50 min məhkumla bağlı əfv fərmanı veriləcək
Bizi izləyin

Region

50 min məhkumla bağlı əfv fərmanı veriləcək

İranda 50 min məhkumla bağlı əfv fərmanı imzalanacaq.

Publika.az xəbər verir ki, bunu İran məhkəmə sisteminin rəhbəri Sadiq Amoli Laricani məhkəmə orqanlarının yüksək vəzifəli şəxsləri ilə görüşündə deyib.

Laricani bildirib ki, əfv fərmanı İranda axund rejiminin qurulmasının 40-cı il dönümü ilə əlaqədar olaraq tətbiq ediləcək. O, əfvlə bağlı təklifləri “dini lider” Xamneyiyə göndərdiyini və onun da bunu qəbul etdiyini bildirib.

Laricani iddia edib ki, bəziləri bu “böyük addım”a kölgə salmaq istəyirlər: “Bu insanlar siyasi məhbusların da əfv edilməsini istəyirlər. Halbuki bizim siyasi məhbus adı altında məhkumumuz yoxdur. Kimsə ölkə təhlükəsizliyinə qarşı addım atsa, bu cinayət hesab edilir və cinayət işi başladılır. Qanunda siyasi cinayətlə bağlı da müddəalar və bu növ cinayətlərin araşdırılması ilə bağlı mexanizmlər mövcuddur. Amma hazırda İranda bu cür cinayətlə tutulan məhkum yoxdur”- deyə İran məhkəmə sisteminin rəhbəri əlavə edib.

Sadiq Laricani İranda tənqidin vəziyyətinə də toxunaraq, ölkəsində “heç kimin tənqidə görə tutulmadığını” deyib. Onun fikrinə görə, İranda yalnız ölkə rəhbərliyini və müqəddəsləri “təhqir etdiyinə” görə həbs edilənlər var.

Xatırladaq ki, beynəlxalq insan haqları təşkilatları dəfələrlə İranda siyasi məhbusların mövcud olduğunu bildirib və rəsmi Tehrandan onların dərhal, qeyd- şərtsiz azad etməsini tələb ediblər. İranlı rəsmilər hər zaman ölkədə siyasi məhbusların olduğunu danmağa, onları “ölkə təhlükəsizliyinə xələl yetirən cinayətkarlar” kimi təqdim etməyə çalışır. İranda siyasi əqidələrinə və hökuməti tənqid etdiyinə görə həbs edilən bu şəxslərə qarşı məhkəmələrdə “milli təhlükəsizlik əleyhinə çalışma”, “ictimai nizamı pozma”, “xalqı itaətsizliyə təşviq etmə” və s. bu qəbildən olan qondarma ittihamlar irəli sürülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm