• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Prezident Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzaladı

Prezident Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzaladı

Prezident İlham Əliyev "Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb.

Publika.az-ın məlumatına görə, fərmanla “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi” təsdiq edilib.

Dənizkənarı Bulvar İdarəsində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Prezidentə (Bulvar İdarəsinin nizamnaməsinin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Bulvar İdarəsinin yenidən təşkili və ləğvi), Nazirlər Kabinetinə (illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi) Bulvar İdarəsinə (inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, strukturunun təsdiq edilməsi) həvalə edilir.

Bulvar İdarəsinin nizamnamə fondu 69 059 580 manat müəyyən edilir.

Bulvar İdarəsinin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti yaradılır. Bulvar İdarəsi İdarə Heyətinin sədrini və onun müavinlərini Prezident vəzifəyə təyin və vəzifədən azad edir.

Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və icra vəziyyəti barədə beş ay müddətində Prezidentə məlumat vermək, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin istifadəsində olan dövlət əmlakının Bulvar İdarəsinin balansına verilməsini bir ay müddətində təmin etmək, bu fərmana uyğun olaraq Bulvar İdarəsinin balansına verilən dövlət əmlakının qiymətləndirilərək onun nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini üç ay müddətində Prezidentə təqdim etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bulvar İdarəsi ilə razılaşdırılmaqla, Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyasının və müvafiq yenidənqurma (rekonstruksiya) proqramının layihəsini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Dənizkənarı Bulvar İdarəsi dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət etməli, Bulvar İdarəsinin işçilərinin say həddini və əməkhaqlarını bir ay müddətində müəyyənləşdirməlidir.

Vergilər Nazirliyinə Dənizkənarı Bulvar İdarəsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək, Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR