Prezident qəbul keçirdi - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Prezident qəbul keçirdi - FOTO (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold Estoniya Respublikasının Baş naziri Yuri Ratasın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Avropa İttifaqı rəhbərliyi və qəbulda iştirak edən bütün səfirlər adından bildirdi ki, təmsil etdiyi qurum Azərbaycanla əlaqələrə xüsusi diqqət göstərir və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çox müsbət şəkildə inkişaf edir. Yaan Reynhold dedi ki, yeni sazişlə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib və Avropa İttifaqı bu istiqamətdə səylərini bundan sonra da əsirgəməyəcək. Yaxın vaxtlarda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə toxunan səfir qeyd etdi ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığına və bu tərəfdaşlıqla bağlı olan layihələrə tam sadiqdir və bu əməkdaşlığı yüksək qiymətləndirir. Diplomat bir daha vurğuladı ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri pozitiv və dinamik şəkildə inkişaf edir.

Azərbaycan Prezidentinin Brüsselə son səfərinə toxunan Yaan Reynhold bildirdi ki, təmsil etdiyi təşkilat bu səfərə böyük önəm verir və təsadüfi deyil ki, səfərin növbəti günündə yeni saziş üzrə danışıqlara başlanılıb. O, eyni zamanda, dedi ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı mövcud potensialın tam həyata keçirilməsi baxımından möhkəm əsaslara söykənir. Səfir bildirdi ki, demokratik islahatlar sahəsində Azərbaycanın əldə etdiyi inkişaf önəmlidir və Azərbaycanın dini azadlıq, tolerantlıq, mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi təcrübə çox dəyərlidir. Yaan Reynhold, xüsusilə, energetika sahəsində strateji əməkdaşlığın böyük önəm daşıdığını dedi.

Dövlətimizin başçısı Avropa İttifaqı-Azərbaycan əlaqələri ilə bağlı deyilən fikirlərə görə minnətdarlığını bildirdi. Bu ilin fevralında Brüsselə səfərinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər Şərq Tərəfdaşlığı çərçivəsində və ümumilikdə Avropa Komissiyası ilə əlaqələrin inkişafında böyük rol oynayıb. Dövlətimizin başçısı Azərbaycanla Avropa İttifaqı əlaqələrinin genişlənməsi baxımından Şərq Tərəfdaşlığı təşəbbüsünün əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın təşkilata üzv olan 10-dan çox ölkə ilə strateji tərəfdaşlığa dair sənədlərin imzalanmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycanla Avropa İttifaqı arasında sazişə toxunan dövlətimizin başçısı bu sahədə də işlərin çox müsbət istiqamətdə irəlilədiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, siyasi əlaqələrimiz uğurla inkişaf edir, əməkdaşlığımız çoxşaxəlidir və geniş sahələri, o cümlədən demokratik inkişaf, multikulturalizm, iqtisadi və digər sahələri əhatə edir. Avropanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı dedi ki, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrində də əlaqələr inkişaf edir.

Prezident İlham Əliyev belə geniş tərkibdə nümayəndə heyətinin səfərini uğurlu əməkdaşlığımızın təzahürü kimi dəyərləndirdi və ümidvar olduğunu bildirdi ki, bu səfər nümayəndə heyətinin üzvlərinin Azərbaycanda gedən inkişaf proseslərinin şahidi olması və ölkəmiz haqqında daha çox informasiya əldə edilməsi üçün yaxşı imkan yaradacaq.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Estoniya Respublikasının Baş naziri Yuri Ratasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Estoniyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edərək əməkdaşlığımızın artıq siyasi dialoq kimi mühüm sahəni və digər istiqamətləri əhatə etdiyini dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafında dövlət başçıları arasında keçirilən görüşlərin əhəmiyyətini vurğulayaraq Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərini və onunla müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı yüksək səviyyədə keçirilən görüşlər və danışıqlarda əldə edilmiş razılaşmaların tam şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Ölkəmizin Əfqanıstanı dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan hərbi qulluqçularının Əfqanıstanda sülhməramlı missiyada iştirakı və logistik təchizatda fəal rolunun əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı, eyni zamanda, investisiya və iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirdi.

Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakimi, ilk növbədə, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Nazir Azərbaycanın ölkəsinə verdiyi dəstəyin Əfqanıstan rəhbərliyi və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. O qeyd etdi ki, səfərinin əsas məqsədi əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsindən ibarətdir.

Dövlətimizin başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm