İlham Əliyev İqtisadiyyat Nazirliyinə göstəriş verdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev İqtisadiyyat Nazirliyinə göstəriş verdi

"İqtisadiyyat Nazirliyinə göstəriş verilmişdir ki, gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlasın".

Bunu Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqi zamanı bildirib.

Dövlət başçısı deyib ki, sənaye zonalarının yaradılması artıq reallaşır: "Mən bu barədə bir neçə il bundan əvvəlki müşavirələrdə də demişdim ki, hər rayonda müasir sənaye zonaları yaradılmalıdır. Biz artıq buna da nail oluruq. Bu yaxınlarda Neftçala Sənaye Məhəlləsinin açılışı oldu. Balaxanıda, Masallıda sənaye zonaları yaradılır. Mingəçevirdə böyük tekstilyönümlü yüngül sənaye zonası yaradılır. Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılır. İqtisadiyyat Nazirliyinə göstəriş verilmişdir ki, gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlasın. Neftçala rayonunda və digər rayonlarda olduğu kimi, burada da dövlət yenə də əsas yükü öz üzərinə götürəcək. Bütün infrastruktur, bütün tikililər - anbarların, istehsalat sahələrinin binaları dövlət tərəfindən inşa ediləcək. Qoy, sahibkarlar təkliflər versinlər, bazarın düzgün monitorinqini aparsınlar. Xüsusilə o sahələrə üstünlük verilməlidir ki, biz o sahələrdə hələ idxaldan asılıyıq. Yəni, birinci növbədə idxal təhlil edilməli və idxalı əvəzləyən məhsulların istehsalı ilə bağlı təkliflər verilməlidir. Bununla bərabər, əlbəttə ki, ixrac potensialı olan istehsalın yaradılması da diqqət mərkəzində olmalıdır. Yəni, daxili tələbat və ixrac sənaye zonalarının əsas meyarları olmalıdır. Ona görə, ixrac bazarları da düzgün təhlil edilməlidir ki, biz hansı məhsulla hansı bazara çıxa bilərik. Elə olmasın ki, belə zonalar yaradılsın, orada məhsul istehsal olunsun, sonra da onu sata bilməsinlər. Əlbəttə ki, sahibkarlar da bu işlərdə çox fəal iştirak etməlidirlər - həm bölgələrdə, həm də Bakıda yaşayan sahibkarlar. Bu zonaların çox böyük potensialı var. Çünki bizim, - mən bu barədə dəfələrlə demişəm, - bir neçə ənənəvi sənaye mərkəzimiz var - Bakı, Sumqayıt, Gəncə, indi Mingəçevir şəhərləri və digər bölgələr. Hesab edirəm ki, əksər rayonlarda sənaye zonalarının yaradılması yaxşı nəticə verəcək".

Prezident İlham Əliyev qeyd edib ki, tikinti sektorunda canlanma gedir: "Bu, tikinti materialları sektoruna da müsbət təsir göstərir. Gələn il bu sahədə işlər daha da sürətlə gedəcək. Hazırda Bakı şəhərində 95 böyük inşaat layihəsi icra edilir - 95 yaşayış binası tikilir. Bu binaların özəlliyi ondan ibarətdir ki, onlar yararsız, qəzalı vəziyyətdə olan binaların, bəzi hallarda daxmaların yerində tikiləcək. Orada yaşayan vətəndaşlara kompensasiya ödənilir, yaxud da ki, kirayə pulu verilir. Sonra onlar daha da böyük mənzillərlə təmin ediləcəklər. Artıq bir layihə icra edilib. Orada əvvəllər yaşamış və bu gün yaşayan sakinlər çox razıdırlar. Onlara təmirli, müasir və daha böyük həcmli mənzillər verilmişdir. Bu, həm sosial, həm də iqtisadi layihədir. Bunun tikinti sektoruna çox böyük təsiri var. Eyni zamanda, MİDA-nın - Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə Yasamal rayonunda böyük şəhərcik tikilir. Gələn ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmalıdır ki, həm bu layihə davam etdirilsin, həm də Hövsan qəsəbəsində MİDA-nın yeni layihəsi icra olunsun".

Dövlət başçısı vurğulayıb ki, “ASAN xidmət” mərkəzlərinin tikintisi davam etdirilir: "Yaxın aylarda Mingəçevir və Quba şəhərlərində yeni mərkəzlər açılacaq. Şəki və İmişli şəhərlərində isə gələn il yeni mərkəzlərin açılması nəzərdə tutulur. Mən hesab edirəm ki, gələn il əlavə bir neçə şəhərdə “ASAN xidmət” mərkəzlərinin tikintisi başlanmalıdır. Çünki bu layihənin çox böyük səmərəsi var, xalq tərəfindən yüksək qiymətləndirilir, bəyənmə əmsalı 100 faizə yaxındır. Ona görə biz çalışmalıyıq ki, bütün bölgələrdə, - indi biz buna yaxınlaşırıq, - bundan sonra hər bir yerdə “ASAN xidmət” fəaliyyət göstərsin. “ASAN” öz funksiyalarını genişləndirir. İndi kommunal xidmətlər göstərilir. “ABAD mərkəz”lər yaradılır. Mən Masallıda, Balakəndə olarkən artıq orada kəndli-fermerlərin məhsulları ilə də tanış oldum. Bunun çox böyük faydası var. Eyni zamanda, “ABAD mərkəz”lərin yaradılması özünüməşğulluq proqramının icrasına da böyük dəstək olacaq. Özünüməşğulluq proqramına gəldikdə, mən əvvəlki müşavirələrdə bu barədə göstərişlər vermişəm. İndi qanunvericilikdə də lazımi düzəlişlər edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər böyük vəsaiti yaranacaq və bu vəsait də özünüməşğulluq proqramının icrasına yönəldilir. İlkin məlumat müsbətdir. Bu məsələ yerlərdə çox böyük həvəslə qarşılanır. Əlbəttə ki, dövlət ağır vəziyyətdə yaşayanlar üçün öz hesabına pulsuz imkan yaradır, vəsait verir ki, onlar bundan sonra öz dolanışığını lazımi səviyyədə təmin etsinlər".

Prezident İlham Əliyev deyib ki, turizmin inkişafı növbəti reallıqdır: "Son bir-iki il ərzində bu sahədə sürətli inkişafı görürük. Yerlərdəki turizm mərkəzlərində mənə deyirlər ki, xüsusilə yay aylarında və əsas turizm mövsümündə otellərdə yer olmur. Ona görə, yeni otellərin tikintisi mütləq təmin edilməlidir. Yerli icra orqanları şərait yaratmalıdırlar, yerlər ayırmalıdırlar və özəl sektor bu sahəyə fəal investisiya qoymalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm