Azərbaycanda MERS virusu ilə bağlı XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda MERS virusu ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda təhlükəli MERS virusuna yoluxma halı aşkarlanmayıb.

Bu barədə Publika.az-a Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi Təhlükəli Yoluxucu Xəstəliklərin Epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova bildirib.

Onun sözlərinə görə, hazırda bu virusun Azərbaycana keçməsinin qarşısını almaq üçün profilaktik tədbirlər görülür:

“Qabaqlayıcı tədbirlər odur ki, sərhəd keçid məntəqələrində, hava limanlarında hərarətli xəstələrin üzərində müşahidə aparılır. Bundan başqa, əhali arasında maarifləndirmə işləri aparılır. Bu işdə bizə jurnalistlər də kömək edirlər. Biz əlimizdən gələni edirik ki, belə xəstələr olmasın. Əgər xəstələr olarsa, həm izolyasiya və qospitalizasiya etməyə bizdə hər cür şərait var. Artıq bununla bağlı Taun Əleyhinə Stansiyaya Səhiyyə Nazirliyi tərəfindən tapşırıqlar verilib”.

Azərbaycanda virusa yoluxma halının aşkarlanmadığını deyən R. İsmayılovanın sözlərinə görə, xəstəliklə bağlı müayinə üçün müraciət edən də olmayıb. Amma Taun Əleyhinə Stansiyanın laboratoriyasında MERS virusunun yoxlanılması üçün testlər, avadanlıqlar var və işçilərə bununla bağlı müvafiq təlimlər keçilib.

Qeyd edək ki, xəstəliyin inkubasiya dövrü 7-14 gündür. Virusa yoluxan insanda ilk gündən qripəbənzər əlamətlər, hərarət, öskürək, təngnəfəslik müşahidə olunur. Bu virusdan qorunmaq üçün əhalinin sıx olduğu yerlərdə mümkün qədər kənar durmaq, gigiyenik qaydalara əməl etmək, əlləri tez-tez yumaq, çirkli əllərlə ağıza, gözə və buruna toxunmamaq, dezinfeksiyaedici salfetlərdən istifadə etmək lazımdır.

Xatırladaq ki, hazırda Cənubi Koreyada MERS virusa yoluxanların sayı 183 nəfərə çatıb. Yoluxanların 33 nəfəri isə dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, ilk dəfə bu xəstəliyə yoluxma halı 2012-ci ildə Səudiyyə Ərəbistanında aşkarlanıb və daha sonra Cənubi Koreyada kütləvi şəkildə yayılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm