İlham Əliyev onları qəbul etdi - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev onları qəbul etdi - FOTO (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Hindistan Respublikasının xarici işlər naziri xanım Suşma Svaracın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az-ın xəbərinə görə,dövlətimizin başçısı Hindistan Respublikasının xarici işlər naziri Suşma Svaracın Qoşulmama Hərəkatı nazirlər konfransında iştirakının əhəmiyyətinə toxunaraq səfərin, eyni zamanda, ikitərəfli münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Bakıda keçirilən Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransının əhəmiyyətinə toxunan Suşma Svarac Hindistanın bu təşkilatın təsisçi üzvü olduğunu vurğuladı və tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında tarixi əlaqələrin mövcud olduğunu deyən Suşma Svarac bu gün də ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi və ticarət dövriyyəsinin böyük həcmdə artmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. O, ölkəsində genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini qeyd edərək bu sahədə Hindistanın böyük potensiala malik olduğunu dedi. Nazir ölkəsinin Bakı-Tbilisi-Ceyhan layihəsində iştirakının önəmini vurğuladı və eyni zamanda, digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Hindistanlı nazir ölkəsinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizi layihələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı.

Öz növbəsində, ticarət dövriyyəsinin artmasından məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, ticarət, nəqliyyat, turizm sahələrində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi. Bakı-Tbilisi-Ceyhan qlobal layihəsində Hindistanın iştirakından məmnunluğunu bildirən Prezident İlham Əliyev gələcəkdə Hindistanın digər şirkətlərinin Azərbaycan iqtisadiyyatında investor kimi iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az bildirir ki, dövlət naziri Ənvər Qarqaş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransının önəminə toxunan Ənvər Qarqaş dövlətimizin başçısı ilə bundan əvvəl keçirilən görüşü məmnunluqla xatırladı. Ölkələrimiz arasında əlaqələrə toxunan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Azərbaycanda turistlər üçün viza rejiminin sadələşdirilməsini yüksək qiymətləndirərək, bunun ölkəsindən xeyli sayda turistlərin Azərbaycana gəlməsi işinə böyük təkan verdiyini vurğuladı.

Dövlətimizin başçısı Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşın iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda turizmin inkişafı sahəsində görülən işlərə toxunaraq, viza rejiminin daha da sadələşdirilməsi istiqamətində əlavə addımların atılmasının nəzərdə tutulduğunu dedi və BƏƏ-dən gələn turistlərin təkcə Bakıya deyil, regionlara da səfər etmələrinin önəmini qeyd etdi.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Zurab Pololikaşvilini Dünya Turizm Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi və ona işində uğurlar arzuladı. Dövlətimizin başçısı Azərbaycanın Dünya Turizm Təşkilatı ilə ənənəvi uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq Zurab Pololikaşvilinin ölkəmizə səfərinin əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycan Prezidenti ilə görüşündən qürur hissi keçirdiyini deyən Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili rəhbərlik etdiyi qurumun və özünün fəaliyyətinə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Azərbaycanda son illər turizmin sürətlə inkişaf etdiyi, ölkəmizə gələn xarici qonaqların sayının durmadan artdığı məmnunluqla qeyd olundu, Bakıda və regionlarda turizmin inkişafı üçün yüksək səviyyədə infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm