İlham Mirzəyev məhkəmədə jurnalistlərə hücum çəkdi
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyev məhkəmədə jurnalistlərə hücum çəkdi

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Publika.az xəbər verir ki, proses başlanılmamışdan əvvəl İlham Mirzəyev jurnalistlərə hücum edib. O, jurnalistləri guya məhkəmə prosesini obyektiv yaymamaqda ittiham edib.

Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “Azercell” mobil operatorundan əldə olunmuş İlham Mirzəyevin telefon danışıqlarına baxış keçirilib. Asif Əliyevin vəkili Cavanşir Süleymanov “Azercell”dən alınmış diskin cinayət işinə əlavə edilməsini istəyib. Vəkil deyib ki, cinayət işinin istintaqını aparan müstəntiqin həmin disklərin cinayət işinə əlavə edilməsi barədə qərarı var. Vəkilin sözlərinə görə, müstəntiq qərar qəbul etsə də, diski cinayət işinə əlavə etməyib.

Dövlət ittihamçısı Rizvan Sultanov da diskin cinayət işinə əlavə edilməsini istəyib. Hakim diskin cinayət işinə əlavə edilməsi barədə qərar qəbul edib. Daha sonra müdafiə tərəfi İlham Mirzəyevin hadisə vaxtı SMS-lər göndərməsini tədqiq edilməsini istəyib. Lakin İlham Mirzəyev və onun vəkilləri buna etiraz edib. İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə deyib ki, həmin SMS-lər şəxsi həyatla bağlıdır: “Buna görə də SMS-lərin məhkəmədə tədqiq edilməsinə ehtiyac yoxdur. İlham Mirzəyev sevgidən, məhəbbətdən yazıb. Bunu cinayət işinə adiyyatı yoxdur”.

Hakim deyib ki, həmin SMS-lər şəxsi həyatla bağlıdır və onların başqa şəxslərin bilməsi mümkünsüzdür. Hakim prosesin qapalı keçirilməsini və həmin SMS-lərin qapalı prosesdə tədqiq edilməsini təklif edib.

Buna İlham Mirzəyev etirazını bildirib. O deyib ki, Asif Əliyevin şəxsi həyatı ilə bağlı bilgiləri var. O, qapalı prosesdə həmin bilgilərin tədqiq edilməsini deyib. Daha sonra iddia edib ki, Asif Əliyevin qohumları ona “elçi” düşüblər: “Mənə deyiblər ki, Asif Əliyevin prokurorluqdan bəraətini alıblar. Asif Əliyevin prokurorluqda himayə edən kimdir? Asif Əliyev də, Cavanşir Süleymanov da, Zakir Qaralov da gürcüstanlıdır. Onlar mənə qarşı birləşiblər. Bu məhkəməni uzatmağın nə mənası var? Istəyirsiz ki, məni öldürsünlər? Mən xaricdə müalicə almağa getmək istəyirəm. Bu məhkəməyə görə, gedə bilmirəm”.

Cavanşir Süleymanov İlham Mirzəyevin yalan danışdığını, prokurorluğu şantaj etdiyini deyib. Hakim İlham Mirzəyevə xəbərdarlıq edib: “Gerbimizə, bayrağımıza hörmət qoyaq. Səs tonunuzu aşağı salın”.

İlham Mirzəyev Asif Əlieyvin vəkillərinin ünvanına təhqir edici ifadələr işlədib. Hakimin nöbvəti xəbərdarlığından sonra Asif Əliyevin digər vəkili Abuzər Mütəllimov deyib ki, İlham Mirzəyevin hərəkətlərinə görə, ciddi xəbərdarlıq olunsun. Vəkilin sözlərinə görə, burada heç kimin təhqir edici ifadələr işlətməsi düzgün deyil. İlham Mirzəyev yenə də səs-küy salmasından sonra hakim yenə də xəbərdarlıq edib: “Biz burda məhkəmə istintaqı aparırıq. Tərəfləri qaydalara riayət etməyə çağırıram. Elə məhkəmə ola bilər ki, bir il çəksin, cinayətin araşdırılmasına ehtiyac var. Biz də istəyirik ki, bu cinayət işi araşdırılsın və obyektiv qərar qəbul edilsin”.

Dövlət ittihamçısı İlham Mirzəyevin səsləndirdiyi ittihamlara cavab verib. O, deyib ki, prokurorluq heç kimin qarşısında öhdəlik götürməyib: “Zakir Qaralov mənim rəhbərimdir və onu da məhkəmədə mən təmsil edirəm. Bu gün İlham Mirzəyevin səsləndirdiyi fikirlər məni təəccübümə səbəb oldu. Burada artıq əskik danışmaq lazım deyil. Gəlin bir-birimizə hörmət edək”.

İlham Mirzəyevin prosesdə yenə də səs-küy yaratması hakimi hövsələdən çıxardı: “Mənim burada qaydanı pozanı 24 saat həbs etmək, cərimə etmək və məhkəmə zalından çıxararaq onun iştirakı olmadan prosesi davam etdirmək səlahiyyətim var. Məni bu səlahiyyətlərimdən istifadə etməyimə şərait yaratmayın”.

İlham Mirzəyevin məhkəmə zalında hərəkətlərini diqqətə çatdıran Abuzər Müttəlimov onun psixi durumunun yoxanılmasına ehtiyac yarandığını deyib. Vəkil bildirib ki, məhkəmə İlham Mirzəyevin barəsində psixi durumunun yoxlanılması üçün ekspertiza təyin edilməsini təklif edib. Hakim vəsatəti təmin etməyib.

Hadisə yerinə baxış keçirilməsi barədə müdafiə tərəfinin verdiyi vəsatətin rədd edilməsi ilə bağlı dövlət ittihamçısı Rizvan Sultanov çıxış edib. İlham Mirzəyev və onun vəkilləri də vəsatətin rədd edilməsini xahiş ediblər. Hakim vəsatəti təmin etməyib.

İlham Mirzəyev hakimi şantaj edib. Onun ittihamına hakim cavab verib: “Mənim valideynimdən və Allahdan başqa heç kimdən qorxum yoxdur. Burada vəzifəmi icra edirəm”.

Bu zaman İlham Mirzəyev Asif Əliyevi kişi olmamaqda ittiham edib. Asif Əliyev isə ona “nakişiyə nə məqsədlə dayın qızını ərə vermişdin?. Yalvara-yalvara qızlarını mənə veriblər.20 yaşında qızı 40 yaşında kişiyə verməklə mülk ələ keçirmək olub ”, -deyə cavab verib.

Bundan sonra İlham Mirzəyevin vəkili Rəna Həsənli mülki iddia ilə bağlı sənədləri məhkəməyə təqdim edib. Vəkil deyib ki, həmin sənədlərdə İlham Mirzəyevin müalicə alması ilə bağlı sənədlər var. Vəkilin sözlərinə görə, İlham Mirzəyev müalicəsinə 51 min manat xərc çəkib. Hakim sənədlərin orijinal deyil, surət olduğuna görə geri qaytarıb və deyib ki, sənədlərin əslini məhkəməyə təqdim etmək lazımdır. Məhkəmə martın 12-də davam edəcək.

Proses başa çatan kimi İlham Mirzəyev Asif Əliyevin zalda olan qohumlarının üstünə hücum çəkib. O, müttəhimin qohumlarının ünvanına təhqir edici ifadələr işlədib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm