Ankarada Azərbaycanın Zəfər Günü qeyd olundu - FOTO
Bizi izləyin

Region

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olundu - FOTO

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olundu - FOTO

Noyabrın 3-də Ankaradakı “Qazi” Ordu Evində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin altıncı ildönümü münasibətilə təntənəli qəbul və konsert proqramı təşkil olunub.

Publika.az xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin və SOCAR-ın təşkilatçılığı ilə keçirilən tədbirdə qardaş ölkənin rəsmi şəxsləri və siyasətçiləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimai xadimlər, alimlər və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb.

Onun sözlərinə görə, dövlətimizin başçısının qətiyyəti və 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib və dünyada qalib dövlət kimi tanınıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl və stimuldur.

Diplomat Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı prosesinə də toxunub. “On minlərlə Azərbaycan vətəndaşı ölkəmizin işğaldan azad edilmiş ərazilərində yaşayır və çalışır”, – deyə R.Aslanov xüsusi vurğulayıb.

Səfir Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı fonunda Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin sarsılmazlığını da qeyd edib.

“Şəhidlərimiz qarşısında borcumuz Azərbaycanın maraqlarını möhkəmləndirmək və qorumaqdır. Qardaş ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində mühüm mərhələ Şuşa Bəyannaməsinin imzalanması olub”, – deyə R.Aslanov çıxışını “Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!” sözləri ilə yekunlaşdırıb.

Tədbirdə çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı 44 günlük müharibədə Azərbaycanın qazandığı tarixi Zəfərin regionda uzunmüddətli sülh və sabitlik üçün imkanlar yaratdığını bildirib.

O, regionda davamlı sülhün təmin edilməsinin hamının ortaq məsuliyyəti olduğunu vurğulayıb, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində uğurla həyata keçirilən bərpa və quruculuq işlərinə diqqət çəkərək bu prosesdə Türkiyə şirkətlərinin iştirakını xatırladıb.

Daha sonra Azərbaycanın Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbir çərçivəsində Xalq artisti Azər Zeynalovun və “Zəngəzur” rəqs qrupunun iştirakı ilə konsert proqramı təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm