“Zamanınızı mənasız işlərə və ya verlişlərə ayırmayın!” – Qənirə Paşayeva məktəblilərə səsləndi
Bizi izləyin

Qırmızı.az

“Zamanınızı mənasız işlərə və ya verlişlərə ayırmayın!” – Qənirə Paşayeva məktəblilərə səsləndi

Millət vəkili Qənirə Paşayeva C.Sadıqov adına Qədirli kənd orta məktəbinin müəllim və şagirdləri ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə millət vəkili bildirib ki, C.Sadıqov adına Qədirli kənd orta məktəbi Tovuzun yaxşı təhsil ənənələri olan məktəblərindən biridir və bunda fədakar müəllimlərimizin böyük rolu var.

Məktəb binasının vəziyyətinin təhsil üçün yaxşı vəziyyətdə olmadığını deyən millət vəkili Qədirli və Cilovdarlı kəndlərinin ikisinin sadəcə bir məktəb binasına sahib olması, məktəbin ağır vəziyyətdə olması, kənd orta məktəbinin yeni binasının tikintisi üçün hökumətə, baş nazir cənab Artur Rəsizadəyə və təhsil nazirinə müraciət etdiyini və problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra təkrarən təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini də vurğulayıb.

Müəllimlərin fikir və qayğılarını dinləyib fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bu ilin qəbul göstəricilərinin ötən illə müqayisədə daha da yaxşı olacağına inandığını deyib. Q.Paşayeva bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər.

Millət vəkili qeyd edib ki, gənclər arasında zərərli vərdişlərə - narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir, ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür.

Millət vəkili məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət edib. O, uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili Qənirə Paşayeva gənclər arasında kitaba, elmə meyilliyin artması istiqamətində də onlarla söhbət edib və suallarını cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verlişlərə ayırmamağa çağırıb.

Məktəbin direktoru Arif Quliyev çıxış edərək məktəbdə təhsilin vəziyyəti, əldə olunan uğurlar və yaxınlaşan qəbul imtahanlarında ötən illə müqayisədə daha da yaxşı nəticələr gözlədiklərini deyib. Müəllimlər Qədirli kənd orta məktəbinin binasının köhnə olması, təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması, yeni məktəb tikintisinə və ya indiki binanın təcili əsaslı təmirinə böyük ehtiyacı olduğunu, millət vəkili Qənirə Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürünü bildirməklə yanaşı, bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da bir millət vəkili olaraq dəstəyini əsirgəməməsini xahiş ediblər.

Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllim və şagirdlərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm