Prezidentdən Ordubadla bağlı 2 SƏRƏNCAM
Bizi izləyin

Rəsmi xronika

Prezidentdən Ordubadla bağlı 2 SƏRƏNCAM

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sosial-iqtisadi inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən elektrik enerjisi sistemində yeni qurğuların inşası, ötürücü və paylayıcı şəbəkələrin yaradılması ölkəmizdə innovativ texnologiyaların tətbiqi əsasında daha da təkmilləşdirilir. Son illərdə bu sahədə ayrı-ayrı dövlət proqramları çərçivəsində icra edilən tikinti-quruculuq işləri generasiya potensialını əhəmiyyətli dərəcədə artırmış, ötürücü və paylayıcı infrastrukturu genişləndirmişdir. Ölkə ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında yeni elektrik stansiyalarının istismara verilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsinə zəmin yaradır.

Sərəncamda qeyd edilir ki, gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

***

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Son illərdə həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində ölkədə yüksək inkişafa nail olunub, aparılan islahatlar və genişmiqyaslı infrastruktur layihələri davamlı inkişaf üçün şərait yaradıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Hazırda respublikanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı mühüm layihələr uğurla icra olunur.

Sərəncamda qeyd edilir ki, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 30 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm