Qaz faciəsinin yaşandığı Lökbatandan REPORTAJ - FOTOLAR, VİDEO
Bizi izləyin

Qırmızı.az

Qaz faciəsinin yaşandığı Lökbatandan REPORTAJ - FOTOLAR, VİDEO

Qaradağ rayonu Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsi 20. 115 nəfər qazdan zəhərlənib, 70 nəfərinə yerindəcə ambulator şəraitdə ilkin tibbi yardım göstərilib. 45 nəfəri isə Təcili yardım maşınları ilə Respublika Toksikologiya Mərkəzinə gətirilib. Zərərçəkənlərin 43 nəfəri hospitalizasiya olunub.

Qaz iyi adamın canına hopur

Bildiklərimiz budur. Bilmədiklərimizi öyrənmək üçün fotoqrafımız Elçinlə Lökbatanın yolunu tutduq. Yolumuzun uzunluğu işimizin vacibliyinin önünə keçə bilmədi. Yol boyunca avtobusdakılar demək olar ki, ancaq bu hadisədən danışırdı. Elə bu söhbətlərdən də hadisənin baş verdiyi yeri dəqiqləşdiririk. Nə isə çox uzatmayaq, avtobusdan düşüb, bizə göstərilən istiqamətə gedirik. Ünvanı tapmağımız elə də çətin olmur, bizə istiqaməti isə burnumuz verir. Daha doğrusu, qaz borularından ətrafa yayılan qaz qoxusu. Borulara yaxınlaşdıqca, nə üçün bütün Lökbatanın qaz iyi verdiyini anlayırıq. Bunu təsdiq etmək üçün isə fotoqrafımız borulardan gələn səsi sizin üçün aparatın yaddaşına köçürüb, videodan izləyə bilərsiniz. Biz isə boruları iyləyə-iyləyə, gedəcəyimiz yerə çatırıq. Yol boyu qarşımıza çıxan təcili yardım maşınları hələ də zəhələnmələrin olduğuna bir işarə verir. Həmin maşınlardan birinə yaxılaşırıq, düşüncəmizdə yanılmamışıq. Məlum olur ki, gün ərzində də müraciətlər olub. Xüsusən də, birinci yaşayış massivindən müraciətlər isə daha çoxdur.

İnsanların əksəriyyəti həyətdədir, onlar qorxularından evə girmədiklərini deyirlər, evdə olanların isə pəncərələri açıqdır. Bütün Lökbatan qəsəbəsində hiss olunan qaz qoxusu Vilayət Əsgərov küçəsi 20. Küçəsinin sakinlərinə daha çox təsir edib. Küçədəki 4-5 beşmərtəbəli binanın sakinləri gecəni həyətdə keçirməli olublar, hətta bəzi binaların sakinləri qohumlarının evinə gedib. Söhbət etdiyimiz sakinlər xüsusən azyaşlı uşaqlarını həyət evlərində yaşayan qohumlarının yanına apardıqlarını deyirlər. Evlərində qalanlar isə təlaş içərisindədir. Onların sözlərinə görə, qaz yeni verilsə də, heç kim cəsarət edib istifadə etmir. Çünki yenə dünənki hadisənin təkrarlanmasından qorxurlar. İlk qarşımıza çıxan da dünən hadisə barədə təcili yardıma ilk məlumatı verən xanım olur. Təcili yardıma birinci zəng edən, ailəsində üç nəfər zəhərlənən İradə Məxmərzrayeva hadisəni belə xatırlayır:

Qaz verilib, amma...

“Axşam saatlarına qaz veriləndən bir müddət sonra kəskin qoxunu hiss etdik. Qazın qoxusundan balaca qızım boğuldu, tez onu həyətə çıxarıb, təcili yardıma zəng etdik. Bu zaman qonşumdan da xəbər gəldi ki, qaz qoxusu onlara da təsir edib. Digər qonşuların köməyi ilə onu aşağı endirərkən pilləkəndə özündən getdi. Təcili yardıma zəng edib, onu da yola saldıq. Bundan sonra isə, hamımız həyətə düşdük. Daha sonra uşaqlara yemək gətirmək üçün evə girən gəlinim də özündən getdi. Onu da təcili yardımla göndərdik. Həyətdə də qaz qoxusu çox olduğuna görə, orada da durmaq mümkün deyildi”.

İradə xanım deyir ki, qaz verilib, amma hələ də həmin iy var, ona görə də, qapı-pəncərələri də açıq qoyublar:

“Bu gecə səhərə qədər yatmamışam həyəcandan. Həm qızımdan narahat idim, həm də ümumi qorxum var idi. Soyuq olsa da, pəncərələri bağlamıram ki, yenə zəhərlənərik”.

Qızqayıt xanım qorxudan qazdan istifadə etmədiklərini deyir. Üstəlik, qapı-pəncərəni də açmır. Elə bizimlə danışarkən də qapının açıq qalmasından xeyli narahat idi, buna isə əsaslı səbəbi var, çünki hadisə nəticəsində həm özü, həm də hamilə gəlini zəhərlənib:

“Dünən axşam özündə narahatlıq hissi etdim, təcili yardım burada müayinə etdi, bu gün səhər isə hamilə gəlinimin halı pisləşdi, xəstəxanaya apardıq. Həkimlər deyir, qazdan olub. İndi gətirdik evə, 70 manatlıq resept yazıblar, həkim deyir, uşağı itirmək təhlükəsi var. “Azəriqaz” mənə 70 manat verəcək gəlinimi müalicə edim, yoxsa nəvəmi qoruyacaq. Oturduğumuz yerdə işə düşdük. İmkanım yoxdur o dərmanları almağa.”

Hədiyyə Həsənovagilin evində zəhərlənən olmasa da, azyaşlı uşağını qohumunun evinə göndərib:

“İndi qaz verilsə də, istifadə etməkdən qorxuruq. Yemək bişirmirik, evi də isitmirik, çünki qorxuruq, havada hələ də qaz iysi var. Balaca uşağım var, onu qohumumuzun evinə aparmışıq axşamdan, hələ bir-iki gün orda qalacaq”.

Bir-bir qapıları döyərək, evdə olanların dünənki hadisə ilə bağlı fikirlərini öyrənməkdə davam edirik. Bu zaman isə qarşımıza demək olar ki, dünən axşamın qəhrəmanları çıxır. Düzdür, adlarını açıqlamırlar, səbəb ailə başçısından olan qorxudur. Amma buna baxmayaraq, adının açıqlanmasını istəməyən sakinlərdən biri dünən gördüklərini bizə danışır:

“Qaz kəsilmişdi, gələndən sonra nəsə qoxu hiss elədik. Əvvəl elə bildik ki, kanalizasiya iyidir. Ona görə də, çox fikir vermədik, amma bir anda həyətdə səs-küy başladı. Onda bildik ki, məsələ nədir. Çox dəhşətli idi, sanki zəlzələ olmuşdu, ya da dünyanın sonu idi. Səs-küy, qışqırıq, adam vahiməyə düşürdü. 4-5 binanın sakinlərinin demək olar ki, hamısı həyətdə idi. Biz yaşlı qaynatama görə, düşmədik, amma pəncərədən baxırdıq. Hamı ora-bura qaçır, təcili yardım maşınlarının biri gedib, biri gəlirdi. Gecə saatlarına qədər təcili yardım, polislər, Fövqəladə Hallar Nazirliyinin maşınları həyətdə qaldı. FHN-in işçiləri bütün sakinlərə qatıq payladılar, polislər məcburi qapıları döyüb hamıya verirdilər. Hətta biz dedik ki, evdə var özümüz içərik, yenə də verdilər. Bir az olar ki, qaz verilib, yemək bişirib söndürmüşük. Düzdür, qaz idarəsinin işçiləri baxdılar, icazə verdilər işlətməyə. Yalnız yemək bişirmək üçün, evi isitmək üçün istifadəsini məsləhət görmədilər”.

Az qalsın biz də xəstəxanalıq olurduq...

Reportaj sırasında havadakı odaran qazı bizə də təsir etdi. Çünki bütün bloklarda bizi qaz qoxusu qarşıladı. Ağız-burnumuzu bağlamadan içəri girə bilmirdik. Amma sakinlərlə söhbət zamanı ağzımızı açmalı olurduq, bu zaman isə adoran bizdən də təsirsiz ötüşmədi. Bina sakinlərinin ilkin yardımı - bir stəkan qatıq - bizi zəhərlənmədən xilas etdi. Fotoqrafımız bütün yolu soyuq qatığın, adorandan daha təhlükəli olmasından şikayətlənsə də, qatıq bizi xilas etdi. Əslində bu faktın özü də binada qaz sızıntısının olduğunu göstərirdi. Yoxsa elə sakinlərin də dediyi kimi, “nə üçün ancaq həmin 4-5 binanın sakinləri daha çox zəhərlənmişdi?”, axı digər binalara verilən qazın da tərkibində adoran maddəsinin miqdarı çox verilmişdi.

Kimin səhlənkarlığıdır?

“Azəriqaz” əməkdaşları evlərə baş çəkib, hər şeyin yaxşı olduğunu desələr də, müşahidələrimiz bina sakinlərinin hələ də təhlükədə olduğundan xəbər verirdi. Elə bir-birinin ardınca gələn təcili yardım maşınları da bu faktı təsdiqləyirdi. “Azəriqaz” IB-nin sabiq idarə rəisi Nüsrət Qasımov Publika.az-a açıqlamasında ARDNŞ gərək abonentlərə verilən təbii qazın tərkibinə nəzarət etməli olduğunu dedi: “Abonentlərə verilən təbii qazın tərkibinə mütləq etilmerkaptan maddəsi vurulmalıdır ki, qaz sızması olanda insan bunu hiss etsin. Bu maddə təbii, məişət və yanmış qazların tərkibinə odorant - xüsusi qoxuverici kimi vurulur. Onun çox kəskin qoxusu var, bir növ lax yumurta iyi verir. Qaz sızması, qazın düzgün yanmaması zamanı bu qoxu insanları duyuq salır. Qışda qazın hər 1000 kubmetrində 16 mq, yayda isə 8 mq həmin maddədən olmalıdır. Doza bundan artıq olarsa, zəhərlənmə, hətta ölüm halları baş verə bilər. Qazpaylayıcı stansiyalarda oturan növbətçi operatorun səhlənkarlığı, ya da naşı olması üzündən baş verə bilər, amma bu əlbəttə ki, araşdırılmalı və məsuliyyətə cəlb olunmalıdır.

“Azəriqaz” qazı ötürür, Qaradağdakı qaz emalı zavodun orada qaz emal olunur, sonra qazpaylayıcı stanasiyaya ötürülür, odonatı da stansiyada vururlar. Baş vermiş hadisədə məsuliyyət qazpaylayıcı stansiyanın üzərinə düşür. Qazpaylayıcı sistemlərdə avtomatik qurğu olmalıdır və borunun en kəsiyindən keçən qazın miqdarını hesablamalı, ona uyğun da odonat vurulumalıdır. Görünür bu bizdə əl ilə idarə olunur, primitivdir və nəticə də faciəvi olur. 1962-ci ildən qaz təsərrüfatı sistemində çalışıram. Həmin dönəmdə ayda bir dəfə evlərdə yoxlamalar aparırdıq. İndi vaxtı azaldıb 6 aydan bir ediblər. Bu müddət ərzində də abunəçi qaz xətlərində istədiyi dəyişikliyi edir. Məişət qazının tərkibində metan, etan, propan və butan var. Bu maddələr normal şəraitdə yanma qabiliyyətinə malikdir və yanma zamanı hər hansı zərərli maddələr buraxılmır. Ancaq bir çox insanlar real təhlükədən ya bixəbərdir, ya da ehtiyat tədbirlərinə əməl etmək istəmirlər. Odorant zəhərli maddədir və artıq verilən zaman zəhərlənməyə, hətta ölüm hallarına səbəb olur”.

Gülxar Şərif

FOTOLAR: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm