Qonaqpərvərliyimiz, mədəniyyətimiz, mətbəximiz və digər imkanlarımızla turistləri heyran edəcəyik
Bizi izləyin

Qırmızı.az

Qonaqpərvərliyimiz, mədəniyyətimiz, mətbəximiz və digər imkanlarımızla turistləri heyran edəcəyik

“Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi turizm imkanlarını daha da artıracaq. Oyunlara xərclənən puldan daha çox gəlir əldə olunacaq”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov deyib.

Onun sözlərinə görə, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu oyunlar düşünülmüş şəkildə ölkəmizə gətirilib.

“Bu oyunlar ölkəmizdə turizmin inkişafına və həqiqətlərimizin dünyaya daha çox yayılmasına xidmət edəcək. Həmçinin ölkəmizin sülh, əməkdaşlıq və idman ölkəsi olaraq tanıdılması, turizm potensialının inkişafı üçün vacibdir. Ölkə əhalisinin 1 milyon köçkünü, torpaqlarının 20%-nin işğal altında olmasına baxmayaraq, Azərbaycan son 10 ildə turizm baxımından çox böyük inkişaf yolu keçib. Bu tədbirlərin nəticəsində ölkəmizdə otellərin sayı 4 dəfə, turizm şirkətlərinin sayı 5 dəfə, ümum daxili məhsulda turizmin payı 0.9-dan 4.1%-ə qədər artıb. Başqa sözlə desək, bu 50-60 milyon dollardan, 2.5 milyard dollara qədər artım deməkdir. Lakin bu bizi hələ də qane etmir. Çünki ölkəmizin geniş potensialı var. Bundan istifadə edərək ümumi daxili məhsulda neftin çəkisini turizmin böyüməsi hesabına balanslaşdırmaq fikrindəyik. Avropa Oyunları Azərbaycanı biznes, idman turizmi baxımdan mühüm bir mərkəzə çevirmək üçün lazımdır. Son bir ayda Bakıda keçirilən tədbirlərə - Qlobal Bakı Forumuna 30-dan çox ölkə yüksək səviyyədə qatılıb, Asiya İnkişaf Bankının 3 minə yaxın nümayəndəsinin iştirakı ilə Bakı sammiti keçirilib. Mayın 18-19-da Üçüncü mədəniyyətlərarası diaqloq forumu keçiriləcək, burada 112 ölkədən nazirlər, vitse-spikerlər iştirak edəcək. Bütün bu tədbirlər Avropa Oyunları ilə davam edəcək, gələcək illərdə daha fərqli yarışların keçirilməsinə şərait yaradacaq. Gələn il ölkəmizdə dünya sosioloqlarının, kardioloqlarının forumu keçiriləcək. Burada məqsəd ölkəmizdə tədbirlər turizmini inkişaf etdirməkdir”.

E.Aslanovun sözlərinə görə, bu oyunlar üç istiqamətdən ölkə üçün əhəmiyyətlidir. İlk növbədə, turistlər özləri gəlib Azərbaycanla tanış olacaqlar. Daha sonra onlar ölkəmizə valyuta gətirəcək. Üçüncü məsələ ölkənin tanıtımı ilə bağlıdır.

“Bəzi insanlar oyunlara pul xərcləndiyini deyirlər. lakin bu qaçılmaz gerçəklikdir, ölkədə turizmin inkişafını iştəyiriksə, pul xərcləməliyik. Xərclənən pullar sonra ölkəyə geri qayıdacaq. Həmçinin bu oyunlar gələcək üçün atılmış addımdır. Çünki ölkəmizə heç zaman eyni vaxtda 2500 jurnalist gəlməyib. Oyunları işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrinin qabaqcıl elektron, çap mediası və televiziyalarının əməkdaşları akkreditasiyadan keçib. Həmin jurnalistlərin hazırlayacağı material həm də ölkənin təbliğidir. Bu təbliğatın reklam dəyəri Avropa Oyunlarına xərclədiyimiz pulun dəyərindən qat-qat çoxdur. Bunu anlamaq üçün bir az turizmdən anlamaq lazımdır. Bu gün paytaxtın mərkəzində qruplar halında turist görməyimizin başlıca səbəbi Avropa Oyunlarıdır. Onlar indidən bu yarışın keçiriləcəyi ölkə ilə tanış olmaq istəyirlər”.

Onun sözlərinə görə, hazırda hiss olunan turist axını gələcəkdə daha da artacaq.

“Bu gün daha çox diqqətimizi Avropa Oyunlarında ölkəyə gələcək turistlərə yönəltmişik, amma bu təbliğatdan sonra növbəti illərdə ölkəyə gələnlərin sayında artım olacaq. Hazırda bizim ali məktəbin müəllim və tələbələri, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan haqqında imic tədqiqatı aparırıq. Bu işlər həm ölkəmizdə, həm də xaricdə aparılır. Tədqiqatın mahiyyəti Avropa Oyunlarından öncə və sonra xarici ölkələrdə Azərbaycan haqqında təəssüratı öyrənməkdir. Əmin edirəm ki, bu oyunlar müsbət təəssürat yaradacaq. Bu gün Azərbaycan mətbəxi, tarixi, təmizliyi və ictimai asayiş baxımdan bir çox inkişaf etmiş ölkələrlə rəqabət apara bilər. Bunlar içərisində ictimai asayişə xüsusən önəm vermək lazımdır. Bu gün bir sıra inkişaf etmiş ölkələrdə belə axşam saatlarında sərbəst gəzmək mümkün deyil. İrqi, dini ayrı-seçkiliyi, digər insanların təzyiqini, ögey münasibətini görmək mümkündür. Buna görə də ölkəmizə gələcək qonaqları yüksək səviyyədə qarşılayacağıq. Qonaqpərvərliyimiz, mədəniyyətimiz, mətbəximiz və digər imkanlarımızla turistləri heyran edəcəyik”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm