İlham Əliyev Lənkəranda sitrus bağları ilə tanış oldu - (YENİLƏNİR)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Lənkəranda sitrus bağları ilə tanış oldu - (YENİLƏNİR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub.

Ölkəmizdə uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatının dinamik inkişafı üçün etibarlı zəmin yaradılıb. Bütövlükdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan etməsi də dövlətin aqrar sahəyə diqqətinin növbəti əyani göstəricisi idi. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə artıq ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları yaradılır. Aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu sahədə yeni sitrus bağlarının salınması xüsusi əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, hazırda Lənkəranda 680 hektarda “Hallabonq” növlü yeni sitrus bağları salınıb.

Diqqətə çatdırıldı ki, rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə əkilən bu növ sitrus bağından ötən il 1,5 ton məhsul yığılıb. Bu il isə Sütəmurdov kəndi ərazisində əlavə 3, Siyavər kəndində isə 5 hektar sahədə yeni sitrus bağları salınıb.

Məlumat verildi ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 100 hektardır. Hazırda ərazidə Koreya Respublikasından gətirilən 45 min “Hallabonq” sitrus meyvəsinin ağacları əkilib.

Dövlətimizin başçısına yetişdiriləcək meyvələrin və onlardan hazırlanan məhsulların nümunələri təqdim olundu. Bildirildi ki, hazırda suvarma damcı üsulu ilə həyata keçirilir və çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub. Becərilən “Hallabonq” sitrus bağlarında yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr istehsal olunacaq və məhsuldarlıq hektarda orta hesabla 35-45 ton təşkil edəcək. Bu da yerli növlərdən 2-3 dəfə çoxdur. Tədarük olunacaq meyvələrdən təzə halda və sənayenin qida, qənnadı, kosmetik, ətriyyat və digər sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi planlaşdırılır. Rayonda fəaliyyət göstərən “Gilan Holding”in Lənkəran konserv zavodunda daxili bazarda satış üçün meyvə şirəsi istehsal olunacaq.

Prezident İlham Əliyevə məlumat verildi ki, 100 hektar sitrus təsərrüfatından, ümumilikdə, 4 min ton məhsul götürülməsi nəzərdə tutulub. Gələcəkdə təsərrüfatın 500 hektaradək genişləndirilməsi, o cümlədən dağətəyi ərazilərdə terras əkin sxemləri ilə sitrus sahələrinin yaradılması istiqamətində hazırlıq işləri aparılır.

Təsərrüfatda, ümumilikdə, 200 nəfər işlə təmin olunub.

***

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib.

Publika.az xəbər verir ki, dövlət başçısına bildirildi ki, Girdəni kəndindəki bu çəltik təsərrüfatının ümumi sahəsi 225 hektardır. Hazırda 35 hektar sahədə əkin aparılıb. Gələcəkdə çəltik sahəsinin 27,5 hektar genişləndirilməsi nəzərdə tutulub. Bundan başqa, müəssisənin Şiyavar kəndində də çəltik sahəsi mövcuddur.

Azərbaycan Prezidentinə çəltik əkininin aparıldığı son texnologiya barədə də məlumat verildi. Bildirildi ki, hazırda “Cənub-Aqro” MMC-nin sahələrindəki çəltik əkinində ən müasir texnoloji üsullardan və avadanlıqdan istifadə olunur

Qeyd edildi ki, rayonda çəltikçilik əsasən Girdəni, Veravul, Ürgə, Siyavar, Hirkan, Xolmili, Şıxəkaran, Mamusta, Separadi və digər kəndlərdə inkişaf etdirilir.

Diqqətə çatdırıldı ki, Lənkəranda “Cənub-Aqro” MMC-nin çəltik zavodunun inşası da mühüm əhəmiyyəti ilə seçilir. Regionda əhəmiyyətli layihələrdən olan bu müəssisə 1 hektar ərazidə tikilib.

Dövlətimizin başçısı “Cənub-Aqro” MMC-nin çəltik zavodunun açılışında iştirak etdi.

Prezident İlham Əliyev müəssisəni işə saldı.

Məlumat verildi ki, zavodun tikintisinə 2016-cı ilin noyabrında başlanıb və bu ilin avqustunda başa çatdırılıb.

Prezident İlham Əliyev müəssisədə istehsal prosesi ilə tanış oldu.

Zavodun aylıq emal gücü 300 ton və düyüqurutma gücü isə 900 tondur. Müəssisədə 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün iki dəfə artırılması və işçilərin sayının 60 nəfərə çatdırılması nəzərdə tutulub.

***

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində "Astara Çay" MMC-nin plantasiyalarına baxıb.
Publika.az
xəbər verir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısı, məhsul istehsalçılarına verilən subsidiyalar çayçılığın inkişafı üçün də geniş imkanlar yaradıb. Statistikaya görə, Azərbaycanda çay istehsalının 91 faizi Lənkəran iqtisadi rayonunun payına düşür. Bu sahənin daha da inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi xeyli artacaq. Təkcə ötən il ölkə üzrə min ton çay istehsal edilib, 12 hektar ərazidə yeni çay plantasiyaları salınıb. Bundan başqa, çayçılığın inkişafı ilə bağlı sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər də verilir. Belə ki, bu sahədə çalışan sahibkarlara ümumilikdə 10,7 milyon manat güzəştli kredit verilib. Bunun da nəticəsində 450 nəfər işlə təmin olunub.

Prezidentə məlumat verilib ki, respublika üzrə mövcud 1016 hektar çay sahəsinin 568 hektarı Lənkəran, 345 hektarı Astara, 60 hektarı Zaqatala və 43 hektarı Masallı rayonlarının ərazisindədir. Bu ilin iyul ayınadək mövcud çay sahələrindən 444,1 ton yaşıl çay yarpağı istehsal olunub və hazırda bu proses davam etdirilir. Lənkəran rayonu ərazisində 568 hektar çay sahəsinin 289 hektarı "Astara Çay" MMC-yə məxsusdur.

"Astara Çay" MMC 2010-cu ildə təsis edilib. Quru çay istehsalı üçün istifadə edilən xammal yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarındakı plantasiyalardan tədarük olunur. Bu plantasiyalarda əkilən "Konxida" çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən alınıb. Toxumlar sınaqdan keçirilib, yerli şəraitə uyğunlaşdırılaraq əkilib. Ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən çayın becərilməsi və emalı zamanı heç bir kimyəvi qatqıdan istifadə edilmir. Dörd ildir ki, çay sahələrində Almaniyanın LACON şirkəti tərəfindən ekoloji müşahidələr aparılır. Astara rayonu ərazisində, həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Fabrik gündə 10 ton yaşıl çay emal etmək gücünə malikdir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanır. Fabrikdə dəqiqədə 8 çay bükümü istehsal edilir. Astara çay fabriki 2016-ci ildə İSO 9001 və İSO 14001 sertifikatlarına layiq görülüb.

Prezident "Astara Çay" MMC-nin işçiləri ilə söhbət edib:

İşçiləR: Xoş gəlmisiniz, cənab prezident. Sizin səfəriniz əlamətdar günə təsadüf edir. Sizi və ailə üzvlərinizi Qurban bayramı münasibətilə təbrik edirik. Sizə uzun ömür, cansağlığı arzulayırıq. Sizin sayənizdə sakit, firavan həyat yaşayırıq. Allah sizi qorusun.

Prezident: Sağ olun. Mən də sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Şadam ki, siz burada işləyirsiniz. Oradakı fotoşəkillərdə bu sahənin əvvəlki görüntüləri əks olunub. Burada heç bir təsərrüfat yox idi, kol-kos idi. İndi gözəl çay plantasiyaları yaradılıb və siz də ənənəvi işlə təmin olunmusunuz. Çünki çayçılıq cənub zonası, xüsusilə Lənkəran üçün ənənəvi sahədir. Burada həm dövlət üçün, həm də özünüz üçün fəaliyyət göstərirsiniz. Həm çayçılıq inkişaf edir, həm də siz əməkhaqqı alırsınız. Çayçılıq çox gözəl, ekoloji cəhətdən təmiz işdir. İşləmək də o qədər çətin deyil.

İşçilər: Buna görə də sizə minnətdarıq. Çox sağ olun. Allah sizə cansağlığı versin.

Prezident: Sağ olun. Lənkəranda çayçılıq daha da inkişaf etdiriləcək, yeni sahələr salınacaq. Çayçılığın əvvəlki şöhrətini bərpa edəcəyik.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkərana səfəri çərçivəsində fermer Araz Yaqubovun “Yaşıl Çay” MMC-nin plantasiyasında görülən işlərlə tanış olub.

Dövlət başçısına plantasiya barədə ətraflı məlumat verilib. Bildirilib ki, sovetlər dönəmində Lənkəranın İstisu qəsəbəsində böyük çay təsərrüfatı mövcud olub. Lakin durğunluq illərində həmin plantasiyalar sıradan çıxıb. Hazırda Prezident İlham Əliyevin böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır. “Yaşıl Çay” MMC də yaradılan bu şəraitdən səmərəli istifadə edir. Fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi var. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən “Kolxida” sortundan ibarət çay plantasiyaları salınıb. 2015-ci ildə - ölkədə elan edilən “Kənd təsərrüfatı ili”ndə ilk dəfə seçmə üsulu ilə yığım aparan “Yaşıl Çay” fermer təsərrüfatının sahələrindən bu il daha bol məhsul gözlənilir. Təsərrüfatın ümumi çay əkini sahəsi 61 hektardır. Gələcəkdə isə çay sahələrinin ümumi sahəsi 100 hektara çatdırılacaq. Sahələrin Hollandiyadan dəvət olunan mütəxəssislər tərəfindən qurulmuş suvarma şəbəkəsi vasitəsilə çiləmə üsulundan istifadə etməklə suvarılması həyata keçirilir. Təsərrüfatda xaricdən gətirilən ən müasir texnika və avadanlıqdan istifadə olunur. Plantasiyalara qulluq zamanı kimyəvi vasitələrdən istifadə edilmir. Mineral gübrələr əvəzinə üzvü gübrələrdən daha çox istifadə olunur. Bunun nəticəsində burada yetişdirilən çay yarpağı ekoloji cəhətdən tam təmiz olur.

Prezident İlham Əliyevə məlumat verilib ki, yığılan yaşıl çay yarpağı müəssisənin nəzdindəki istehsal sahəsində emal edilir və qablaşdırılır. Burada yüksək keyfiyyətli “Lənkəran çayı” brendi altında müxtəlif çeşiddə çaylar istehsal edilir.

Dövlət başçısı “Yaşıl Çay” MMC-nin tut tingləri əkilən sahəsinə də baxıb. Bildirilib ki, hazırda ölkəmizdə baramaçılığın yem bazasının formalaşdırılması, tut tinglərinin əkilib-becərilməsi, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Baramaçılığın inkişaf etdirilməsi üçün intensiv tipli yeni tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilən tinglərin 40 mini bölgü əsasında Lənkəran rayonuna göndərilib. Həmin tinglərin 12 mini rayonun “Yaşıl Çay” fermer təsərrüfatına verilib. Qısa müddətdə təsərrüfatın işçiləri tut tinglərini aqrotexniki qaydada hazırlanan torpaqlara əkiblər. Bununla da təsərrüfatda yeni bir sahənin - baramaçılığın yem bazasının əsası qoyulub.

Sonra Prezident İlham Əliyev fermer təsərrüfatının işçiləri ilə görüşüb.

İşçilər: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz?

İşçilər: Çox sağ olun, yaxşıyıq. Bayramınızı təbrik edirik, cənab Prezident. Qədəmləriniz uğurlu olsun.

Prezident İlham Əliyev: Sağ olun. Mən də sizi təbrik edirəm, bayramınız mübarək.

İşçilər: Bizim üçün bu şəraiti yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Sağ olun. Çox yaxşıdır ki, burada çayçılıq inkişaf edir. Lənkəran həmişə Azərbaycan çayçılığının mərkəzi olub. İndi də bu ənənəvi sahəni bərpa edirik. Çox şadam ki, bu sahə bərpa olunur. Sahələr artırılır və iş yerləri açılır, xüsusilə də qadınlar üçün. Çünki ənənəvi olaraq Azərbaycanda çayçılıqla qadınlar məşğul olurlar. Necədir işinizdən razısınız?

İşçilər: Bəli, cənab Prezident, razıyıq.

Prezident İlham Əliyev: Yaxşı maaş verilir?

İşçilər: Bəli, yaxşıdır.

Prezident İlham Əliyev: Çox yaxşı.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyevsentyabrın 2-də Lənkəran rayonuna səfərə gedib.

Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə abidənin ətrafında, eləcə də rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

***

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri çərçivəsində “Günəşli-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkında yaradılan şəraitlə tanış olub.

Cəlilabadın Günəşli kəndində müasir tələblərə cavab verən aqroparkın yaradılması bir neçə vacib məqamı özündə birləşdirir. İlk növbədə, bu cür layihələrin həyata keçirilməsi kənd təsərrüfatının vacib sahələrindən olan heyvandarlığın inkişafına təkan verir, bu sahədə elmi yeniliklərin tətbiqinə şərait yaradır. Bundan başqa, belə aqroparklar ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə mal-qaranın cins tərkibini yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Ən əsası isə bu cür müəssisələrin fəaliyyətə başlaması rayonun iqtisadi imkanlarını artırmaqla yeni iş yerlərinin yaranmasına səbəb olur. Belə müəssisələrin fəaliyyətə başlaması həm də regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə, idxalı əvəzləyən və ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin tərkib hissəsi kimi xarakterizə edilir.

Dövlətimizin başçısı aqroparkın texniki göstəricilərini əks etdirən stendə baxdı.

Məlumat verildi ki, aqroparkın sahəsi 1600 hektardır. Onun 1200 hektarında müasir suvarma - pivot sistemləri quraşdırılıb. Ümumi dəyəri 12,7 milyon manat olan bu sistemin qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4 milyon manat güzəştli kredit verilib. Aqroparkın torpaqlarının 563 hektarında arpa, 530 hektarında şəkər çuğunduru, 219 hektarında buğda, 160 hektarında pambıq, 68 hektarında qarğıdalı, 60 hektarında isə yonca əkilib. Əkilmiş sahələrdən 1745 ton arpa, 610 ton buğda, 1278 ton qarğıdalı, 20 min ədəd yonca və 30 min ədəd saman bağlaması götürülüb. 2018-ci ildə 173 hektarda pambıq, 240 hektarda buğda, 507 hektarda arpa, 80 hektarda qarğıdalı, 530 hektarda şəkər çuğunduru və 70 hektarda yonca əkilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevə, həmçinin İqtisadiyyat Nazirliyinin təklifləri əsasında regionlarda yaradılan və yaradılacaq aqroparklar barədə də məlumat verildi.

Hazırda respublikada 26 rayon üzrə 157,8 min hektar ərazidə 37 aqroparkın yaradılması təşviq olunur. Bundan 23-ü iri bitkiçilik təsərrüfatı, 14-ü isə heyvandarlıq kompleksidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. İndiyədək 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda “Yalama Aqropark”ı və Şəmkir rayonunda “Şəmkir Aqropark”ıdır. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılmasına başlanılıb. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq.

Sonra dövlətimizin başçısı “Günəşli-Aqro” MMC-nin aqroparkı ilə yaxından tanış oldu. İlkin mərhələdə burada 500 başlıq südlük istiqamətli heyvandarlıq kompleksi üzrə 2 ferma binası və talvarlar, yardımçı binalar tikilib və sağım sistemi quraşdırılıb. Gələcəkdə aqroparkda 2500 baş ətlik istiqamətli heyvan saxlanılması nəzərdə tutulur. Bununla da kompleksin tutumu 3000 başa çatdırılacaq. Təsərrüfata ilkin mərhələdə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 232 baş cins inək gətirilib. Bundan başqa, aqropark üçün kənd təsərrüfatı texnikaları, o cümlədən Türkiyədən hər birindən 2 ədəd olmaqla kombayn, qarğıdalıbiçən, silosdoğrayan, otbiçən, otbağlayan, gübrədaşıyan, otdoğrayan maşın, süd tankeri və taxılsəpən qoşqu alınıb. Bundan başqa, burada 40 ədəd elektron, 20 ədəd mexaniki sağım aparatı quraşdırılıb, “Belarus” markalı 3 traktor, 3 qoşqu və 3 kotan alınıb.

Aqroparkda dəyəri 4,1 milyon manat olan heyvandarlıq kompleksi üçün investisiya təşviqi sənədi də verilib. Gələcəkdə aqroparkda dəyəri 5 milyon manat, gündəlik emal gücü 20 ton olan süd zavodunun və dəyəri 1.5 milyon manat, illik gücü 1000 ton ət kəsimi olan fabrikin yaradılması nəzərdə tutulur. Layihələrin icrası nəticəsində 350-dək yeni iş yeri yaradılacaq.

Bu cür aqroparkların yaradılması bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı istiqamətində görülən işlər, dövlətimizin başçısının bu sahənin təkmilləşdirilməsi və müasirləşdirilməsi üçün qəbul etdiyi qərarlar artıq öz bəhrəsini verir.

***

Sentyabrın 2-də Cəlilabadda “Avanqard” Məhdud Məsuliyyətli Cəmiyyətinin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, bu emal kompleksinin ümumi ərazisi 5 hektardır. Kompleksin tərkibinə taxıl anbarı, dəyirman, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodu daxildir.

Paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodunda paxlalı bitkilərin, o cümlədən noxud, lobya, mərci və digərlərinin çeşidlənməsi və qablaşdırılması üçün müasir avadanlıqlar quraşdırılıb. Gücü saatda 5 ton olan zavod məhsulun keyfiyyətli olması üçün bütün zəruri avadanlıqla təchiz edilib. Emal kompleksində müasir tələblərə cavab verən taxıl anbarı və dəyirmanda Azərbaycan və Türkiyə, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodunda isə Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılıb. Müəssisənin 100 faiz yerli xammal bazası əsasında fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu məqsədlə regionda fəaliyyət göstərən fermerlərlə müvafiq müqavilələr bağlanıb və onlarla emal kompleksinin tələbatına uyğun olaraq məhsul istehsal etmələri istiqamətində təşviqat işləri aparılıb. Bu layihə emal müəssisəsinin fəaliyyəti zamanı idxaldan asılılığı azaltmaqla yanaşı, yerli fermerlərə stimul verir, onları məhsul istehsalının həcmini daha da artırmağa sövq edir.

Qeyd edildi ki, taxıl anbarının tutumu 10 min ton, müasir dəyirman kompleksinin emal gücü isə saatda 30 tondur. Ümumi dəyəri 5,3 milyon manat olan taxıl anbarı və dəyirman kompleksinin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon manat məbləğində güzəştli kredit, həmçinin dəyəri 850 min manat olan çeşidləmə və qablaşdırma avadanlıqları üçün investisiya təşviqi sənədi verilib. Xammal və hazır məhsulların daşınması üçün iri tutumlu 5 nəqliyyat vasitəsi alınıb.

Layihənin tam icrası nəticəsində 80-dək daimi yeni iş yeri yaradılacaq. Ölkədə bu cür müəssisələrin yaradılması idxaldan asılılığın aradan qaldırılması və ixracyönümlü məhsulların çeşidinin artırılmasında da mühüm rol oynayır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlər çərçivəsində yeni magistral yollar salınır və mövcud yollar müasir səviyyədə yenidən qurulur. Respublika əhəmiyyətli yollarla bərabər, kənd və qəsəbələrarası yolların təmirinə və yenidən qurulmasına göstərilən diqqət ölkədə, ilk növbədə, sosial layihələrin ardıcıl xarakter aldığını aydın nümayiş etdirir. Belə layihələrdən biri də Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır.

Sentyabrın 2-də Cəlilabad rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında iştirak edib.

Bu avtomobil yolu 2017-ci ildə ölkədə icra ediləcək “40 yol layihəsi” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müasir səviyyədə yüksək keyfiyyətlə və texnoloji ardıcıllıqla yenidən qurulub.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, 20 min nəfər əhalinin yaşadığı 23 kəndi birləşdirən bu yolun ümumi uzunluğu 21,2 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun yolun eni 6 metrdir. İki hərəkət zolaqlı avtomobil yolunun yenidən qurulması zamanı müxtəlif diametrli suötürücü borular quraşdırılıb, müxtəlif yol nişanları və göstərici lövhələr qoyulub. Bu layihənin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin sosial məsələlərinin həllinə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə, həmçinin yük və sərnişin daşımasının xeyli yaxşılaşmasına töhfə verəcək.

Prezident İlham Əliyev Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.

Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunda da mühüm uğurlar əldə edilib. Dövlətimizin başçısının bu sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, imzaladığı sənədlər və verdiyi tapşırıqlar İKT sektorunun müasir tələblər səviyyəsinə çatmasına hərtərəfli zəmin yaradıb. Bu inkişaf özünü telekommunikasiya qovşaqlarının binalarının əsaslı şəkildə yenidən qurulmasında, ən müasir avadanlıqla təchiz olunmasında da aydın büruzə verir. Cəlilabadda Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasının əsaslı şəkildə yenidən qurulması bu işlərin coğrafiyasının ölkənin hər yerini əhatə etdiyini göstərir. Son dövrlərdə bu sahədə bir sıra mühüm layihələr icra olunub ki, bunlar da, ilk növbədə, əhaliyə yüksək səviyyədə İKT xidmətləri göstərmək üçün hərtərəfli şərait yaradıb. Bu baxımdan “Şəbəkə” xidmət mərkəzlərinin də böyük rolu var. “Şəbəkə” müxtəlif xidmətlərin vahid məkanda cəmlənməsinə şərait yaradıb. Bu isə, ilk növbədə, vətəndaşların vaxt itkisini aradan qaldırmağa, onların vahid məkanda bir neçə əməliyyatı yerinə yetirməsinə geniş imkan verir. Bundan başqa, bu xidmət həm də nağdsız ödənişlər üçün əlverişli zəmin yaradır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə İKT sektorunun inkişafı prioritet sahələrdən biri kimi qəbul edilib və bu istiqamətdə olduqca əhəmiyyətli addımlar atılıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Cəlilabad Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Sahəsi 1700 kvadratmetrdən çox olan dördmərtəbəli bina əsaslı təmir-tikinti işləri aparılaraq yenidən qurulub. Qovşağın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Qovşağın birinci mərtəbəsində “Şəbəkə” xidmət mərkəzi yaradılıb. Nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bir məkanda təqdim ediləcək. “Şəbəkə” xidmət mərkəzində poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, “Elektron hökumət”, “Elektron imza”, valyuta mübadiləsi, poçtap xidməti, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmətlər təqdim olunacaq. Sahəsi 450 kvadratmetr olan mərkəz əsaslı təmir edilib. Ən son texnoloji tələblərə uyğun avadanlıqla təchiz olunan mərkəzdə müasir çeşidləmə otağı yaradılıb.

Dövlətimizin başçısına mərkəzdəki elektron hökumət ödəmə sistemi barədə də məlumat verildi. Qeyd olundu ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Mərkəzdəki “Elektron imza” və “Elektron hökumət” portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, vətəndaşlar mərkəzdən aviabiletlər əldə edə bilərlər. Burada müvafiq təlimlər keçmiş işçilər həftənin 7 günü saat 9:00-dan 20:00-dək vətəndaşlara xidmət göstərəcəklər. Mərkəzdə könüllülər də fəaliyyət göstərirlər. Gələcəkdə onların bu müəssisədə çalışmaları nəzərdə tutulub.

Qovşağın binasının inzibati hissəsinin foyesində ulu öndər Heydər Əliyevin siyasəti fəaliyyəti, həmçinin dövlətimizin başçısının İKT sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Qovşaqda fəaliyyət göstərəcək Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə yaradılıb. Ölkə üzrə 15 regionda 17 mərkəz fəaliyyət göstərir. Onlayn təhsil portalı vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant təlimlər keçirilir.

Prezident İlham Əliyevə respublika üzrə telekommunikasiya qovşaqlarında quraşdırılacaq yeni nəsil avadanlıqlar barədə də məlumat verildi.

Bildirildi ki, telekommunikasiya qovşaqlarının bu avadanlıqlarla təchiz edilməsi nəticəsində xidməti ən müasir səviyyəyə çatdırmaq mümkün olacaq. Azərbaycan Prezidentinin tapşırığına əsasən, regionlarda mövcud telekommunikasiya infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində layihələrə start verilib. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan Dövlət Proqramına uyğun olaraq, ölkə əhalisinin genişzolaqlı internetə çıxışının daha da yaxşılaşdırılması üçün aparılan işlər bütün regionları əhatə edəcək.

Sonda xatirə şəkli çəkdirildi.

***

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astaraya qədər inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Yolun ümumi uzunluğu 173,6 kilometrdir. Layihəyə əsasən yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yol iki gediş və iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 15 metrdir. Bu avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. Bunlar 25 kilometrlik Yenikənd-Salyan, 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Masallı-Cəlilabad və 61,4 kilometrlik Masallı-Astara hissələridir. Yolun Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burada yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə qaya-daş parçaları gətirilib. Ümumilikdə magistral yolun 55 kilometr uzunluğunda bu iki hissəsi üzrə tikinti işləri gələn il yekunlaşdırılacaq.

Diqqətə çatdırıldı ki, burada işlər texnoloji ardıcıllığa uyğun qaydada aparılıb. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsi müasir səviyyədə yenidən qurulub. Avtomobil yolunun tikintisi Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq aparılıb. Yol birinci texniki dərəcəyə aiddir. Dörd hərəkət zolaqlı yolun eni 26,5 metrdir. Layihəyə əsasən, yol boyu 14 yeni körpü və 2 tunel də tikilib, 5 yerdə mal-qara keçidi yaradılıb. Hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometrdir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 kilometr qısalaraq 205 kilometr olacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Böyük iqtisadi və sosial əhəmiyyəti ilə seçilən bu layihənin həyata keçirilməsi bölgədə turizmin və kənd təsərrüfatının inkişafına da öz töhfəsini verəcək. Bundan başqa, bu layihənin icrası şimaldan cənuba doğru və əks istiqamətdə yükdaşımaların həcmini artıracaq, Şimal-Cənub dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Sonda xatirə şəkli çəkdirildi.

***

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri çərçivəsində şəhərin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə “Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması” layihəsi barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, bu layihə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su anbarından suyun Cəlilabad şəhərində hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə verilməsi üçün ümumi uzunluğu 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi yaradılıb, evlər su sayğacları ilə təmin edilib.

Qeyd olundu ki, çirkab sularının nəqli üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr olan kanalizasiya kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif diametrli təzyiqli çirkab su xətti və 186383 metr uzunluğunda çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 4371 baxış quyusu inşa edilib, evlər bu şəbəkəyə qoşulub. Layihə üzrə 5 kanalizasiya nasos stansiyasının ikisində işlər tam yekunlaşdırılıb, üçündə isə inşaat işləri başa çatdırılaraq mexaniki və elektromexaniki işlər davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr olan çirkab su təmizləyici qurğuda inşaat işləri davam etdirilir.

Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək şəhərə içməli su subartezian quyularından verilirdi. Su şəbəkəsi şəhər əhalisinin yalnız 6,1 faizinə xidmət edirdi. İçməli su gün ərzində 2-4 saatlıq qrafik əsasında verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Cəlilabad şəhərinin kanalizasiya sistemi də müasir tələblərə cavab vermirdi.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Xoş gördük, sizi, ilk növbədə, Qurban bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Cəlilabad rayonunun bütün sakinlərinə yeni uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram.

Bu gözəl bayram günlərində Cəlilabad şəhərinin içməli su problemi də öz həllini tapır. Mən bilirəm ki, uzun illər ərzində su problemi Cəlilabad sakinlərini çox narahat edirdi, su fasilələrlə, gündə bir neçə saat verilirdi. Elə günlər var idi ki, su, ümumiyyətlə, olmurdu. İndi isə bu məsələ birdəfəlik öz həllini tapıbdır və Cəlilabad şəhərinə 24 saat ərzində keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su verilir. Bu, çox böyük hadisədir, tarixi hadisədir. Mən bunu həmişə qeyd edirəm, bu layihənin icrası onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Çünki bu, sırf sosial layihədir. Bu layihə çox böyük vəsait tələb edirdi və Azərbaycan dövləti bu vəsaiti ayırdı ki, Cəlilabad sakinləri təmiz, keyfiyyətli içməli su ilə təmin olunsunlar.

Bu layihənin icrası ölkəmizin inkişafını göstərir. Göstərir ki, bu gün də Azərbaycan uğurla inkişaf edir, sosial-iqtisadi layihələrə böyük vəsait ayrılır. Bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır və ölkə qarşısında duran bütün vəzifələrin icrası üçün ardıcıl siyasət aparılır.

İndi içməli su layihələrinin icrası ölkəmizdə geniş vüsət alıb. Qarşıya vəzifə qoyulubdur ki, hər bir şəhərin içməli su məsələsi öz həllini tapsın və biz bu məqsədə yaxınlaşırıq. Eyni zamanda, kəndlərdə də, qəsəbələrdə də bu məsələlər öz həllini tapır. Biz müxtəlif imkanlardan istifadə edirik. Həm çayboyu kəndlərdə təmizləyici qurğular quraşdırılır, eyni zamanda, magistral su xətləri çəkilir. Bir sözlə, içməli su problemi Azərbaycanda əsaslı şəkildə öz həllini tapır və tapacaqdır. Deyə bilərəm ki, bu da insan sağlamlığına ən çox müsbət təsir edən amildir. Çünki su həyatdır, təmiz su sağlam həyat deməkdir. Azərbaycan vətəndaşları sağlam olmalıdırlar. Azərbaycan dövləti bu məqsədə çatmaq üçün bir çox tədbirlər görür.

Siz yaxşı bilirsiniz ki, artıq neçə ildir ölkəmizdə tibbi müayinədən keçən insanların sayı 5 milyona çatıbdır. Biz bu xidməti pulsuz, dövlət hesabına təqdim edirik. Bu, nəyə görə mümkün olub? Ona görə ki, indi hər bir yerdə müasir tibb ocaqları var, o cümlədən Cəlilabad rayonunda. Mən hər iki tibb müəssisəsinin - həm Müalicə Diaqnostika Mərkəzinin, həm də Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak etmişəm. Bu iki böyük tibb ocağı Cəlilabad rayon sakinlərinə çox yaxşı xidmət edir.

Ümumiyyətlə, Cəlilabad rayonunun inkişafına böyük diqqət göstərilir. Mən rayonda dəfələrlə olmuşam. Bu səfər Prezident kimi mənim səkkizinci səfərimdir və hər dəfə müxtəlif tədbirlərin açılışında iştirak etmişəm. Son illər ərzində rayonda bir çox sosial layihələr icra edilib. Qeyd etdiyim kimi, xəstəxana, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, şahmat məktəbi, Gənclər Evi, 20-dən çox məktəb tikilib. Dörd kənd yolu layihəsi icra edilib və bu layihələrin icrası imkan verib ki, 100 min əhali bu yollardan istifadə etsin. Çünki bu 4 layihənin əhatə dairəsi çox böyükdür. Bu, 60-dan çox kəndi əhatə edir.

Bu gün mən Cəlilabad-Masallı, Masallı-Lənkəran magistral avtomobil yolunun açılışını etdim. Bu da çox gözəl layihədir. İndi Bakıdan Astaraya qədər çox gözəl magistral yol salınır. Əlbəttə ki, bu istiqamətdə yerləşən bütün rayon sakinləri bu imkanlardan istifadə edəcəklər. Cəlilabad şəhəri üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəlki magistral yol şəhər mərkəzindən keçirdi və istər-istəməz bu, müəyyən problemlərə gətirib çıxarırdı, həm yük maşınları, həm də ki, böyük maşın axını insanları narahat edirdi. İndi isə yeni bir trass açılıbdır və beləliklə, bu məsələ də öz həllini tapır.

Cəlilabadda digər məsələlər də öz həllini tapır, qazlaşdırma prosesi gedir. Hələ ki, 70 faiz səviyyəsindədir, ancaq bu, artacaq. Əvvəlki illərlə müqayisədə bu, böyük nailiyyətdir. Ancaq biz çalışmalıyıq ki, kəndlərimiz maksimum qazlaşdırılsın. Cəlilabad rayonunda 100-dən çox kənd var və çalışacağıq ki, kəndlərin əksəriyyətinə qaz xətləri çəkilsin. İçməli su məsələsi bu gün öz həllini tapıbdır. Elektrik enerjisi ilə təminat hesab edirəm ki, problem yaratmır. Əlbəttə ki, sosial və iqtisadi məsələlər gündəlikdədir.

Cəlilabadda kənd təsərrüfatının inkişafı sürətlə gedir. Xüsusilə son vaxtlar kənd təsərrüfatının bütün sahələrinə böyük diqqət göstərilir. Cəlilabadda da vətəndaşlar, sahibkarlar buna çox müsbət reaksiya verirlər və kənd təsərrüfatının istehsalı artır. Eyni zamanda, mənə verilən məlumata görə, indi Cəlilabadda yetişdirilən kənd təsərrüfatı məhsulları xarici bazarlara çıxarılır. Bu, insanların dolanışığı üçün yaxşıdır, ölkəmiz üçün yaxşıdır, ölkəmizə valyuta gəlir. Biz əlbəttə ki, növbəti illərdə bu sahəyə daha da böyük diqqət göstərəcəyik. Eyni zamanda, yeni suvarılan torpaqların dövriyyəyə cəlb edilməsi istiqamətində işlər gedəcək. Buna böyük ehtiyac var. İndi ölkəmizdə on minlərlə hektar sahədə yeni suvarma layihələri icra edilir. Bu il bu vaxta qədər suvarılmayan 100 min hektardan çox torpağa su veriləcək, gələn il də həmçinin. Cəlilabad rayonunda isə suvarılan torpaqların həcmi o qədər də böyük deyil. Mənə məlumat verilib ki, indi torpaqların təqribən 10 faizi suvarılır. Biz əlavə tədbirlər görməliyik, vəsait ayrılmalıdır ki, suvarılan torpaqların sahəsi böyüsün. Belə olan halda məhsuldarlıq daha da yaxşı olacaq. Əminəm ki, kənd təsərrüfatının, sahibkarlığın inkişafı, emal müəssisələrinin yaradılması növbəti illərdə Cəlilabad rayonu üçün əsas istiqamət olacaqdır.

O ki qaldı, infrastruktur layihələrinə, onların demək olar ki, hamısı icra edilib və edilir- içməli su, elektrik, qazlaşdırma, kənd yolları, magistral yollar, sosial obyektlər, xəstəxana, diaqnostika mərkəzi, məktəblər. Yəni, bütün sosial kompleks yeniləşib. Şəhər də abadlaşır, gözəlləşir. Mən Prezident kimi ilk dəfə Cəlilabada 2004-cü ildə gəlmişdim. On üç il ərzində Cəlilabad böyük yol keçib, şəhər gözəlləşib, abadlaşıb və yeni imkanlar yaranıb.

Bugünkü hadisə çox əlamətdar hadisədir, müqəddəs Qurban bayramına təsadüf edir. Ancaq bu, təsadüfi deyil. Hesab edirəm ki, bu bayram günündə bu layihə Cəlilabad şəhəri üçün gözəl hədiyyədir. Sizi bir daha bu münasibətlə təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

X X X

Rayon ictimaiyyəti adından çıxış edən Əməkdar Müəllim Qərənfil ƏHMƏDOVA göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

-Möhtərəm cənab Prezident, rayonumuza xoş gəlmisiniz. Bu müqəddəs Qurban bayramı günündə rayonumuza səfərinizlə biz cəlilabadlılara ikiqat sevinc bəxş etdiniz. Biz də fürsətdən istifadə edərək Sizi, ailənizi bu bayram münasibətilə ürəkdən təbrik edirik, Sizə cansağlığı arzulayırıq. Uca Tanrıdan kəsdiyiniz qurbanların qəbul olunmasını diləyirik. İnanırıq ki, kəsdiyiniz hər bir qurbanda, etdiyiniz duada bizi nəzərə almısınız, həmişə biz Azərbaycan xalqına xoş gün-güzəran, əmin-amanlıq arzu etmisiniz.

Bu gün açılışına toplaşdığımız bu tədbirin əhəmiyyətini sözlə ifadə etmək çətindir. Suyun insan həyatı üçün nə dərəcədə əhəmiyyətli olduğunu hər kəs bilir. Su, yol çəkmək həmişə savab iş olub. Çox sevindirici haldır ki, bu gün rayonumuzda həm yeni su xətti, həm də yeni yol çəkilib.

Möhtərəm Prezident, bu müqəddəs gündə belə savab işlərə görə cəlilabadlıların Sizə etdiyi dualar həmişə köməyinizdə olsun. Biz cəlilabadlılar uzun zaman idi içməli su sarıdan çox əziyyət çəkirdik. Hərə bir yolla, müxtəlif çətinliklərlə evinə su gətirirdi. Biz bu gün Allaha çox şükür edir, Sizə dərin təşəkkürümüzü bildiririk ki, məhz Sizin tapşırığınızla bu problem öz həllini tapdı. İcazə verin, gördüyünüz savab işə görə bu müqəddəs gündə Sizə bütün cəlilabadlılar adından dərin minnətdarlığımızı bildirək, “Çox sağ olun!” deyək. Su həyatdır, su aydınlıqdır, su şəffaflıqdır. Yolunuz həmişə aydın, işıqlı, şəffaf olsun, cənab Prezident! Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib.

Azərbaycan Prezidenti yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2008-ci ildə imzalanmış saziş əsasında aparılır. Yolun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb. Bu, yolda avtomobillərin rahat hərəkətinin tam təmin edilməsinə şərait yaradır.

Ümumiyyətlə, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən magistralların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometr uzunluğunda Lənkəran-Masallı hissəsinin tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib.

Azərbaycan Prezidenti Cəlilabad şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad etdi.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, Heydər Əliyev parkı rayon sakinlərinin istirahət üçün üz tutduqları ən çox sevilən məkanlardan biridir. Burada fəvvarələr quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Parkda sakinlərin istirahətlərinin səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm