"İranın buna vaxtı çatmayacaq..." - Deputatdan Əli Daeinin edam cəzasına REAKSİYA
Bizi izləyin

Region

"İranın buna vaxtı çatmayacaq..." - Deputatdan Əli Daeinin edam cəzasına REAKSİYA

Dünyaca məşhur futbolçu, İran millisində bu günə qədər ən çox – 109 qol vurmuş Əli Daeiyə qarşı molla rejimi ölüm hökmü çıxarıb. O, Məhsa Əminin öldürülməsinə qarşı etirazlarda iştirak etdiyi üçün əmmaməli rejim onu edam cəzasına məhkum edib.

Söhbət 1998-ci ilin dünya çempionatında ABŞ millisinə vurduğu ikinci qolla İran yığmasına tarixi qələbə qazandıran, molla rejiminin hazırkı rəhbəri Xamneyinin “İranın qəhrəmanı” adlandırdığı Əli Daeidən gedir.

Görəsən, İran Daeiyə qarşı ölüm hökmü çıxarmaqla Güney Azərbaycanlılara mesaj göndərmir ki? “Sakitləşməsəniz, sizi də Daeinin aqibəti gözləyir” ismarışı göndərmir ki? Təbriz və Ərdəbil camaatı Əli Daeninin belə bir hökmə məruz qalmasına nə ilə cavab verəcək? Xalq etirazları daha da alovlanacaqmı?

Suallarımızı millət vəkili Aqil Abbasa ünvanladıq. Deputat Aqil Abbas Publika.az-a müsahibəsində bildirdi ki, İran Əli Daeni edam edə bilməyəcək.

-Aqil müəllim, Əli Daeinin etiraz aksiyalarında iştirakına görə, molla rejiminin onun haqqında edam hökmü çıxarmasının arxasında nə dayanır? Axı Əli Daei İranda idmanın inkişafında xüsusi xidmətləri olan bir şəxsdir...

-Bilirsiniz, İran üçün xidmət anlayışı yoxdur. Bunu açıq şəkildə demək lazımdır. İran sovet hökuməti kimi ideoloji bir dövlətdir. Artıq İran üçün müqəddəs heç nə qalmayıb. Sənin kim olduğunun önəmi yoxdur, əgər İran səni özünə düşmən sayırsa, deməli, sənin haqqında istənilən hökmü çıxara, hətta edam edə bilər. Birmənalı olaraq deyirəm, Əli Daei Azərbaycan xalqının sevimlisidir. Əslən Ərdəbildəndir. Mən Ərdəbildə olmuşam. O, Ərdəbildə bizim “Olimpiya” stadionu kimi bir stadion tikib. Özü də o boyda stadionu öz cibinin pulu ilə ərsəyə gətirib. Yəni Əli Daei belə bir oğlandır.

-Hətta başqa xidmətləri də olub...

-Bəli, Ərdəbildə futbol komandasının yaranmasında da böyük xidmətlər göstərib. Əli Daei bizim hamımızın fəxridir. Biz həmişə onunla fəxr eləmişik. Şəxsən mən də futbolu sevən bir adam kimi həmişə onun Güney Azərbaycandan, Ərdəbildən olması ilə fəxarət duymuşam. Çünki o, azərbaycanlı olmaqla yanaşı, həm də Azərbaycanın adını həmişə yüksəldib. İndi İran camaatı rejimə öz etirazlarını bildirirlər. Amma baş verən iğtişaşları, etiraz aksiyalarını İran yatıracaq. Ona görə ki, nə Rusiyaya, nə də Avropaya İranın dağılması hələ ki, sərf eləmir. Buna baxmayaraq, əvvəl-axır İran dağılmalıdır. İranda onlarla xalq yaşayır. Bizim Güney Azərbaycan olduğu kimi, İranda Güney Türkmənistan da var. Bundan başqa, İranda qaşqay, əfşar türkləri mövcuddur. Eyni zamanda, kutilər, ərəblər... İran indi təkcə Güney Azərbaycanı yox, onları da sərt və qapalı rejimdə saxlayır. Hazırda İranda ermənilərdən başqa heç kəsin məktəbi, kitabı, qəzeti yoxdur.

-Bəs dünya idman ictimaiyyəti, beynəlxalq aləm sizcə, Əli Daei haqqında hökmə görə İrana yetərli təzyiqi göstərəcəkmi?

-İran elə bir dövlətdir ki, bütün dünya etiraz etsin, vecinə almır. Problem çoxdur. Yəqin ki, Əli Daeiyə qarşı ölüm hökmü çıxarılmasının bir cavabı olacaq. Mən bu barədə dünən məlumat almışam. Açığı, çox pərt oldum. İrandakı azərbaycanlıları dəstəklədiyinə görə onun haqqında ölüm hökmü çıxarılıb. Bildiyimə görə, Əli Daei, sadəcə olaraq öldürülən Məhsa Əmini ilə bağlı etirazını bildirib. Deyib ki, mən bunu belə qoymaram, qisası alınmalıdır. Təxminən bu cür ifadələr işlədib. İran Əli Daeni edam edə bilməyəcək. Molla rejiminin onu edam etməyə vaxtı çatmayacaq. Camaat qoymayacaq. Bu gün İranı maraqlandıran əsas məsələ Azərbaycanla Ermənistanın münasibətləridir. Tehran istəyir ki, İrəvan son proseslərdə bir qədər irəli getsin. Amma bu baş verməyəcək. Sözümün canı odur ki, İranın hazırkı durumu dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin şeirindəki kimidir: “Ağladıqca kişi qeyrətsiz olur, necə ki, ağladı İran oldu”. Sabir bunu 120 il bundan əvvəl yazıb.

-Əli Daeiyə ölüm hökmü çıxarmaqla İran Güney Azərbaycanlılara sərt mesaj vermir ki? Yəni, sakitləşməsəniz hamınızı Daeinin aqibəti gözləyir?

-Təbii ki, sərt mesajlar verir. İran bir müddət əvvəl Arazın qırağında hərbi təlim keçirdi. Guya “əzələ nümayişi” idi, bu, tək bizə mesaj deyildi. Eyni zamanda, Güney Azərbaycana bir ismarış idi. Demək istəyirdilər ki, “özünüzü ağıllı aparın”. Çünki güneydəki soydaşlarımız 44 günlük müharibə vaxtı yığışıb sevinirdilər. Onu bütün dünya gördü. Hətta orada bir epizod var idi, ağladım; Azərbaycan Ordusu Arazın o tayında torpaqlarımızı işğaldan azad edirdi, bu tayda səkkiz-doqquz yaşlı bir oğlan uşağı atasının əlindən tutub sevinirdi. Deyirdi ki, “ata, bizimkilər, ata bizimkilər gəldi”. Mən o balaca uşağın həmin sözlərini eşidəndə ağladım. İran da bunları yaxşı görürdü və gövdə göstərişini həm də güneylilər üçün tərtib etmişdi. Amma Güney Azərbaycan bunu yeməyəcək, çünki İranda bütün inqilabları həyata keçirən azərbaycanlılar olub. Eyni zamanda, hər zaman məhvə məruz qalan azərbaycanlılardır. Xomeynini də hakimiyyətə gətirən Azərbaycan idi. Həmin vaxt ilk olaraq etirazlar Təbrizdə başlamışdı. Hətta cangüdənləri də azərbaycanlılar idi. Həttaa Xomeyninin içində olduğu avtomobilin üzərində uzanmışdılar ki, birdən ona güllə vurarlar. İran rejimi başa düşür ki, bu dəfə elə olmayacaq. Xalq bu dəfə Xamneyinin “ayətullahlarını”, molla rejimini qovacaq.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm