Azərbaycan Prezidenti: "Buna şərait yaradan dövlət məmurları ciddi cəzalandırılacaqlar"
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan Prezidenti: "Buna şərait yaradan dövlət məmurları ciddi cəzalandırılacaqlar"

Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar.

Publika.az AZƏRTACA-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident qeyd edib ki, bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk.

Dövlətimizin başçısı bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır. Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər.

Prezident vurğulayıb ki, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq. Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm