Türkiyədə COVID-19-la bağlı qadağalar yenidən SƏRTLƏŞDİRİLDİ
Bizi izləyin

Region

Türkiyədə COVID-19-la bağlı qadağalar yenidən SƏRTLƏŞDİRİLDİ

Türkiyədə COVID-19-a yoluxma və bu xəstəlikdən ölüm hallarının kəskin artması pandemiya ilə bağlı qadağaların yenidən sərtləşdirilməsinə səbəb olub.

Publika.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ölkənin Nazirlər Kabinetinin növbəti iclasında bir sıra qərarlar qəbul edilib.

Ramazan ayını əhatə edəcək yeni qaydalara əsasən, xüsusilə qarşıdan gələn iki həftə ərzində bütün ölkəni əhatə edəcək qismən qapanma nəzərdə tutulur. Belə ki, Türkiyənin 58 vilayətində tətbiq olunan həftəsonu qadağası bu müddət ərzində bütün vilayətlərə şamil ediləcək. Ölkədə həftə içi hər gün axşam saat 19:00-dan səhər saat 05:00-dək “Evdə qal” məhdudiyyəti tətbiq olunacaq. Bu saatlar ərzində təcili hallar istisna olmaqla əhalinin şəhərlərarası hərəkəti də müvəqqəti qadağan olunur.

Bundan əlavə, ölkədə toy, nişan kimi kütləvi tədbirlərin keçirilməsi Ramazan bayramınadək təxirə salınır. Kütləvi tədbirlərə imsak və iftar yeməklərinin birgə təşkili də daxildir. Ramazan ayı boyunca kafe, restoran, idman zalları və bu kimi digər içtimai iaşə obyektlərinin də fəaliyyəti müvəqqəti dayandırılır. Kiçik yeməkxanalar isə günün müəyyən saatlarında müştərilərə paket servisi şəklində xidmət göstərəcək.

Bu müddət ərzində yaşı 65-dən yuxarı və 18-dən aşağı olanların ictimai nəqliyyatdan istifadəsi qadağan edilir.

Yeni qaydalar çərçivəsində dövlət qurumları və bəzi özəl sektorlar məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərəcək. Orta məktəblərdə bir neçə həftə əvvəl bərpa olunan ənənəvi təhsil 8 və 12-ci siniflər istisna olmaqla distant şəraitdə davam etdiriləcək.

Artıq bu və digər qadağalarla bağlı fəaliyyət planı Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən ölkənin 81 vilayətinin hər birinin aidiyyatı qurumuna göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm