İlham Əliyev onları qəbul etdi - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev onları qəbul etdi - (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak ilə görüşüb.

Prezident İlham Əliyev Miroslav Layçakın Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin Qoşulmama Hərəkatının gənc, lakin, eyni zamanda, çox fəal üzvü olduğunu bildirdi.

BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak Azərbaycana hər səfərindən sonra ölkəmizdəki böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi. O, Azərbaycana Qoşulmama Hərəkatı təşkilatına sədrliyi dövründə uğurlar arzuladı. Miroslav Layçak ölkəmizin BMT çərçivəsində fəal roluna görə təbriklərini çatdırdı, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa, həmçinin beynəlxalq terrorizmlə mübarizə sahəsinə verdiyi dəstəyin dünyada yüksək qiymətləndirildiyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın mühüm tədbirlər təşkil etdiyini vurğulayaraq ölkəmizin beynəlxalq əməkdaşlıq işinə böyük töhfə verdiyini dedi. “Bakı Prosesi”nə və digər təşəbbüslərə BMT-nin verdiyi dəstəyə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu yaxınlarda ölkəmizdə mühüm beynəlxalq məsələlərin müzakirə olunduğu Qlobal Bakı Forumunun keçirildiyini və BMT-nin baş katibi Antonio Quterreşin bu tədbirə müraciət ünvanladığını məmnunluqla xatırladı. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin təşkil etdiyi beynəlxalq tədbirlər əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi işinə yönəlib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, miqrasiya və iqlim dəyişikliyi problemləri və BMT-nin qarşısında duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserratın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az bildirir ki, dövlətimizin başçısı Azərbaycan ilə Venesuela arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduronun ölkəmizə səfərini və beynəlxalq təşkilatlar çərçivəsində keçdikləri görüşləri xatırladaraq səmərəli müzakirələrin aparıldığını vurğuladı.

Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirdi, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın və Venesuelanın həm BMT-də, həm də Qoşulmama Hərəkatı çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini vurğuladı.

Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat Prezident Nikolas Maduronun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Venesuelanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyərək ölkəsinin Azərbaycanda səfirliyinin açılmasının planlaşdırılmasını bu niyyətin göstəricisi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı Prezident Nikolas Maduronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamını Venesuela dövlətinin başçısına çatdırmağı xahiş etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Pradip Kumar Qyavalinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az xəbər verir ki, xarici işlər naziri Pradip Kumar Qyavali Nepal Prezidenti xanım Bidhya Devi Bhandarinin və Baş nazir Kxadqa Prasad Şarma Olinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qoşulmama Hərəkatının nazirlər konfransının yüksək səviyyədə təşkili və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Nepalın xarici işlər naziri konfransın açılış mərasimində Prezident İlham Əliyevin nitqinin böyük maraqla qarşılandığını dedi. Əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayan Nepalın xarici işlər naziri turizm, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin qurulmasının əhəmiyyətini qeyd etdi.

İkitərəfli əlaqələrin məmnunluq doğurduğunu, iqtisadi, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması üçün imkanların mövcudluğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz BMT çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Dövlətimizin başçısı Qoşulmama Hərəkatında həmrəyliyin daha da gücləndirilməsinin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Nepal Prezidenti və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Nepalın dövlət və hökumət başçılarına çatdırmağı xahiş etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Serbiya Respublikası Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az-ın xəbərinə görə, Prezident İlham Əliyev Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının əhəmiyyətinə toxundu. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı vurğuladı ki, Serbiya Azərbaycan üçün dost və tərəfdaş ölkədir. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər nazirinin səfərinin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı.

Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu qeyd edən İvitsa Daçiç əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.

Dövlətimizin başçısı Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm