Dövlət başçıları İlham Əliyevi təbrik edir (YENİLƏNİB)
Bizi izləyin

Rəsmi xronika

Dövlət başçıları İlham Əliyevi təbrik edir (YENİLƏNİB)

Moldova prezidenti Nikolaye Timofti Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının dövlətçiliyinin davamlı olaraq möhkəmlənməsi və Azərbaycan xalqının firavanlığı üçün Sizin sanballı töhfənizi xüsusi qeyd etmək istərdim. İcazə verin, əmin olduğumu bildirim ki, Sizin nümayiş etdirdiyiniz fədakarlıq bundan sonra da vətəndaşların rifahının yüksəlməsinə, ölkənin xarici siyasi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.

Ümidvaram ki, ənənəvi Moldova-Azərbaycan dostluq münasibətləri bundan sonra da siyasi dialoqun inkişafına, faydalı əməkdaşlığın dərinləşməsinə və beynəlxalq məkanda qarşılıqlı dəstəyin qorunub saxlanmasına töhfə verəcək.

Cənab Prezident, xahiş edirəm səmimi təbriklərimi, möhkəm cansağlığı, uğurlar, habelə ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzularımı, Azərbaycan xalqına sülh və firavanlıq diləklərimi və böyük ehtiramımı qəbul edin.

***

Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Əlamətdar 55 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə ünvanlamaqdan məmnunluq hissi duyuram.

Yorulmaz əməyiniz və səyləriniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafla bağlı böyük uğurlara nail olub və beynəlxalq məkanda haqlı olaraq layiqli mövqe tutur. Biz dostlarımızın bu nailiyyətlərinə səmimi qəlbdən sevinirik.

Sizin Tacikistan-Azərbaycan münasibətlərinin inkişafına töhfəniz də sanballıdır. Tacikistan Azərbaycan ilə tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Biz qarşılıqlı faydalı əməkdaşlığımızı bütün istiqamətlərdə ardıcıl davam etdirməyə hazırıq. Əminəm ki, ölkələrimizin qarşılıqlı əlaqələri birgə səylərimizlə daha da möhkəmlənəcək və maraqların üst-üstə düşdüyü yeni sahələri əhatə edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbaycanın tərəqqisi naminə bütün təşəbbüslərinizdə daha böyük uğurlar arzu edirəm.

***

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm.

Biz Sizin Azərbaycan cəmiyyətinin quruculuğu işinə, eləcə də ölkənin təbliğinə və onun iqtisadi inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Azərbaycan Respublikası bu qısa tarixi dövrdə böyük nailiyyətlər əldə edib, dünya birliyinin fəal və nüfuzlu üzvü olub.

Əminəm ki, ənənəvi dostluğumuz və mehriban qonşuluq əlaqələrimiz xalqlarımızın firavanlığı naminə möhkəmlənməkdə davam edəcək.

Fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram".

***

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daim inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, iqtisadi, ticari, humanitar və digər sahələrdə əməkdaşlıq sabit olaraq inkişaf edir, ənənəvi dostluq günbəgün möhkəmlənir.

Dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında xalqlarımızın rifahı naminə səmimi əməkdaşlığın daha da dərinləşməsi üçün Sizinlə bərabər səy göstərmək istəyirəm.

Sizə möhkəm cansağlığı arzulayıram".

***

Bolqarıstan Prezidenti Rosen Plevneliyev də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək istərdim. Sizə möhkəm cansağlığı və çox məsuliyyətli işinizdə uğurlar arzulayıram.

Ölkələrimiz arasında strateji əməkdaşlığın inkişaf edəcəyinə və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəyinə inandığımı bildirməkdən şərəf duyuram.

Hörmətli cənab Prezident, bir daha Sizə olan dərin ehtiramımı çatdırmaq istərdim".

***

Monteneqro Prezidenti Filip Vuyanoviç də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Sizə əlamətdar yubileyiniz münasibətilə səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dünyada sabitlik amilidir və hamı üçün daha xoş və ədalətli gələcəyə yol açır. Arzum budur ki, bundan sonra da uzun illər ərzində sabitlik və tərəqqi yolunda dost Azərbaycan xalqına rəhbərlik edəsiniz.

Monteneqro xalqı adından və şəxsən öz adımdan bizim yaxın və dost ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün göstərdiyiniz bütün səylərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm