“Vosmoy bazarı”nda mənşəyi məlum olmayan ət müəmması – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Vosmoy bazarı”nda mənşəyi məlum olmayan ət müəmması – FOTOLAR

Paytaxtın Nizami rayonunda fəaliyyət göstərən “8-ci kilometr bazarı”nda mənşəyi məlum olmayan ət aşkarlanıb.

Bu barədə məlumatı və fotoları Publika.az-a bazarın yaxınlığındakı ticarət mərkəzlərindən birində işləyən vətəndaş verib. Onun sözlərinə görə, bir neçə gün öncə bazarda mənşəyi məlum olmayan ət yük arabasına qoyularaq, alqı-satqı mərkəzinin ət satışı hissəsinə gətirilib.

Əməkdaşımıza təqdim edilən fotolardan da göründüyü kimi, bu ətin hansı heyvana məxsus olması məlum deyil.

Hadisənin şahidi olmuş vətəndaş bildirib ki, ət araba vasitəsilə daşınarkən onun parçaları böyük olduğundan bir neçəsi yerə düşüb. Lakin satıcılar heç nə olmamış kimi onları yerdən götürərək yollarına davam ediblər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli Publika.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin faktla bağlı “8-ci kilometr” bazarında araşdırma aparılıb.

“Araşdırma zamanı bəlli olub ki, bazara Dərnəgül, Təzə bazar və digər heyvan kəsim və topdansatış məntəqələrindən gətirilən heyvan cəmdəkləri 4-hissəyə bölünərək şaqqalanmış formada daxil olur. Ətlər bazara xüsusi avtonəqliyyatla gətirilir. Lakin bazarın ət satışı yerinə avtonəqliyyat daxil ola bilmədiyindən cəmdəklərin daşınması xüsusi ayrılmış arabalar vasitəsi ilə icra edilir. Arabalara yüklənən cəmdəklər qaydalara uğun xüsusi örtüklə bükülür və sonra daşınır. Həmin arabalarla digər məhsulların daşınmasına yol verilmir və buna bazar rəhbərliyi tərəfindən xüsusi nəzarət edilir”.

O qeyd edib ki, şəkildə göstərilən formada ətin daşınması baytarlıq-sanitariya qaydalarına ziddir və bu yolverilməzdir.

“Araşdırma zamanı göndərilən şəkillərin burada çəkilməsi şübhə doğurdu. Çünki şəkildə üst-üstə yığılaraq daşınan heyvanın bel sütunudur. Bazara gətirilən iribuynuzlu heyvan cəmdəkləri 4 hissəyə bölünür, xırdabuynuzlu heyvan cəmdəkləri isə bütöv formada daşınır və baytarlıq-sanitariya ekspertiza laboratoriyasının müayinəsindən keçdikdən sonra onun satışına icazə verilir. Bütün bunlara baxmayaraq, bazarda baytarlıq-sanitariya normalarına əməl edilməsi, nəzarətin ciddi formada həyata keçirilməsi bazar rəhbərliyinin və orada fəaliyyət göstərən baytarlıq mütəxəssislərinin diqqətinə bir daha çatdırıldı”.

Gülxar Şərif

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm