İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Sloveniya Respublikasının Prezidenti Borut Pahordan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ölkənizin inkişafı və rifahı naminə ən xoş arzularımı bildirirəm.

Sizə ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzu edirəm.

Sloveniya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminəm. İnanıram ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz və xalqlarımız arasında hərtərəfli əməkdaşlıq beynəlxalq aləmdə sülh və sabitliyin qorunması naminə daha da inkişaf edəcək.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

XXX

Azərbaycan Respublikasının ABŞ-ın Nyu-Meksiko ştatındakı fəxri konsulu Art Makhaffidən Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində (ABƏŞ) erkən neft layihəsi çərçivəsində Sizinlə çalışdığım illəri fərəh hissi ilə xatırlayıram. Siz Azərbaycanın maraqlarını daim hər şeydən üstün tutaraq, ABƏŞ-in fəaliyyətə başlamasına və qarşısına qoyulan tapşırıqların öhdəsindən uğurla gəlməsinə öz qayğınızı göstərmisiniz.

Erkən neft layihəsi Qərbin neft şirkətlərinin Azərbaycan Respublikasında uğurla fəaliyyət göstərə biləcəyini sübut edən bir pilot layihəsi idi. Həmin layihə Azərbaycana investisiyaların uğurla cəlb olunmasına şərait yaratdı, atanız Zati-aliləri Heydər Əliyevin və daha sonra Sizin Prezidentliyiniz dövründə “Azəri-Çıraq-Günəşli” yatağının tam istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, “Şahdəniz” və “Cənub Qaz Dəhlizi” kimi layihələrin həyata keçirilməsi üçün xarici sərmayələrin Azərbaycana cəlb edilməsində olduqca mühüm rol oynadı. Neft-qaz sənayesindən əldə edilən gəlirlər maliyyə, əmlak, telekommunikasiya və digər xidmət sahələri də daxil olmaqla, Azərbaycanın iqtisadiyyatının sürətli inkişafına təkan verdi.

Erkən neft layihəsi çərçivəsində təyinatım başa çatdığına görə 1997-ci ildə Azərbaycandan geri qayıtmalı oldum. Sonra 2004-cü, 2006-cı, 2009-cu, 2011-ci və 2014-cü illərdə yenidən ölkənizə səfər etdim. Azərbaycana etdiyim hər səfərdə əvvəlki səfərlərlə müqayisədə daha böyük iqtisadi inkişaf və ümumiyyətlə, ölkənin müsbət istiqamətdə transformasiyasını görürəm. Həmçinin Azərbaycan Dövlət Neft Fondunun gələcək nəsillər üçün qoyduğu sərmayələrdən də böyük məmnunluq hissi keçirirəm.

2010-cu ildən Azərbaycan Respublikasının ABŞ-ın Nyu-Meksiko ştatında fəxri konsulu kimi fəaliyyət göstərmək mənim üçün böyük şərəfdir. Mənə Azərbaycan Respublikasının maraqlarına xidmət etmək imkanı yaratdığınız üçün Sizə təşəkkürümü bildirirəm. Fəxri konsul olduğum bu illər ərzində Azərbaycan Respublikası və Nyu-Meksiko ştatı arasında möhkəm və qarşılıqlı faydalı əlaqələr qurulmuşdur. Nyu-Meksiko ştatının qanunverici orqanı Azərbaycan-ABŞ strateji tərəfdaşlığını və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, həmçinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalını və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətini, eləcə də Xocalıda törədilmiş qətliamı pisləyən çoxsaylı qətnamələr qəbul etmişdir. Bu müddət ərzində mən Nyu-Meksiko ştatının rəsmi nümayəndələri ilə görüşlər keçirmiş, müxtəlif ictimai tədbirlərdə Azərbaycan haqqında mühazirələr oxumuşam. Ticarət, mədəniyyət, həmçinin təhsil sahəsində mübadilələr təşkil etmişəm. 2018-ci ilin yanvar ayında Nyu-Meksiko Nümayəndələr Palatası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tarixi qətnamənin qəbul olunmasında iştirak etmişəm.

Sizi bir daha təbrik edir və yeni prezidentlik müddətinizdə böyük uğurlar arzulayıram. Başa düşürəm ki, Sizin çox gərgin iş qrafikiniz var, ancaq Bakıya növbəti səfərim zamanı Sizin tərəfinizdən qəbul edilmək mənim üçün yüksək şərəf olardı".

XXX

Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderdən Konqresin baş icraçı direktoru Robert Zingerdən:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi dünyanın yüzdən çox ölkəsində yəhudi icmaları və təşkilatlarını təmsil edən Ümumdünya Yəhudi Konqresi adından təbrik etməkdən çox məmnunuq.

Sizin Azərbaycanda yəhudi icmasına davamlı dəstəyinizi həmişə yüksək qiymətləndirmişik. Sizinlə Bakıdakı son görüşümüzdə dediyiniz kimi, Azərbaycan və yəhudi xalqlarının uzun bir dostluq tarixi var və iki xalq arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Əminik ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında güclü ikitərəfli münasibətlər bundan sonra da inkişaf edəcəkdir.

Seçkilərdəki qələbəniz münasibətilə Sizi bir daha təbrik edirik. Zati-alinizə salamlarımızı və təbriklərimizi şəxsən çatdıracağımız günü səbirsizliklə gözləyirik".

XXX

Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyinin sədri Novruz Bayramovdan:

"Zati-aliləri. Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizə bütün dünya azərbaycanlıları kimi Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyi də sevinir və bunu ürəkdən alqışlayır.

Hörmətli İlham Heydər oğlu, Siz bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını davam etdirərək beynəlxalq aləmdə doğma Vətəninizə şöhrət, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq gətirdiniz. Sizin seçkilərdəki inamlı qələbəniz buna bir daha əyani sübutdur. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi qətiyyətli lideri var.

Biz əminik ki, Siz dünyada və ölkənizdə sülhün və əmin-amanlığın bərqərar olması üçün bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz.

Cənab Prezident, bu parlaq qələbə münasibətilə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq".

XXX

Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmlər doktoru Fərhad Turanlıdan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Əminəm ki, bu tarixi hadisə Azərbaycanın iqtisadi, sosial, siyasi inkişafında və beynəlxalq əlaqələrinin genişlənməsində yeni tərəqqi dövrünün başlanğıcı olacaqdır. Bu yeni dövrdə təhsil ocaqlarımızda milli dəyərlərə əsaslanaraq Azərbaycanın tarixi, dili, mədəniyyəti, coğrafiyası dərindən öyrənilərək daha geniş təbliğ olunacaq, təhsil və elm müasir tələblər səviyyəsinə yüksəldiləcəkdir. Sizin sərəncamlarınızla yeni hökumətdə güclü və gənc mütəxəssislərin təmsil olunması təqdirəlayiqdir.

Xarici ölkələrdə ictimai-elmi fəaliyyət göstərən vətənpərvər azərbaycanlılar inanırlar ki, Sizin rəhbərliyinizlə Azərbaycan böyük uğurlar qazanmaqda davam edəcək, Azərbaycan Ordusu cəsur hərbçiləri və müasir silahları ilə, Konstitusiyaya və xalqın iradəsinə əsaslanaraq tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaqdır. Sizi əmin edirəm ki, diaspor və lobbiçilik fəaliyyətimizi daha da gücləndirərək, Vətənimiz Azərbaycanın milli mənafelərini bundan sonra da ləyaqətlə qoruyacağıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm