Fond sədri 40-dək şikayətçini qəbul etdi
Bizi izləyin

Qırmızı.az

Fond sədri 40-dək şikayətçini qəbul etdi

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mayın 15-də Fondun Yevlax şəhər şöbəsinin inzibati binasında məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

Publika.az xəbər verir ki, Fond sədrinin qəbuluna gələn Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Bərdə, Tərtər, Ağdam və Xocalı rayonlarının sakinləri əsasən pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı həmçinin, əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması və digər məsələlər barədə çoxsaylı təklif və şikayətlər dinlənilib.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunub.

Fondun məsul əməkdaşlarının və Yevlax, Mingəçevir, Naftalan şəhər, Goranboy, Bərdə, Tərtər, Ağdam və Xocalı rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 40-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə Fondun sədri Elman Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayan sakinlər pensiyaçılara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm