• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

“Qollarını kəsdik və kəsməkdə davam edəcəyik” - Ərdoğanın İstanbul mitinqindən REPORTAJ

“Qollarını kəsdik və kəsməkdə davam edəcəyik” - Ərdoğanın İstanbul mitinqindən REPORTAJ

Dünən İstanbulda 15 iyul Türkiyədə dövlət çevrilişinə cəhdin 2-ci ildönümü münasibətilə 15 İyul Şəhidləri Körpüsündə 10 minlərlə insanın iştirakı ilə anım mitinqi keçirildi.

Teleqraf.com-un Türkiyəyə ezam edilən əməkdaşı da mitinqdə iştirak edib.

Əməkdaşımızın verdiyi məlumaata görə, saat 19:00-da mitinqin keçirildiyi 15 İyul Şəhidləri Körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb, polis təhlükəsizlik tədbirləri həyata keçirib.

Aksiya körpünün Asiya hissəsində baş tutub. Mitinqdən öncə ciddi təşkilati işlər həyata keçirilib, xüsusi səhnə qurulub. Aksiyanın ön cərgəsində dövlət və hökumət nümayəndələri, deputatlar, sabiq nazirlər, ölkə ziyalıları və mədəniyyət nümayəndələri dayanıb.

Prezident Rəcəb Tayyub Ərdoğan aksiyada iştirak etmək üçün nahardan sonra Ankaradan İstanbula gəlib. Mitinq başlamazdan əvvəl prezident və hökumət nümayəndələri aksiyanın keçirildiyi körpünün ətrafında qurulan 15 İyul Şəhidləri Kompleksini ziyarət edib, şəhidlərin şərəfinə ucaldılan abidə ətrafında namaz qılıblar.

Aksiya başlamazdan əvvəl mitinqin aparıcı 15 iyul dövlət çevrilişinə cəhdin qarşısını alarkən şəhid edilən 251 şəhidin adını bir-bir çəkib, aksiya iştirakçıları isə hər şəhidin adı çəkilərkən “burdadır” deyərək qarşılıq veriblər. Bununla da türk xalqı 251 şəhidin ölmədiyini, onların qəlblərdə əbədi yaşadığını ifadə ediblər.

Türkiyə saatı ilə 21:00-da Prezident Rəcəb Tayyub Ərdoğan mitinqdə çıxış edib.

Prezident deyib ki, 15 iyul demokratiya və milli həmrəylik günü münasibətilə təkcə Ankara və İstanbulda deyil, Türkiyənin 81 vilayətində tədbirlər keçirilir. Dövlət başçısı 15 iyul gecəsi FETÖ-çu alçaqlar qarşısında öz qanları ilə dastan yazan, ölkənin müstəqilliyinə, vətənə və dövlətə sahib çıxan bütün şəhidlərə Allahdan rəhmət diləyib. 15 iyul gecəsi haqqında danışarkən prezident qazilərə ölkə və millət adından minnətdarlığımı bildirib:

“Bu gün həm dərin kədəri, həm də böyük bir qüruru daxilən hiss edirik. Bir tərəfdən 251 nəfər vətəndaşımızı bir gecədə itirməyin acısını yaşayırıq, digər tərəfdən isə demokratiyaya sahib çıxılmasının, dirənişə imza atılmasının qürurunu yaşayırıq. Bir tərəfdən 16-17 yaşlı fidanların həyatını itirməsinin itkisini, digər tərəfdən vətənimizin xilas olmasının iftixarını yaşayırıq. Bədəl ödəmədən heç bir uğur əldə edilmir. Tarix boyu qazandığımız hər uğurun arxasında bir kədər olub. 15 iyul qələbəsi həmin gecədə qırıcı təyyarələrə və tanklara meydan oxuyan millətimizin qələbəsidir. O gecə türk milləti öz cəsarəti və mübarizliyi ilə Çanaqqala zəfəri ruhunun hələ də həyatda olduğunu göstərdi. FETÖ-nun ölüm saçan silahları qarşısında millətimiz canından və qanından daha çox dəyər verdiyi övladlarından keçdi, bu vətənə çirkli əllərin dəyməsinə imkan vermədi. Bir əsr əvvəl "Ya istiqlal, ya ölüm" şüarı ilə istiqlal mübarizəsini uğurla başa çatdıran türk milləti 15 iyulda da "Bu gün vətənə sahib çıxmaq gecəsidir" şüarı ilə qiymaçıları məğlubiyyətə uğratdı. Yüz il əvvəl Anadolunu işğlaçılara təslim etməyən igidlərin nəvələri 15 iyulda da FETÖ-çu alçaqlara öz yerini göstərdi. Bu millət FETÖ-çular vasitəsilə Türkiyəni işğalçıların nəzarətinə keçməsinə imkan vermədi. Mən bu millətin bir fərdi olmaqdan şərəf hissi keçirirəm”.

“Nə yaxşı ki, Allahın bu mübarizədə bizə millətə ağalıq deyil, xidmət göstərməyi nəsib edib. 15 iyul millətin xəyanətə, cəsarətin pisliyə qalib gəldiyi gündür və bu gün tarixə qızıl hərflərlə yazılıb. Bu mübarizənin və qələbənin memarı 81 milyonluq xalqımızdır”, - Prezident nitqində deyib.

Rəcəb Tayyub Ərdoğan bildirib ki, hazırda Moskvada, eləcə də qərb ölkələrində 15 iyul çevrilişinə xain cəhdlərlə bağlı tədbirlər keçirilir:

“15 iyul hadisələri Türkiyə qarşısında yeni qapılar açıb. 15 iyul həm də terrora qarşı ciddi mübarizənin başlanğıcı oldu. Hər kəs əmin olsun ki, FETÖ-nun kökünü tamamilə kəsəcəyik. İndiyədək həm ölkə daxilində, həm də ölkə xaricində FETÖ-yə qarşı uğurlu əməliyyatlar həyata keçirtmişik. Türkiyədə və xarici ölkələrdə dövlətimizə qarşı xəyanət planlarını beşiyində boğduq. Türkiyə sərhədləri yaxınlığında terrorçuların kökünü kəsdik. Bununla əlaqədar “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları həyata keçirdik. “Zeytun budağı” əməliyyatı zamanı 4600 terrorçunu məhv etdik. Bu il ölkə daxilində həyata keçirilən əməliyyatlar nəticəsində 1400 terrorçu zərərsizləşdirilib”.

Prezident deyib ki, 15 iyul hadisələri kimlərin Türkiyənin dar günündə dostu olduğunu isbat edib:

“O gecə bizim üçün dua edənlərlə FETÖ-nun qələbəsini arzulayanları heç zaman yaddan çıxartmayacağıq. Biz xuntaçılara dəstək verənlərlə demokratiyaya dəstək verənləri heç zaman tərəzinin eyni gözünə qoymayacağıq. Ölkəmizdən qaçan FETÖ-çulara dəstək verən qüvvələri yaddaşımızdan silməyəcəyik. Açıq deyirəm ki, kimin harada və necə gəzib-dolaşdıqlaarını çox yaxşı bilirik. Kimin kimlərlə iş birliyində olduğunu da kifayət qədər dəqiq görürük. Ümidlərini FETÖ-çu xuntaçılara bağlayanları, 15 iyul gecəsi hadisələrin məcrasının dəyişməsindən sonra necə məyus olduqlarını yaxşı bilirik. İlk andan çevrilişə qarşı da münasibətini ortaya qoyanları nəzərə alırıq və bundan sonra da alacağıq. İstər ölkə daxilində, istərsə də ölkə xaricində FETÖ ilə mübarizəmizi fasiləsiz davam etdirəcəyik. Azərbaycandan iki, Ukraynadan da 2 FETÖ-çu ölkəmizə gətirildi. Ölkə xaricində olan FETÖ-çuları bir-bir ölkəyə gətirəcəyik. Pensilvaniyada oturan terror başçısının qollarını artıq kəsdik və belə davam edəcək. Biz əsla 15 iyulu unutmadıq və unutdurmağa da imkan verməyəcəyik”.

Prezidentin çıxışından sonra Türkiyənin yeni hökumət üzvləri səhnəyə dəvət olunub. Həmçinin qardaş ölkənin sabiq baş nazirləri Tansu Çillər və Əhməd Davudoğlu da səhnəyə dəvət olunanlar arasında olub. Onlar səhnədə çevriliş günü şəhid edilənlərin ruhuna dualar oxuyublar. Mitinq gecə saatlarına qədər davam edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR