"Qəbələ" Konfrans Liqasını qələbə ilə tərk etdi, amma... - YENİLƏNDİ
Bizi izləyin

Qoroskop

"Qəbələ" Konfrans Liqasını qələbə ilə tərk etdi, amma... - YENİLƏNDİ

"Qəbələ" və Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Publika.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Avstriyalı referi Kristofer Yegerin idarə etdiyi oyun meydan sahiblərinin sürətli hücumları ilə başlayıb. Komandanın yeni transferi Felipe Santos qısa zaman kəsiyində iki əlverişli imkanı qaçırıb. 5-ci dəqiqədə "sambaçı"nın zərbəsi qapının yanından keçibsə, 15-ci dəqiqədə rəqib qapıçı Daniel Kovaç onun təkbətəkdən fərqlənməsinə imkan verməyib.

Rəqib isə ilk real qol imkanını 22-ci dəqiqədə yaradıb. "Qəbələ"nin kapitanı Asif Məmmədovdan topu "oğurlayan" Klaudiu Bumbanın zərbəsi qapıdan aralı keçib.

27-ci dəqiqədə isə meydan sahiblərinin futbolçusu Rafael Utziqin iti bucaq altından vuruşunda azacıq dəqiqlik çatışmayıb.

31-ci dəqiqədə isə "Fehervar" real şansı qaçırıb. Künc zərbəsindən sonra Nikola Serafimovun zərbəsi qapı tirinə tuş gəlib.

34-cü dəqiqədə isə "Qəbələ" hesabı açıb. Rövlan Muradov kombinasiyalı hücumdan sonra topu uzaq küncə göndərib - 1:0.

Bundan az sonra İsnik Aliminin Klaudiu Bumbaya qarşı kobud oynadığını bildirən referi penalti təyin edib. Lakin 41-ci dəqiqədə topa yaxınlaşan Loik Neqo zərbəni qapının üstündən vurub.

Əvəzində 44-cü dəqiqədə Bumbanın ötürməsindən sonra Budu Zivzivadze bərabərlik qoluna imza atıb - 1:1.

Beləliklə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə çıxıblar.

İkinci hissənin əvvəllərində də "Qəbələ" fəal təsir bağışlayıb. 51-ci dəqiqədə meydan sahiblərinin hücumu zamanı Ruan Renatonun zərbəsi qapı dirəyinə tuş gəlib.

65-ci dəqiqədə isə "Fehervar"ın hücumu zamanı künc zərbəsindən sonra rəqib komandanın kapitanı Attila Fiolanın başla zərbəsində eyni hal baş verib.

Bundan 1 dəqiqə sonra meydan sahiblərinin hücumunu Rafael Utziqin baş zərbəsi ilə tamamlanıb. Lakin top qapıçının üstünə gedib.

70-ci dəqiqədə isə Muradovun cərimə zərbəsindən endirdiyi top qapı tirini hədəf alıb. Bundan 1 dəqiqə sonra onun yerinə yetirdiyi növbəti cərimə zərbəsindən sonra qapı qarşısında topa toxunan olmayıb.

73-cü dəqiqədə isə Felipe Santos əks-hücum zamanı rəqib müdafiəçiləri də keçərək, təkbətəkdən fərqlənməyi bacarıb - 2:1.

Qalan dəqiqələrdə "Qəbələ"nin fərqi artırmaq, "Fehervar"ın isə yenidən bərabərlik qolunu vurmaq üçün cəhdləri nəticə verməyib. İlk matçda Macarıstan təmsilçisi 4:1 hesabı ilə qalib gəldiyi üçün iki oyunun yekununda 2:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb. Bununla belə, "qırmızı-qaralar" ölkə aktivinə 0,250 xal yazdırmağı bacarıb.

xxx

21:30

"Qəbələ" komandası Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda yenidən önə keçib.

Publika.az xəbər verir ki, 73-cü dəqiqədə yeni transfer Felipe Santos qapıçı ilə təkbətəkdən sonra fərqlənməyi bacarıb - 2:1.

xxx

21:02

"Qəbələ" və Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Publika.az xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir - 1:1.

34-cü dəqiqədə Rövlan Muradovun vurduğu qola 44-cü dəqiqədə Budu Zivzivadze cavab verib. 41-ci dəqiqədə isə "Fehervar"ın futbolçusu Loik Neqo penaltidən yararlana bilməyib.

xxx

20:47

"Qəbələ" və Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ilk yarı başa çatıb.

Publika.az xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

xxx

20:44

Macarıstan "Fehervar"ı "Qəbələ" ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda bərabərlik qolunu vurub.

Publika.az xəbər verir ki, 44-cü dəqiqədə Budu Zivzivadze əks-hücum nəticəsində topu meydan sahiblərinin qapısından keçirib - 1:1.

Bundan 3 dəqiqə əvvəl isə "Fehervar"ın daha bir futbolçusu Loik Neqo penaltidən yararlana bilməyib.

xxx

20:33

"Qəbələ" və Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, 33-cü dəqiqədə Rövlan Muradov topu uzaq küncə göndərib - 1:0.

xxx

20:00

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” dogma meydanda Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşır.

Publika.az xəbər verir ki, matçda start fiti səslənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm