
Prezident İlham Əliyev Samux rayonunda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Publika.az AZƏRTAC-a istinadən xbər verir ki, sərəncamda
deyilir:
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarının icrası nəticəsində Samux rayonunun
sosial-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş vermiş,
əsas kapitala yönəldilmiş vəsait 25,6 dəfə, o cümlədən tikinti
quraşdırma işlərinin həcmi 68,1 dəfə artmış, infrastruktur
layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata
keçirilmiş, "Yenikənd" və "Samux" elektrik yarımstansiyaları,
Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, Ağır Atletika İdman
Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 44 mənzilli 2
yaşayış binası inşa edilmiş, təhsil ocaqları və digər sosialyönümlü
obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri
yaradılmış, 12 mindən çox yeni iş yeri açılmış, qırx min nəfər
əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən və ümumi
uzunluğu 60,5 kilometr olan kəndlərarası avtomobil yolları
tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Samuxda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə rayonun mənzil fonduna daxil olan 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Samux rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 2,0 (iki) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.