Bağdat Amreyev: "Baydenin bəyanatı qütbləşməyə səbəb olacaq"
Bizi izləyin

Region

Bağdat Amreyev: "Baydenin bəyanatı qütbləşməyə səbəb olacaq"

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev ABŞ prezidenti Cozef Baydenin qondarma "erməni soyqırımı" barədə bəyanatını qınayıb.

Bu barədə Publika.az Türk Şurasının mətbuat xidmətinə istinadla xəbər verir.

B.Amreyevin bəyanatında deyilir: "ABŞ prezidentinin tarixi reallıqlara rəğmən, regiondaki əməkdaşlıq və sabitliyi zədələmək bahasına 1915-ci il hadisələri ilə bağlı siyasi motivli bəyanatı məni çox kədərləndirdi.

Ölkələr və xalqlar tarixi, elmi və hüquqi məzmundan kənar siyasi məqsədlərə görə digər ölkələrin parlamentləri və ya administrasiyaları tərəfindən mühakimə olunmamalı və qınanmamalıdır. Əksinə, 1915-ci il hadisələri beynəlxalq hüquq və müvafiq beynəlxalq sənədlər nəzərə alınmaqla şəffaf və ədalətli şəkildə araşdırılmalıdır. Başqa bir ölkəyə qarşı təhrif olunmuş tarixi ittihamlardan istifadə, yalnız cəmiyyətdə nifrət, intiqam və düşmənçilik hisslərini alovlandırmaq istəyənlərə fayda gətirəcək.

ABŞ prezidentinin bəyanatını qınayıram və inanıram ki, tarixi siyasi məqsədlər üçün təhrif etmək və ya tarixi "yenidən yazmağa" cəhd etmək və siyasi təzyiq üçün istifadə etmək yalnız ölkələr və xalqlar arasında daha çox qütbləşməyə səbəb olacaq, bu isə öz növbəsində bölgəmizdə sülhə və sabitliyə də mane olacaq.

Bu baxımdan Türkiyənin 1915-ci il hadisələrini tarixçilər tərəfindən araşdırılması üçün Birgə Tarix Komissiyasının qurulması və bununla bağlı arxivlərin açılması təşəbbüsünü təqdirəlayiq hesab edirəm. Bu, tarixi həqiqətləri ortaya qoymaq və ədalətli tarixi formalaşdırmaq istəyən hər kəs üçün konstruktiv bir yanaşma, xoş niyyət göstəricisidir".

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədib.

Qeyd edək ki, Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.

Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm