat 5 radələrində bazarda yavaş-yavaş adamlar artmağa başlayır. Arabaçılar fəallaşır. Onların hamısı cavanlardır. Bazarın çıxışında dayanıb yük gözləyirlər. Soyuq olmasın deyə balaca tonqal da qalayıblar. Üzlərindən əzab və kədər yağır arabaçıların.

Saat 5-6 arası bazar canlanmağa başlayır.

Axırıncı dəfə (saat artıq 7-yə işləyir) bazarı dolaşıb oradan çıxırıq. Yağış yağır. Səhər açılmağa başlayır. İndi bircə şey qalırdı: metroya düşüb evə gəlmək və reportajı hazırlamaq.

Elçin İman

Fotolar: Emin Nihil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm