Allahverdi Bağırovun dəhşətli işgəncələrdən xilas etdiyi Xocalı sakini 19 yaşlı həyat yoldaşından danışdı - FOTO
Bizi izləyin

Tarix

Allahverdi Bağırovun dəhşətli işgəncələrdən xilas etdiyi Xocalı sakini 19 yaşlı həyat yoldaşından danışdı - FOTO

Türkiyə mediası Xocalıda törədilən dəhşətlərin anım günündə soyqırımı ilə bağlı geniş materiallar dərc edib.

Publika.az xəbər verir ki, Xocalı sakini Valeh Hüseynov “Anadolu” agentliyinə Xocalının işğalı və əsirlikdə yaşadığı işgəncələr barədə danışıb.

“Qocaları, qadın və uşaqları Qarqar çayından keçirdik. Qaranlıqda meşəlik ərazidən keçdik. Bir müddət sonra qarşımızı kəsdilər və atəş açdılar. Çox sayda məsum insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Hadisədən 5 gün əvvəl evləndiyim 19 yaşlı həyat yoldaşım güllə yarası alaraq şəhid oldu. Bəziləri qaçmağı bacardı, amma mən həyat yoldaşımın cəsədini orada qoymaq istəmədim. Nəticədə ermənilərə əsir düşdüm.

Gitara çalırdım. Bunu öyrəndikdən sonra öncə barmaqlarımı qırdılar. Daha sonra dırnaqlarımı çıxardılar. Əlimi isti sobaya basaraq yandırdılar. 27 gün cəhənnəm həyatı yaşadım əsirlikdə. Amma ölmədim. Ağdam bölgəsinin komandirlərindən Allahverdi Bağırovun yardımı ilə əsirlikdən xilas oldum. Məni 3 erməni girov ilə dəyişdirdilər. Onların vəziyyəti çox yaxşı idi. Mən isə yara içində idim. Ayaqüstə dayana bilmirdim”.

V.Hüseynov o dövrdə aldığı fiziki yaraların tam olmasa da sağaldığını, lakin mənəvi yaraların ancaq Dağlıq Qarabağın işğaldan xilas edilməsindən sonra sağalacağını deyib.

Qeyd edək ki, 1991-ci ildə Qarabağın paytaxtı kimi qəbul edilən Xankəndi şəhərini işğal edən ermənilərin növbəti hədəfi bölgənin yeganə hava limanına sahib şəhəri olan Xocalını işğal etmək olub. 25 fevral 1992-ci ildə gecə saatlarından etibarən Xocalı şəhərini 10 nöqtədən mühasirəyə alan və hücuma keçən erməni daşnakları 2 min 605 ailənin yaşadığı bölgəni viran qoyub. Şəhəri 2 saat top və tank atəşi altında saxlayan ermənilər fevralın 26-na keçən gecə Xocalı qətliamını törədib.

Rəsmi rəqəmlərə görə, Xocalıda 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər vəhşicəsinə öldürülüb. 487 nəfər müxtəlif xəsarətlər alıb. 8 ailə tamamilə məhv edilib. 130 uşaq valideynlərindən birini, 25 uşaq hər ikisini itirib. 275 nəfər əsir düşüb. Xocalının işğalı Azərbaycan dövlətinə 170 milyon dollar zərər vurub.

***

Cənubi Koreyanın aparıcı qəzetləri və internet portalları, o cümlədən, “The Korea Post”, “The Seoul Times”, “The Korea Times” erməni silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş məqalələr dərc edib.

“The Korea Post” qəzetində “Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi zamanı azərbaycanlılara qarşı törədilmiş soyqırımı” başlığı altında məqalə yayımlanıb.

Məqalədə deyilir: “Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi zamanı dinc azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımı cinayətidir. Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşir. Xocalının strateji əhəmiyyəti onun bölgənin əsas magistral yollarının kəsişməsində yerləşməsi ilə əlaqədardır, eyni zamanda, Dağlıq Qarabağ bölgəsindəki yeganə hava limanı da burada yerləşir. 1992-ci il fevral ayının ikinci yarısında Xocalı Ermənistan hərbi birləşmələri tərəfindən tamamilə mühasirəyə alındı ​​və yerli mülki şəxslərin mühasirəni pozmaq cəhdləri dəf edildi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq mühasirəyə alınmış Xocalı şəhərinin mülki əhalisinə ağır hərbi texnikalarla hücum edərək onları misli görünməmiş vəhşiliklə qətlə yetirdilər və şəhəri yerlə yeksan etdilər. Təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı cinayət nəticəsində 613 mülki şəxs: 63 uşaq, 106 qadın və 70 ağsaqqal etnik zəmində vəhşicəsinə qətlə yetirildi.

Xocalı sakinlərinin başı kəsildi, gözləri çıxarıldı, dərisi soyuldu və diri-diri yandırıldı. Qaçmağa çalışanlar yollarda və meşələrdə pusqu quran erməni qoşunları tərəfindən xüsusi qəddarlıqla öldürüldülər.

Xocalı soyqırımı Ermənistan Respublikasının rəhbərliyi tərəfindən təşkil edilib, Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağdakı erməni terror qrupları və Xankəndində yerləşdirilmiş keçmiş SSRİ ordusu tərəfindən həyata keçirilib.

Cinayətlərini gizlətməyə çalışan faşistlərdən fərqli olaraq, Xocalı soyqırımının günahkarları mülki azərbaycanlılara qarşı vəhşicəsinə törədilən cinayət əməlləri ilə özlərinə haqq qazandırdılar və öyündülər. Qırğında birbaşa iştirak edən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın sözləri bunu etiraf edir: “Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar olduğunu düşünürdülər. Bu stereotipi qıra bildik”.

Xocalı faciəsindən bir neçə gün sonra soyqırımı dünyanın tanınmış "Sunday Times", "Financial Times", "Times", "İzvestiya", "Le Monde", "Crual L'Eveneman" kimi xarici xəbər agentliklərində dərc olunub. Agentliklər Xocalı qırğınının şahidi olmuş insanların xatirələrini dünyaya çatdırıb. "Times" qəzeti 4 mart 1992-ci il tarixində yazırdı: "... Çox adam öldürüldü və onlardan geriyə yalnız bir kiçik qızın başı qaldı".

1994-cü ildə Milli Məclis 26 fevral - “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi. Hər il 26 fevral tarixində Azərbaycan xalqı bir dəqiqəlik sükutla Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edir.

Xocalı şəhərində törədilən cinayətlərin xarakteri və ağırlığı 9 dekabr 1948-ci ildə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada göstərilən soyqırımı sözünün tərifinə tam uyğundur.

Xocalı tarixdə dərin və utancverici izlər olaraq qalan Katın, Lidice, Oradour-sur-Glane, Holokost, Songmy, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən fərqlənmir.

Bununla yanaşı, bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən "Xocalıya Ədalət" Beynəlxalq Maarifləndirmə Kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

Bir neçə beynəlxalq təşkilatlarla yanaşı, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalıdakı qırğını artıq tanıyıblar.

Bundan əlavə, ABŞ-ın Massaçusets, Texas, Nyu-Cersi, Men, Nyu-Meksiko, Arkanzas, Corcia, Oklahoma, Tennessi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Qərbi Virciniya, İndiana, Yuta, Nebraska ştatları, 22 ştatın qanunverici orqanları, Havay, Montana, Arizona, Aydaho və Nevada müvafiq qətnamələr qəbul edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm