Region
Məhkəmə Özgür Özəllə bağlı QƏRAR VERDİ - Ərdoğana görün nə qədər təzminat ödəyəcək
Türkiyə məhkəməsi ölkənin baş müxalifət partiyasının sədri Özgür Özəli 2025-ci ilin avqust ayında etdiyi üç çıxışındakı bəyanatlarına görə Prezident Rəcəb Tayyib Ərdoğana təzminat olaraq 800 min türk lirəsi (təqribən 16,5 min ABŞ dolları) ödəməyə məcbur edib.
Publika.az “Turkish Minute”yə istinadla xəbər verir ki, bu barədə prezidentin vəkili Hüseyn Aydın məlumat verib.
Ankaranın 44-cü birinci instansiya məhkəməsi Özəldən 2025-ci il avqustun 13-də İstanbulun Mərmərə həbsxanası yaxınlığındakı çıxışına görə 200 min lirə, həmin gün İstanbulun Bayrampaşa rayonunda Cümhuriyyət Xalq Partiyasının (CHP) mitinqindəki nitqinə görə isə daha 300 min lirə tutulmasına qərar verib. Məhkəmə avqustun 18-də Aydın vilayətində keçirilən mitinqdə Özəlin səsləndirdiyi bəyanatlara görə Ərdoğana daha 300 min lirə ayırıb.
Ərdoğanın vəkili Özəlin açıqlamalarını Türkiyə Prezidentinin ünvanına səslənmiş “əsassız ittihamlar və təhqiramiz ifadələr” adlandırıb.
Özəlin çıxışları 2025-ci ilin martında İstanbul şəhərinin meri Əkrəm İmamoğlunun həbsindən sonra CHP-yə qarşı hakimiyyətin təzyiqlərinin güclənməsi fonunda baş tuturdu; o, Ərdoğanın əsas siyasi rəqiblərindən biri və partiyanın sədrliyə namizədi idi.
Mərmərə həbsxanasında İmamoğlu ilə görüşdükdən sonra Özəl Ərdoğan hökumətini cinayət təhqiqatlarından müxalif merlərə təzyiq göstərmək və onları hakim Ədalət və İnkişaf Partiyasına (AKP) keçməyə məcbur etmək cəhdlərində istifadə etməkdə günahlandırmışdı.
Xüsusilə, o, Aydın şəhərinin meri Özləm Çərçeoğlunu xatırladaraq, guya ona AKP-yə qoşulmaq və iş adamı Əziz İhsan Aktaşla bağlı əməliyyatların araşdırılması çərçivəsində həbs olunmaq arasında seçim etməyin təklif olunduğunu iddia etmişdi. Sonradan Çərçeoğlu CHP-ni tərk edib və bir neçə digər müxalif merlə birlikdə növbəti gün AKP-yə qoşulub. O, özünə qarşı təzyiq edildiyini təkzib edib.
Həbsxana yaxınlığındakı çıxışından sonra Ərdoğan Özələ qarşı 1 milyon lirəlik təzminat idiası qaldırıb, həmçinin müxalifət siyasətçisini prezidenti təhqir etməkdə ittiham edərək cinayət işi üzrə şikayət verib.
Bayrampaşadakı mitinqdə Özəl bəyan etmişdi ki, Ərdoğan hədə-qorxu və məhkəmə təzyiqləri vasitəsilə AKP-nin seçkilərdə qələbə qazana bilmədiyi bələdiyyələr üzərində nəzarət qurmağa çalışır. Aydındakı çıxışında o, prezidenti və hakim partiyanı seçicilərin iradəsinə məhəl qoymamaqda ittiham etmiş və müxalif merlərin AKP-yə keçidini “siyasi cibgirik” adlandırmışdı.
2024-cü ilin sonundan etibarən CHP-nin çoxsaylı merləri və bələdiyyə məmurları korrupsiya araşdırmaları çərçivəsində saxlanılıblar. Partiyada hesab edirlər ki, bu işlər 2024-cü ilin mart ayında keçirilmiş bələdiyyə seçkilərində ümummilli miqyasda AKP üzərində qazanılan qələbədən sonra onu zəiflətmək məqsədi daşıyan hakimiyyət kampaniyasının bir hissəsidir. Ərdoğan və hökumət nümayəndələri siyasi müdaxiləni rədd edir və bildirirlər ki, araşdırmalar korrupsiya ittihamları ilə bağlıdır.
Özgür Özəl 2026-cı ilin may ayına qədər CHP-yə rəhbərlik edib, həmin vaxt məhkəmə onu partiya rəhbərliyindən uzaqlaşdırıb. İki ay sonra o, əvvəllər CHP tərkibində olmuş 90 deputatın ona qoşulduğu “Yeni Parti”ni təsis edib. Sonradan “Yeni Parti” Türkiyənin əsas müxalifət partiyasına çevrilib.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR













.jpg)



.jpg)























