İlham Əliyev və xanımı Formula 1 yarışının qaliblərini mükafatlandırdılar - FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev və xanımı Formula 1 yarışının qaliblərini mükafatlandırdılar - FOTOLAR - (YENİLƏNDİ)

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar.

Publika.az xəbər verir ki, həmçinin mükafatlandırma mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərov iştirak ediblər.

Yarışda birinci yeri tutan "Mercedes" klubunun pilotu Lüis Hemiltona mükafatı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Konstruktorlar kuboku "Mercedes" komandasının rəsmisinə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən təqdim olunub.

İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raikkonenə kuboku gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkiardonun qələbəsi ilə başa çatıb.

***

Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunacaqlar.

Sonra Azərbaycan Respublikasının dövlət himni ifa edilib.

Dövlət himninin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.

Sürücülərin start düzülüşü bu ardıcıllıqladır: Sebastyan Fettel (“Ferrari”), Lüis Hemilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Daniel Rikkardo, Maks Ferstappen (hər ikisi “Red Bull”), Kimi Raykkonen (“Ferrari”), Esteban Okon, Serxio Peres (hər ikisi “Force İndia”), Karlos Sayns (“Renault”), Lens Stroll, Sergey Sirotkin (hər ikisi “Williams”), Fernando Alonso (“McLaren”), Şarl Lekler (“Sauber”), Niko Hülkenberq (“Renault”), Kevin Maqnussen (“Haas”), Stoffel Vandorn (“McLaren”), Pyer Qasli (“Toro Rosso”), Markus Eriksson (“Sauber”), Brendon Hartli (“Toro Rosso”), Romen Qrojan (“Haas”).

Qeyd edək ki, mövsümün dördüncü Qran Prisində hər birindən iki nəfər olmaqla, 10 komandanın 20 pilotu iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm