Bakıdan Qarsa ilk qatarlar yola salındı - FOTOLAR - (YENİLƏNİR)
Bizi izləyin

Rəsmi xronika

Bakıdan Qarsa ilk qatarlar yola salındı - FOTOLAR - (YENİLƏNİR)

Sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurdular və yoldəyişən qurğunu işə saldılar.

Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salındı.

Dövlət və hökumət başçıları memorial daşın üzərindən örtüyü götürdülər və birgə foto çəkdirdilər.

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşdülər.

***

"Bakı-Tbilisi-Qars dəmir yolunun açılış münasibəti ilə sizinlə bir yerdə olmaqdan şadam".

Bunu Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R. T. Ərdoğan bildirib ki, ölkələrin rifahı istiqamətində yeni addım atılır: "Yeni İpək Yolunun bir həlqəsi, Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi istifadəyə verilir. Artıq Londondan Pekinə qatarlar birbaşa hərəkət edəcək. Azərbaycanlı dostlarımız deyir ki, zəhmətlə yeyilən soğan minnətlə yeyilən baldan şirindir. Bu layihənin bütün bölgəmiz, xalqlarımız üçün xeyirli olmasını diləyirəm".

Türkiyə prezidenti qeyd edib ki, üç ölkə dünyanın ürəyi adlanan bir hissədə yerləşir: "Türkiyə olaraq son 15 ildə bu istiqamətdə imkanlardan istifadə etmək üçün səylər göstəririk. İstanbulda üçüncü körpü və digər layihələr bunların bir hissəsidir. Həyata keçirdiyimiz layihələrlə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini artırırıq.

Qazaxıstanı Aktau, Türkmənistanı Türkmənbaşı limanı ilə Avropaya bağlayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu 6 milyon ton yük və 1 milyon sərnişin daşıya biləcək. 2030-cu ildə 17 milyon ton yük, 3 milyon sərnişin daşınacaq. Hazırda Çindən Avropaya ildə 240 milyon ton yük daşınır. Bu yükün 10 faizi belə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınsa, bu, 24 milyon ton olacaq".

R. T. Ərdoğan nəzərə çatdırıb ki, bölgənin qədim dövlətləri olaraq birlikdə daha böyük layihələrə imza atıla bilər: "Cənub Qaz Dəhlizi bunlardan biridir. Bir daha hər kəsi təbrik edirəm".

***

"Özbəkistan Şərq-Qərb nəqliyyat dəhlizinə xüsusi önəm verir, bu sahəyə investisiyalar qoyur".

Bunu tədbirdə Özbəkistan baş naziri Abdulla Aripov bildirib.

O qeyd edib ki, əlverişli nəqliyyat dəhlizi ölkələrin iqtisadi inteqrasiyasında böyük rol oynayacaq: "Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm elementidir. Özbəkistan yüklərinin bu nəqliyyat dəhlizi ilə daşınmasında maraqlıdır. Bu, ölkələrimizin iqtisadi imkanlarından daha səmərəli istifadə etməyə imkan yaradacaq. Azərbaycan prezidenti İlham Əliyevə, Türkiyə prezidentinə və digər iştirakçılara bu layihənin uğurla başa çatdırılması münasibəti ilə təbrikimi çatdırıram". (apa)

***

"Bu layihə Qazaxıstanın Xəzərdə logistik imkanlarını artıracaq, Çindən Avropaya yüklərin daşınmasına əlverişli şərait yaradacaq, yüklər 2 dəfə tez daşınacaq".

Bunu təntənəli tədbirdə çıxışında Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev deyib. O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Cənubi Qafqazda sülh və sabitlik üçün önəmlidir: "Çindən gələn konteyner Qazaxıstan limanından və Xəzərdən keçməklə Azərbaycana çatır və bu yük bu gün Azərbaycandan yola salınacaq". (apa)

***

"Bu gün region müxtəlif çağırışlarla üz-üzədir. Stabilliyə yönələn Bakı-Tbilisi-Qarslayihəsi böyük diqqətə layiqdir".

Bunu tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.

Gürcüstanın baş naziri bildirib ki, layihə mövcud iqtisadi reallığı dəyişəcək: "Bu gün yeni Avrasiya körpüsü istifadəyə verilir. Yeni dəmir yolu marşrutunun tam işə düşməsi ilə regionun nəqliyyat və ticarət statusu möhkəmlənəcək. Bakı-Tbilisi-Qars dəmir yolu həm də 1 milyon sərnişinə xidmət göstərəcək. Layihə turizmə təkan verəcək, yeni iş yerləri yaradılacaq".

Giorgi Kvirikaşvili qeyd edib ki, beynəlxalq daşınmaların təşviqi üçün Azərbaycan, Türkiyə və Gürcüstan yeni nəqliyyat layihələrinin həyata keçirilməsinə böyük önəm verir: "Yeni limanlar tikilir, yollar müasirləşdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun uğuru Çinlə artan iqtisadi əlaqələrdir. Bu gün konteyner qatarı Çindən yola çıxdıqdan sonra 8 günə mənzil başına çatır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bu layihənin ərsəyə gəlməsində böyük rol oynayıb".

Baş nazir nəzərə çatdırıb ki, noyabrın 28-29-da Tbilisidə İpək Yolu sammiti keçiriləcək: "Biz şirkətlərin də iştirak edəcəyi bu sammitdə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha diqqətə çatdıracağıq. Biz bir-birimizin yanında olmaqla, həm ölkələrimiz, həm də regionumuz üçün böyük uğurlar qazanacağıq". (apa)

***

"Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibəti ilə sizi təbrik edirəm. Bu təntənəli mərasimə qardaş, dost ölkələrdən qonaqlar gəlib. Burada Türkiyə prezidenti, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirləri, Tacikistan və Qırğızıstandan nümayəndələr iştirak edir. Bunun özü layihənin əhəmiyyətini təsdiqləyir".

Bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, bu, tarixi, strateji əhəmiyyətli layihədir: "Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. İlk mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon ton yükün daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yol sabitliyə, təhlükəsizliyə xidmət edəcək, qarşılıqlı sərmayə artacaq, turizm inkişaf edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq. Bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını etmişik. Bu kəmər Xəzər dənizini Aralıq dənizini birləşdirən infrastruktur layihəsidir. Bu neftlə Xəzərin şərq hissəsindən də neft ixrac edilir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də 3 ölkənin əməkdaşlığı nəticəsində inşa olunub və 10 ildir, uğurla fəaliyyət göstərir. Bu üç ölkə elektrik xətlərini də birləşdirib".

Dövlət başçısı qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan, Türkiyə və Gürcüstanın dostluğunun, qardaşlığının nəticəsidir: "Bu ölkələr bölgə və dünya üçün əhəmiyyətli layihələr ərsəyə gətirir. Hazırda Cənub Qaz Dəhlizi uğurla icra olunur. TAP layihəsinin icrası 60 faizə yaxındır. Əvvəllər neft-qaz sahəsində layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu barədə ancaq danışa bilərdik".

Prezident qeyd edib ki, bəziləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatacağına inanmırdılar: "Azərbaycan, Türkiyə və Gürcüstan bu layihəni uğurla reallaşdırdı”.

O bildirib ki, layihəyə Orta Asiya ölkələri böyük maraq göstərir: “Bu yolun Avropa üçün böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə danışıqlar aparıb, Avropa ölkələri bu dəmir yolu xəttinə böyük maraq göstərir”.

Dövlət başçısı qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi də böyük önəm daşıyır: “Azərbaycan bu istiqamətdə dəmir yolu şəbəkəsini yaradıb, digər ölkələrdə də bu istiqamətdə dəmir yolunun çəkilməsinə sərmayə qoyur. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji-nəqliyyat dəhlizləri istifadəyə veriləcək. Bakı-Tbilisi-Qarsdəmir yolundan Çin, Qazaxıstan, digər Orta Asiya ölkələri, Avropa ölkələri istifadə edəcək. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistandan başlayaraq Rusiyaya qədər ölkələri birləşdirəcək”.

Prezident nəzərə çatdırıb ki, 2004-cü ildən indiyə qədər Azərbaycanda 11 min km yol tikilib, 6 aeroport istifadəyə verilib: “Azərbaycanın 20-yə qədər iri yük təyyarəsi var. Azərbaycanın Xəzərdə 270 gəmidən ibarət böyük donanması var. Azərbaycanda bir neçə il əvvəl böyük gəmiqayırma zavodu tikilib. Gələcəkdə Xəzərdə yük həcminin artması ilə zavod daha böyük sürətlə çalışacaq. Ələt dəniz limanının birinci fazası gələn il istifadəyə veriləcək. 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci fazanın istifadəyə verilməsi ilə yük ötürmə 25 milyon tona çatacaq”.

İ. Əliyevin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu qlobal layihədir: “Bu yoldan biz böyük vəsait əldə edəcəyik. Bir daha deyirəm ki, bu layihənin həyata keçirilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyi ilə başa gəlib. Biz heç yerdən kredit, yardım almadıq. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yolu həmişə açıq olacaq”. (apa)

***

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak edirlər.

Prezident İlham Əliyev açılış mərasimində nitq söyləyir.

x x x

Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm