Fazil Mustafa Ağalıya qayıdış barədə: “Bu, həqiqətən Allahın möcüzəsidir”
Bizi izləyin

Region

Fazil Mustafa Ağalıya qayıdış barədə: “Bu, həqiqətən Allahın möcüzəsidir”

Bu bizim üçün həqiqətən də böyük tarixi hadisədir. Çünki illər öncə ağlımıza gəlməyən, təsəvvürümüzə oturmayan bir şeylərin baş verdiyini görürük. Bu həqiqətən Allahın bir möcüzəsidir.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Zəngilan rayonunun Ağalı kəndinə məcburi köçkünlərin ilk qayıdışı ilə bağlı danışan deputat bir müddət öncə bu rayona gedib görülən işləri şəxsən izlədiyini vurğulayıb: “Mən orada dövlətin, ölkə prezidentinin nə qədər böyük işlər gördüyünün şahidi oldum. Bəlkə də oranı görməyənlər görülən işlərin miqyasını təsəvvürə gətirə bilmirlər. Bəzən deyinənlər, bəzən hansısa narazılıq edənlər gedib görməlidirlər ki, nə baş verir. Orada dəmiryolunun, avtomobil yollarının çəkilməsi, minalardan təmizlənən ərazilərdə əkin-biçin və başqa məsələlərin gerçəkləşməsi, hətta palıd, çinar meşələrinin yenidən bərpa olunması möhtəşəm bir işdir. Ağalı kəndi elə bir gözəl layihə əsasında qurulub ki, bu layihə hər halda bu kəndin yeni bir model, yeni bir başlanğıc olacağını göstərir. İnsanlar orada o şərtlərdə heç vaxt yaşamayıblar. O cür infrastruktur heç vaxt olmayıb və bu bir nümunədir. Gələcəkdə bu cür infrastrukturun orada genişlənməsinin mümkün olması ilk gedən insanlardan asılı olacaq”.

Fazil Mustafa daha sonra deyib:

“Bilirsiniz, mən ora gedən insanlara Amerikaya gedən puritanlar kimi baxıram. Ora gedib bataqlıq Amerikanı cənnətə çevirən insan iradəsi idi. İndi də burada kiçik detallara baxmadan dövlətin böyük himayəsi altında ora gedən insanlar oranı yenidən kəşf etməli, yenidən dəyərləndirməli və oranı Azərbaycan üçün ən önəmli bir məkan olaraq tanıtmalı, qəbul etdirməlidirlər. İnsandan çox şey asılıdır. Tikinti gözəl olar, çirkin olar. Ancaq oranın təmizliyi, oranın qorunması, orada insanların yaşaması, işləməsi insanların iradəsi ilə bağlı məsələdir. Mən əminəm ki, insanlar bu iradəni göstərəcəklər. Çünki azərbaycanlılar bunu 44 günlük Vətən müharibəsi zamanı göstəriblər. Ağalı kəndinə ilk dəfə məcburi köçkünlərin bu formada qayıdışı digərləri üçün də yolun açılışı deməkdir. Ümid edək ki, bütün məcburi köçkün bacı-qardaşlarımız öz doğma Vətən torpaqlarına qayıdıb oranı yenidən cənnətə, çiçəkli məkana çevirəcəklər”.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm