Prezidentə təbrik məktubları
Bizi izləyin

Rəsmi xronika

Prezidentə təbrik məktubları

Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizi bu əlamətdar tarix – Ukrayna və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Ukrayna Xalq Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti zamanlarından bəri davam edən münasibətlərimizin tarixi dövlətlərimiz arasında möhkəm dostluq və qarşılıqlı hörmət əsasında uğurlu əməkdaşlıqla əlamətdar olmuşdur.

Məmnuniyyətlə qeyd edirəm ki, ikitərəfli əlaqələrimizin müasir mərhələsinin 25 ili ərzində Ukrayna və Azərbaycan Respublikası arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Dövlətlərimiz siyasi dialoqun yüksək dinamikasına, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı marağın bütün sahələrində əlaqələrə praqmatik məzmun verməyə meyil nümayiş etdirirlər.

Müasir çağırışlar hər iki dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi məsələsində bizi daha sıx birləşdirir. Ukraynada Azərbaycanın müvafiq mövqeyi hiss edilir və yüksək qiymətləndirilir. Öz növbəmizdə, biz də Azərbaycan xalqını daimi olaraq dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. Biz xüsusən beynəlxalq arenada birgə səylərimizin fəallaşdırılması yolu ilə qarşılıqlı dəstəyimizi artırmağa hazırıq.

Əminəm ki, Sizin Ukraynaya səfəriniz dövlətlərimiz arasındakı münasibətlərdə mühüm mərhələ olacaq, Ukrayna-Azərbaycan əməkdaşlığı isə hər iki ölkənin xalqlarının firavanlığı naminə gələcəkdə də qarşılıqlı etibar, hörmət və səmimilik əsasında möhkəmlənəcəkdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, həmrəylik və firavanlıq arzu edirəm.

***

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: Hörmətli cənab Prezident. Əziz cənab Əliyev.

Ölkələrimiz arasında 25 il bundan əvvəl diplomatik əlaqələr qurulmuşdur. İkitərəfli əlaqələrimiz qədim tarixə malikdir. İki yüz il bundan əvvəl ilk şvab mühacirləri müasir Azərbaycanın ərazisində məskunlaşmışlar. Münasibətlərimizin canlı və hərtərəfli olduğunu 2016-cı ilin iyun ayında Almaniyaya etdiyiniz səfərinizlə birmənalı olaraq təsdiq etdiniz.

Almaniya Sizin ölkəmiz ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı və Avropanın dəyərlər icmasına qoşulmaq iradənizi alqışlayır. Əmin ola bilərsiniz ki, Almaniya ölkənizin modernləşməsində, demokratiyanın və hüquqi dövlətin inkişafında etibarlı tərəfdaşınız olaraq qalacaqdır.

Mən əminəm ki, Azərbaycan bütün region kimi yalnız regional münaqişələrin həllindən sonra tam şəkildə potensialını inkişaf etdirə biləcəkdir. Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi, gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək və həmsədrlərin səylərini dəstəkləyəcəkdir.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə mən Azərbaycana sülh, rifah, ölkələrimizə isə etibarlı əməkdaşlığın uğurlu davam etdirilməsini və genişləndirilməsini arzu edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm