Şahin Mustafayev: "Qarabağdakı İran şirkətlərinin fəaliyyəti dayandırılmalıdır"
Bizi izləyin

Qırmızı.az

Şahin Mustafayev: "Qarabağdakı İran şirkətlərinin fəaliyyəti dayandırılmalıdır"

Bu gün iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının fəaliyyəti, keçirilən görüşlər, imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verir. Bildirilib ki, Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Hazırda iki ölkə arasında neft-qaz, energetika, sənaye, maliyyə-bank, turizm, ticarət, gömrük, meliorasiya sahələrində əməkdaşlıq uğurla davam edir, əczaçılıq, neft-kimya sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Dövlət Komissiyasının Tehranda keçiriləcək növbəti iclasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, tarixi abidələrin, məscid və ibadətgahların, qəbiristanlıqların dağıdıldığını diqqətə çatdırıb. Bir sıra İran şirkətlərinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərdiyini qeyd edən Ş.Mustafayev bildirib ki, İran hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlər görülməlidir.

İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Ə.Rəbii ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Rəhbərlik etdiyi nazirliyin fəaliyyəti barədə məlumat verən Ə.Rəbii iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm