Region
Türkiyədən PUA-lara qarşı görünməz zərbə - Bir düymə ilə 51 dron zərərsizləşdirildi
Türkiyənin milli mühəndislik gücünü qlobal miqyasda həllərə çevirən ASELSAN mini və mikro pilotsuz uçuş aparatlarına (PUA), eləcə də yeni nəsil FPV dron təhdidlərinə qarşı hazırladığı “EJDERHA AD” yüksək güclü elektromaqnit (HPEM) müdafiə sisteminin imkanlarını real sınaqlar zamanı yüksək nəticələrlə nümayiş etdirib.
Publika.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Bildirilib ki, ASELSAN keçirdiyi rekord sınaqla təsis edilməsinin ildönümündə daha bir dünya birinciliyinə imza atıb.
Vakuum elektronikası texnologiyası vasitəsilə yüksək güclü elektromaqnit dalğalar yaradan və dronların elektron sistemlərini sıradan çıxaran “EJDERHA” əvvəlcə iki fərqli kabelli dronu təxminən 1000 metr məsafədə zərərsizləşdirib. Bununla da ənənəvi PUA əleyhinə müdafiə sistemlərinin kabelli dronlara qarşı təsirsiz qaldığı halda, “EJDERHA”nın təhdidin növündən asılı olmayaraq müdafiəni təmin edə bildiyi nümayiş etdirilib.
Sınağın ikinci mərhələsində müasir dövrün əsas təhlükələrindən biri hesab olunan dron sürüsü təhdidi “EJDERHA” sistemi vasitəsilə aradan qaldırılıb. ASELSAN-ın 51-ci ildönümünü simvolizə edən 51 dron eyni vaxtda havaya qaldırılıb. “EJDERHA” çoxsaylı təhdid ssenarisi çərçivəsində havaya qalxan bütün dronları bir neçə saniyə ərzində eyni vaxtda zərərsizləşdirib.
Bu günədək dünyada “EJDERHA” kimi yönləndirilmiş enerji texnologiyasına malik sistem vasitəsilə bu qədər çox sayda dronun eyni anda sıradan çıxarılması qeydə alınmayıb. Beləliklə, ASELSAN qabaqlayıcı elektron müharibə sistemləri sahəsində də dünyada ilkə imza atıb.
“EJDERHA” Türkiyənin milli və çoxqatlı hava hücumundan müdafiə arxitekturası olan “ÇELİKKUBBE” çərçivəsində fəaliyyət göstərmək üçün ASELSAN tərəfindən hazırlanıb. Sistem mini və mikro sinif PUA təhdidlərinin aşkarlanması və zərərsizləşdirilməsi məqsədi daşıyır.
“Bir düymə ilə 51 dronu vurduq”
Qırılan rekordla bağlı fikirlərini bölüşən ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib:
“ASELSAN-ın 51-ci təsis ildönümündə xüsusi texnologiyanın nümayişi üçün əməkdaşlarımızla bir araya gəldik. ASELSAN-ın ‘EJDERHA’ sistemi heç bir raket atmadan, hər hansı döyüş sursatından istifadə etmədən, bir düymə ilə 51 dronu zərərsizləşdirməyi bacaran dünyada ilk sistem oldu.
Yüksək güclü elektromaqnit dalğalar vasitəsilə dövrümüzün ən böyük təhdidlərindən biri olan dronları ən effektiv şəkildə məhv edə bilən sistemlərdən birinə çevrildi.
Bu nailiyyət ASELSAN-ın 50 il ərzində topladığı təcrübə, gənc mühəndislərdən ibarət heyəti, dövlətimizin qarşımızda müəyyən etdiyi strateji istiqamət və xalqımızın bizə daim göstərdiyi dəstək sayəsində əldə olunub.
‘EJDERHA’ bu səylərin nəticəsi olaraq artıq real əməliyyat şəraitində tətbiq mərhələsinə keçib, seriyalı istehsala daxil olub və ölkəmizin təhlükəsizliyinə töhfə verəcək səviyyəyə çatıb.
Bu texnologiyaları inkişaf etdirməyə davam edəcəyik. Ölkəmizin gələcəyə inamla baxması üçün yüksək texnologiyalı investisiyalarımızı əzm və qətiyyətlə davam etdirəcəyik”.
Hüseyn İbadlı
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"


















.png)

















