Cinayət qanunvericiliyi humanistləşdirilir - Prezident Milli Məclisə layihə göndərdi
Bizi izləyin

Rəsmi xronika

Cinayət qanunvericiliyi humanistləşdirilir - Prezident Milli Məclisə layihə göndərdi

Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı qanun layihəsi Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilib.

Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən, konseptuallığına və tənzimləmə sahəsinə görə son dövrlərdə hazırlanan ən geniş təkliflər paketi aşağıdakı istiqamətlərdə yeniliklərdən ibarətdir:

Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Bununla yanaşı, ölkədə gedən iqtisadi-sosial proseslər nəzərə alınaraq mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Nəticədə bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçmiş olacaq.

Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə yeni növ cəza daxil edilib. Bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasıdır.

Cinayət Məcəlləsinin ümumilikdə 140-dan artıq maddəsində azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bundan əlavə, daha 80 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ olan cərimə və digər cəzalar daxil edilib.

Bundan əlavə, qanun layihəsinə əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar təftiş edilərək 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılıb. Nəticədə 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib.

Qanun layihəsində mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cinayətlərə münasibətdə qanunvericilik liberallaşdırılıb. Eyni zamanda, Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilib, 20-dən artıq cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunub.

Qanun layihəsində nəzərdə tutulmuş konseptual məsələlərdən biri də cinayət qanunvericiliyində narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayəti törətmiş şəxslərə qarşı münasibətin dəyişdirilməsidir. Bu şəxslər ilk növbədə narkomanlıq xəstəliyinə düçar olmuş insanlar kimi qəbul edilirlər. Satış məqsədi olmadan narkotik vasitə əldəetmə cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilir. Şəxs sağaldıqda isə cinayət məsuliyyətindən azad edilir. Bu qaydada məsuliyyətdən azad edilmək imkanı şəxsə yalnız bir dəfə verilir. Müalicədən yayınan şəxslər cinayət məsuliyyətinə cəlb edilir.

Sözügedən qanun layihəsi prezidentin müvafiq sərəncamı ilə verilmiş tapşırıqların icrası çərçivəsində hazırlanmış ilk aktdır. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə də dəyişikliklərin edilməsi nəzərdə tutulur. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm