Ermənistan Edillidəki qətliama görə KOMPENSASİYA ödəyəcək? - DETALLAR
Bizi izləyin

Region

Ermənistan Edillidəki qətliama görə KOMPENSASİYA ödəyəcək? - DETALLAR

“Ermənistan Edillidə və digər ərazilərimizdə törətdiyi qətlimlara, tarixin müxtəlif dövrlərində həyata keçirdiyi vandalizm aktlarına görə Azərbaycana təzminat ödəməlidir. Eyni zamanda, bu soyqırımları, vəhşilikləri törədənlər qanun qarşısında cavab verməli, məsuliyyətə cəlb olunmalıdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Millət vəkili bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı amansızlığı, vandallığı Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqlarla yekunlaşmır:

“Birinci dünya müharibəsində, Azərbaycanın 1918-ci ildə öz müstəqilliyini elan etdiyi dövr ərəfəsində ermənilər Azərbaycan xalqına qarşı soyqırımlar törədib. Həmin dövrdə Qubada, Bakıda, Şərqi və Qərbi Zəngəzurda, Dərələyəzdə, Naxçıvanda, Qarabağda və başqa-başqa ərazilərdə qətliamlar həyata keçiriblər. Qətlə yetirdikləri şəxsləri, mülki və silahsız insanları kütləvi məzarlıqlarda basdırıblar. İnsanların cəsədlərini kütləvi şəkildə quyulara doldurublar. Azərbaycanın əlində həmin kütləvi məzarlıqlarla bağlı xeyli sayda faktlar mövcuddur”.

Siyavuş Novruzovun sözlərinə görə, birinci Qarabağ müharibəsində də ermənilər azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək onları toplu məzarlıqlarda basdırıblar:

“Həmin dövrdə hərbçilərimizlə yanaşı, dinc sakinlərə qarşı da bu cür vandalizm aktları həyata keçirilib. Çünki ermənilər kəndlərimizə hücum edirdilər. Həmin kəndləri isə özünümüdafiə batalyonlarımız müdafiə edirdi. Onlardan bir qrupu hərbçilər, digər qrupu isə öz kəndlərini silahlı ermənilərdən qoruyan mülki əhali idi. 30 il ərzində işğal altında qalan rayonlarımızın hər birinin ərazisində bu cür kütləvi məzarlıqlara rast gəlmək mümkündür. Bu, yaxın keçmişdə, 25-30 il bundan əvvəl olan hadisələrdir. O cümlədən, bu cür kütləvi məzarlıqlara hazırkı Ermənistan ərazilərində də rast gəlmək mümkündür. Çünki ermənilər əsirlərdən mülki işlərdə istifadə etdikdən sonra onları öldürüb, elə kütləvi məzarlıqlarda basdırıblar”.

Deputat onu da vurğulayıb ki, 4000-ə yaxın azərbaycanlının taleyindən bu günə qədər hər hansı məlumat almaq mümkün olmayıb:

“Ermənilərin orqan mafiyaları öldürülən azərbaycanlıların orqanlarını satışa çıxarıb. Eyni zamanda, onları qul kimi işlədib, dünyasını dəyişəndə isə həmin girovları, əsirləri gizli şəkildə dəfn ediblər. Azərbaycanın əlində bütün bunlarla bağlı xeyli faktlar var. Güman edirəm ki, həm Milli Məclis, həm ayrı-ayrı strukturlar, eləcə də qeyri-hökumət təşkilatları bundan ciddi şəkildə istifadə etməlidirlər. Beynəlxalq təşkilatlarda, qurumlarda ermənilərin kütləvi məzarlıqlarla bağlı vəhşilikləri faktlarla qaldırılmalıdır. İndi kütləvi məzarlıqlar açılır, müayinə olunur. Bu işə beynəlxalq ekspertlər də cəlb olunmalıdır. Həmin nümunələr dünya ictimaiyyətinə göstərilməlidir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm