1-ci vitse-prezident: "Aprel hadisələri Azərbaycan xalqının birliyini göstərdi"
Bizi izləyin

Rəsmi xronika

1-ci vitse-prezident: "Aprel hadisələri Azərbaycan xalqının birliyini göstərdi"

"Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur".

"Aprel hadisələri Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan xalqının birliyini göstərdi".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprelin 3-də 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşdə çıxışı zamanı bildirib.

M.Əliyeva deyib ki, ötən ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədib: "Siz, sizin yoldaşlarınız, Azərbaycan əsgərləri bu təxribatın qarşısını aldınız, düşmənə layiqli cavab verdiniz. İşğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu. Bu, Azərbaycanın böyük hərbi qələbəsidir. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Bir il bundan əvvəl azad etdiyiniz torpaqlarda bu gün yeni qəsəbələr salınır və 20 ildən çoxdur ki, öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər yaxın gələcəkdə doğma torpaqlarına qayıdacaqlar. Bu, tarixi bir hadisədir, tarixi qələbədir. Bu gün bütün Azərbaycan xalqı sizinlə fəxr edir".

Birinci vitse prezident qeyd edib ki, aprel hadisələri Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan xalqının birliyini göstərdi: "Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur. Azərbaycan əsgərləri yüksək peşəkarlıq, vətənpərvərlik, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqların bir qismini azad etdilər. Aprel döyüşləri zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərddir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Övladını itirmək hər bir valideyn üçün ən böyük faciədir. Heç bir xalq istəməz ki, müharibə olsun. Heç bir ana istəməz ki, oğullar itirsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının ürəyində daim yaşayacaq".

"Aprel hadisələri zamanı və ondan sonrakı günlərdə Prezident və mən hospitallarda, xəstəxanalarda olduq. O zaman yaralanmış, xəsarət almış əsgərlərimizə yardım göstərən, onların tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərimizə minnətdarlığımı çatdırmaq istəyirəm. Yaralanmış əsgərlərin demək olar ki, əksəriyyəti onların səyləri və əməyi nəticəsində sağalıb və normal həyat tərzinə qayıdıb və bu gün də Vətəni tam gücləri ilə qorumaq üçün hazırdırlar. Ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşır. Siz Vətən uğrunda vuruşursunuz. Siz yaralanmısınız, xəsarət almısınız. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin tezliklə normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atmağa hazırdır. Mənim tapşırığımla sizin hər birinizə fərdi yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqsınız. Tapşırığıma əsasən xüsusi işçi qrup yaradılıb. Bu qrupda çalışan insanlar həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidmətini həyata keçirəcəklər. İyirmi gün ərzində bütün lazımi işlər həyata keçiriləcək və mənə yekun hesabat təqdim olunacaq. Bir azdan sonra mütəxəssislər bizə bu sahədə ən qabaqcıl texnologiyalar haqqında məlumat verəcəklər. Mən əminəm ki, bu addımlar atılandan sonra sizin normal həyata qayıtmağınız, sağlamlığınızın bərpa olunması daha da sürətlənəcək. Şübhəm yoxdur ki, siz gələcəkdə Azərbaycan üçün, Vətən üçün daha da böyük işlər görəcəksiniz", - deyə M.Əliyeva vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm