İlham Əliyev Binəli Yıldırımla görüşdü - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Binəli Yıldırımla görüşdü - FOTO (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Binəli Yıldırımı qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşü oldu.

Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Baş nazir, mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz sizin səfərinizə böyük önəm veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək. Biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün belədir və həmişə də belə olacaq. Bizi çox dərin əlaqələr bağlayır. Bu gün biz siyasi, iqtisadi, bütün başqa sahələrdə çox yüksək səviyyəli əməkdaşlıq edirik. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir, iqtisadi sahədə yaxşı nəticələr var. Keçən il ticarət dövriyyəsi artmışdır, qarşılıqlı sərmayə qoyulur. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoymuşdur. Bu sərmayə qoyuluşu davam edir, daha da böyük rəqəmlərə çatacaq.

Bu il TANAP layihəsinin istismara verilməsini biz birlikdə qeyd edəcəyik. Bu, tarixi layihədir və uğurla başa çatır, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq, eyni zamanda, bu layihədən faydalanan ölkələr üçün də yeni imkanlar açacaq. Keçən il biz Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını təntənəli şəkildə qeyd etdik və bu gün bu yol artıq uğurla fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan və TANAP-dan sonra bu, üçüncü tarixi layihəmizdir. Ölkələrimiz bu layihəni birlikdə icra edirlər. Yəni, bütün sahələrdə bizim əməkdaşlığımızın çox gözəl nəticələri var. Bu nəticələr xalqlarımız, ölkələrimiz üçün çox əhəmiyyətlidir və Avrasiya qitəsi üçün də böyük əhəmiyyət daşıyır.

Biz bu gün bu və digər məsələləri müzakirə edəcəyik və Türkiyə ilə Azərbaycanın gələcək birgə fəaliyyəti haqqında danışacağıq. Bir daha xoş gəlmisiniz.

***

Baş nazir Binəli Yıldırım dedi:

- Xoş gördük və çox təşəkkür edirəm, hörmətli cənab Prezident.

Sizin də ifadə etdiyiniz kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Ölkələrimiz arasındakı münasibətlər gündən-günə daha da inkişaf edir. Həm Türkiyədə, həm də Azərbaycanda qarşılıqlı investisiyalarımız, ticarətimiz artır, turizm sahəsində əməkdaşlığımız inkişaf edir. Biz bununla kifayətlənmirik. Eyni zamanda, region ölkələrinin də inkişaf etməsi üçün Türkiyə və Azərbaycan olaraq birlikdə çalışırıq. Qafqaz regionunda Gürcüstanın, Azərbaycanın və Türkiyənin həyata keçirdiyi layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, TANAP, Bakı-Tbilisi-Ərzurum təbii qaz layihələri təkcə bizim ölkələri maraqlandıran layihələr deyil, eyni zamanda, Avropanı da maraqlandıran, enerji təhlükəsizliyini təmin edən layihələrdir. Uzaq Şərqdən, Orta Asiyadan Azərbaycan ərazisindən Türkiyəyə və Avropaya daşımaları təmin edəcək tarixi “İpək Yolu” - Bakı-Tbilisi-Qars layihəsi Sizin qətiyyətiniz və təşəbbüsünüzlə, cənab Prezidentimizin də töhfəsi ilə reallaşdı. Vaxtilə bir xəyal olan bu layihə indi bölgəyə xidmət etməyə başlayıb və eyni zamanda, Naxçıvana da ciddi logistik dəstək verir.

Bu gün qardaş və dost Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram. Bizə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm.

***

Görüşdən sonra Prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım birgə nahar etdilər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.

Prezident İlham Əliyev Baş nazir Binəli Yıldırımı qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşü oldu.

Görüşdən sonra Prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım birgə nahar etdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm