Prezident İlham Əliyev: "Azərbaycanda gedən demokratik proseslər dünya birliyi tərəfindən yüksək qiymətləndirilir"
Bizi izləyin

Rəsmi xronika

Prezident İlham Əliyev: "Azərbaycanda gedən demokratik proseslər dünya birliyi tərəfindən yüksək qiymətləndirilir"

Seçkilərdən sonra bir çox ölkələrin dövlət və hökumət başçıları mənə təbrik məktubları göndəriblər. Onların arasında dünyanın bütün aparıcı ölkələrinin dövlət və hökumət başçıları var. Bu, bir daha onu göstərir ki, beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Xarici siyasətimizin uğurlarından danışan dövlətimizin başçısı qeyd edib ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülüb, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilib. Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri var. “Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olub. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi İli” bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənib.

Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər var. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir”, - deyə Prezident bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxıb: “Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlayıb. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək”.

Prezident İlham Əliyev vurğulayıb ki, apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. “Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm