İstanbulda Qarabağ zəfərinin birinci ildönümü ilə bağlı musiqi axşamı keçirildi - FOTO
Bizi izləyin

Region

İstanbulda Qarabağ zəfərinin birinci ildönümü ilə bağlı musiqi axşamı keçirildi - FOTO

İstanbulun tarixi Fişekhane səhnəsində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində əldə edilən Şanlı Zəfərin birinci ildönümü və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə musiqi axşamı keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva açaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq çərçivəsində belə bir gecənin ərsəyə gəlməsinin mühüm önəm daşıdığını bildirib. Nərminə Mustafayeva Azərbaycanın Vətən müharibəsi dövründə qazandığı Qələbənin 30 illik həsrətə son qoyduğunu qeyd edib. Nərminə Mustafayeva Böyük Zəfərin, eləcə də dahi Nizami yaradıcılığının ayrı-ayrılıqda Türk Dünyası üçün müstəsna əhəmiyyətindən söz açıb. Baş konsul tədbirin Azərbaycan və Türkiyənin mədəni həyatını bir-birinə daha da yaxınlaşdıracağını vurğulayıb.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu ilin Azərbaycan və bütövlükdə Türk Dünyası üçün önəmli olduğunu qeyd edib. O, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin siyasi bacarığı, Azərbaycan Ordusunun gücü nəticəsində əldə edilən Qələbəni bütün Türk Dünyasının Zəfəri adlandırıb. Günay Əfəndiyeva müxtəlif əsrlərin müasiri olan, neçə-neçə nəsillərin yoluna işıq saçan Nizami Gəncəvinin yaradıcılığını Türk dünyasının bəşəri sərvəti kimi qiymətləndirib. Fondun fəaliyyəti haqqında məlumat verən Günay Əfəndiyeva, təşkilat tərəfindən həyata keçirilən çoxsaylı layihələrdən birinin "Dədə Qorqud" Kamera Orkestrinin yaradılması olduğunu vurğulayıb.

Konsertdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov çıxış edərək, bu günlərdə İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün, Korkut Ata Türk Dünyası Film Festivalının, eyni zamanda Zəfər gününə və Nizami Gəncəviyə həsr olunmuş konsertin keçirilməsiylə bütün Türk Dünyasının bir yerə toplaşdığını vurğulayıb. Anar Kərimov Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasında Türkiyənin dəstəyindən söz açıb. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk xalqlarının birliyi istiqamətində çoxsaylı layihələr həyata keçirildiyini qeyd edərək, tədbirin təşkilini yüksək qiymətləndirib.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Misbah Demircan da çıxış edib. Nazir müavini Azərbaycanın tarixi ədaləti bərpa edərək əldə etdiyi möhtəşəm Qələbənin bütün Türk Dünyasının qürur mənbəyinə çevrildiyini qeyd edib. Nizami Gəncəvinin zəngin irsindən söz açan Ahmet Misbah Demircan, şairin yaradıcılığının heç bir çoqrafi sərhəd tanımadığını bildirib. Nazir müavini keçirilən konsertin Türk Dünyasının mədəni həyatına mühüm töhvə verəcək tədbirlərdən olduğunu deyib.

Tədbirdə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Dövlətləri Təşkilatının müavinləri Qismət Gözəlov və Ömər Kocaman , Marmara Vakfının rəhbəri Akkan Suver və bir çox ziyalılar iştirak ediblər.

Konsert Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi altında yaradılan Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi və dirijorluğu ilə "Dədə Qorqud" kamera orkestrinin bir-birindən maraqlı ifaları ilə davam edib. Gecədə Nizami Gəncəvinin şeirlərinə yazılmış Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, eləcə də digər görkəmli bəstəkarların əsərləri səsləndirilib. Tarda Azərbaycanın Əməkdar artisti Əliağa Sadıyevin, skripkada Rüstəm Mustafanın, vokalistlər Selcan Nəsiblinin və İsmayıl Zeynalovun ifaları tədbir iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm