Prezident İlham Əliyev Astaradadır - FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Prezident İlham Əliyev Astaradadır - FOTOLAR - (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub.

Ölkəmizdə yeni-yeni istirahət guşələri, park və xiyabanların yaradılması və onların vətəndaşların ixtiyarına verilməsi həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biridir. Prezident İlham Əliyevin tapşırığına əsasən son illərdə paytaxt Bakı ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında da yeni park, xiyaban, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Bu məsələyə Astarada da xüsusi diqqətlə yanaşılır.

Bu rayonda yeni istirahət məkanlarının yaradılması istiqamətində reallaşdırılan ən mühüm layihələrdən biri də Astara şəhərində dəniz sahilboyu park-bulvar kompleksinin ikinci hissəsidir.

Məlumat verildi ki, park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının yaddaqalan və mənalı keçməsi üçün geniş imkanlar yaradılıb. Xəzərin sahilindəki bu kompleks həm də Astara şəhərinin simasının daha da gözəlləşdirilməsi, onun inkişaf tempinin nümayiş olunması baxımından da çox əhəmiyyətlidir. Dövlətimiz tərəfindən vətəndaşların istirahətlərini mənalı təşkil etmək və onların asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımlar atılır. Bu istiqamətdə son illərdə çox mühüm işlər görülüb. Bu kompleksdəki şərait də bunu sübut edir. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini aydın şəkildə nümayiş etdirir.

Dövlətimizin başçısı elektromobillə kompleksin ərazisini gəzdi.

Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı inşaat işlərinə Prezident İlham Əliyevin 2017-ci ilin iyunun 8-də imzaladığı Sərəncama əsasən başlanılıb. Tikinti işləri 2018-ci ilin avqust ayında başa çatdırılıb. Park-bulvar kompleksinin ikinci hissəsinin ərazisi 10 hektar sahəni əhatə edir. Bu istirahət məkanının 500 metrlik hissəsi Xəzər dənizinin sahili boyunca uzanır. Ərazidə 52 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, qala divarı, fəvvarə kompleksi, süni şəlalə quraşdırılıb. Bundan başqa, istirahət məkanında iki hektar sahəsi olan “Zirvə” idman klubuna məxsus atçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb, uşaqlar üçün attraksionlar, oturacaqlar, işıq dirəkləri və suvarma sistemi quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllıq işləri görülüb, gül, dekorativ kol və ağaclar, həmçinin yerli meşə ağacları əkilib.

Belə layihələrin icrası Astaranın abadlaşdırılması, gözəlləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərin davamlı olduğunu və bu işlərin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirildiyini bir daha sübut edir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda və yüksək zövqlə yaradılan bu istirahət məkanı Astaranın gəzməli-görməli yerlərinə daha bir ünvanı da əlavə edir.

***

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” layihəsi haqqında məlumat verdi.

Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2015-ci ildə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanılıb. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə rayonda 73 min nəfərin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu layihədən 102 min sakin faydalanacaq. Astara, Lənkəran şəhərləri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Xanbulan su anbarı seçilib. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su anbarının yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr və ya saniyədə 347 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. 2013-cü ildən etibarən bu mənbə hesabına Lənkəran şəhəri və 5 kənd, 2017-ci ildən isə magistral kəmər boyunca yerləşən 15 kənd keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunur.

Sutəmizləyici qurğuda suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Emal prosesindən keçən suyun anbarlara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 750 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 38 metr yüksəklikdə ümumi tutumu 20 min kubmetr olan 3 su anbarı inşa edilib. On min kubmetr tutumu olan su anbarı Lənkəran şəhəri və ətraf kəndlər, hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı isə Astara şəhəri və ətraf kəndlər üçün nəzərdə tutulub. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənir. Suyun anbardan Astara şəhərinə nəqli məqsədilə diametri 710 millimetr olan polietilen borularla 29,2 kilometr uzunluğunda magistral su xətti inşa edilib. Gələcəkdə Astara rayonunun 27 kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə magistral kəmərdən hər bir kəndə çıxışlar verilib.

Diqqətə çatdırıldı ki, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə layihə çərçivəsində Astara müştəri xidmətləri sahəsi üçün müasir tipli inzibati bina tikilib. Ümumi sahəsi 220 kvadratmetr olan binada işçi otaqları, IT otağı, iclas zalı zəruri avadanlıqla təchiz edilib. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Dövlətimizin başçısı Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin rəmzi açılışını bildirən düyməni basdı.

Bildirildi ki, layihə çərçivəsində Astara şəhərində 109 kilometr içməli su şəbəkəsinin inşası tam başa çatıb və bütün abunəçilərə ev birləşməsi verilərək 4300 su sayğacı quraşdırılıb. Suyun optimal idarə olunması məqsədilə şəbəkə üzərində 327 müxtəlif diametrli siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 274 yanğın hidrantı quraşdırılıb. Astara şəhərində kanalizasiya şəbəkəsinin yaradılması üçün uzunluğu 70,5 kilometr olan kanalizasiya şəbəkəsi, 8 kilometr tunel tipli kanalizasiya kollektoru, iki kanalizasiya nasos stansiyası və məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası da layihələndirilib. Layihənin növbəti mərhələsində kanalizasiya infrastrukturunun yaradılması nəzərdə tutulur.

Qeyd edildi ki, layihənin icrasına qədər Astara şəhərində 1980-ci illərdə yaradılmış su təchizatı infrastrukturundan istifadə olunurdu. Şəhərə içməli su Astara rayonunun Qapıçıməhəllə kəndində yerləşən drenaj quyularından verilirdi. Şəhərdə mövcud olmuş 41 kilometr uzunluğunda paylayıcı şəbəkə istismara yararsız vəziyyətə düşmüşdü. "Azərsu" ASC şəhərin 15 min sakininin 30 faizinə xidmət göstərirdi və içməli su fasiləli rejimdə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 25-də su və kanalizasiya şəbəkələrinin, 11-də isə su şəbəkəsinin inşası yekunlaşıb. Bu ilin sonuna qədər daha 3 şəhərdə işlərin başa çatdırılması nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham Əliyevin

çıxışı

- Mən sizi salamlayıram. Bu gün Astara şəhərində çox gözəl, əlamətdar bir gündür. Biz Astara şəhərinə rəsmi olaraq içməli suyun verilməsini qeyd edirik. Mənə verilən məlumata görə, artıq iki aya yaxındır ki, evlərə təmiz içməli su verilir. Bu, çox gözəl hadisədir. Mən də bu gün gəlmişəm ki, bu gözəl hadisəni sizinlə birlikdə rəsmi qaydada qeyd edim.

İçməli su insan sağlamlığı üçün əsas şərtdir. Bunu hər kəs bilir. Astara şəhərində də bu problem öz həllini tapıb. Beləliklə, şəhər sakinlərinə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Növbəti mərhələdə artıq bir çox kəndlərə də suyun verilməsi nəzərdə tutulur. Əlbəttə, növbəti illərdə bu məqsədlə əlavə vəsait ayrılacaq ki, bu problem öz həllini tapsın. İçməli su layihələrinin icrası böyük maliyyə vəsaiti, çox böyük investisiyalar tələb edir. Biz bunu edirik ki, insanlar çox təmiz, keyfiyyətli su ilə təmin olunsunlar. Çünki bir daha demək istəyirəm ki, sağlamlıq üçün, normal həyat tərzi üçün içməli su əsas şərtdir.

Bir çox rayonlarımızda içməli su layihələri icra edilir. Artıq açılışlar da olub, növbəti illərdə də açılışlar olacaq. Qarşıya məqsəd qoyulubdur ki, Azərbaycanın bütün şəhərlərində 100 faiz tam standartlara uyğun içməli su layihələri icra edilsin və beləliklə, biz ölkə qarşısında duran əsas infrastruktur məsələlərini həll etmiş oluruq.

Digər layihələrə gəldikdə, Astara rayonunda infrastrukturun yaradılması sürətlə gedir, qazlaşdırma 83 faizdir, kənd yollarının tikintisi geniş vüsət alıb. Mənə verilən məlumata görə, Astara rayonunun kənd yollarının 92 faizi yenidən qurulub. Bu, çox gözəl göstəricidir. Gələn ilin Dövlət İnvestisiya Proqramında yeni, növbəti layihə nəzərdə tutulur. Beləliklə, hesab edirəm ki, bütün kəndlərin yolları çox gözəl səviyyəyə çatdırılacaqdır.

Eyni zamanda, keçən ay Bakı-Astara avtomobil yolunun açılışı olmuşdur. Bu, ən yüksək səviyyəli, çox rahat, təhlükəsiz yoldur. Bilirsiniz ki, yolun yeni istiqaməti müəyyən edilib, yeni tras çəkilib və yolun uzunluğu 40 kilometr qısalıb. Bu yol heç bir şəhərə girmədən düz Astaraya qədər gəlir. Beləliklə, yolboyu yaşayış məntəqələrinin rahatlığı təmin edilir. Əvvəllər bütün yolboyu yerləşən şəhərlərə yük maşınları girirdi və insanları narahat edirdi. İndi bütün yolboyu şəhərlərimiz - Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan bu problemdən azad olunub. Bir qalıb ki, Astara şəhərinin problemi də həll olunsun, biz bunu da edəcəyik. Çünki bir hissə qalıb. Azərbaycan-İran sərhədinə qədər yeni yol çəkiləcək. Belə olan halda qonşu ölkəyə yük maşınları və vətəndaşlar Astara şəhərinə girmədən birbaşa sərhədə gedəcəklər. Biz bu layihə üzərində işləyirik, müəyyən işlər görülüb, torpaq ayrılıb, hətta torpağın birinci layları da hamarlanıb. Həm bu il, həm gələn il əlavə vəsait ayrılacaq. Hesab edirəm ki, gələn ilin ortalarına qədər mövcud Bakı-Astara trasından Azərbaycan-İran sərhədinə qədər yeni tras çəkiləcək və heç bir tranzit yük maşını Astara şəhərinə girməyəcək. Biz bunu da edəcəyik ki, Astara sakinləri bu problemlərdən azad olsunlar.

Digər layihələrə gəldikdə, bildiyiniz kimi, 2005-ci ildə Astara şəhərində modul tipli elektrik stansiyası tikilmişdir. Bu stansiya həm rayona, həm də bütün bölgəyə xidmət edir. Beləliklə, elektrik enerjisi ilə təchizat məsələləri də həll olunub. Bu gün içməli su layihəsi, - qazlaşdırmanı dedim, - kənd yolları çəkilir. Yəni, Astarada əsas infrastruktur məsələləri demək olar ki, öz həllini tapmaqdadır.

Sosial infrastruktura gəldikdə, rayonda son illərdə 35 məktəb, Olimpiya İdman Kompleksi tikilib, mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir edilib, digər sosial obyektlər yaradılır. Astara rayonunun çox böyük turizm potensialı var. Bakı-Astara yolu istifadəyə veriləndən sonra əlbəttə ki, turistlərin sayı da artmalıdır və artacaq. Xarici turistlər Astaraya üz tuturlar. Burada turizm infrastrukturu, eyni zamanda, istirahət zonaları, o cümlədən bulvar kompleksi yaradılır. Astara sakinləri üçün bulvar kompleksinin yaradılmasına əlavə vəsait ayrılmışdır ki, bu istirahət zonası daha da böyük ərazini əhatə etsin.

Bilirsiniz ki, keçən il Lənkəranda bu zonanın inkişafına təkan verəcək çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirə keçirilmişdir. Müşavirədən sonra dövlət proqramları qəbul edilmişdir və bu sahədə də irəliləyiş var. Ona görə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Turizm infrastrukturunun yaradılması öz həllini tapır. Yeni iş yerlərinin yaradılması prosesi də gedir. Çünki kənd təsərrüfatına verilən böyük dəstək, əlbəttə ki, məşğulluğu artırır, insanlar daha da yaxşı imkanlar əldə edirlər, öz rifah halını yaxşılaşdırırlar və bu gözəl diyarda işlər daha da yaxşı gedəcək.

Artıq qeyd etdiyim kimi, gələcəkdə Bakı-Astara avtomobil yolunun İran sərhədinə çatdırılması layihəsi icra olunacaq. Eyni zamanda, burada kommunal evlərdə yaşayan insanlar üçün 48 mənzildən ibarət yeni yaşayış binası tikiləcək. Gələn ilin investisiya proqramında yeni kənd yollarının layihəsi nəzərdə tutulur. Hesab edirəm ki, bu məsələlər həll ediləndən sonra biz əsas infrastruktur layihələrini yerinə yetirmiş oluruq. Gələcəkdə, sadəcə olaraq, bu imkanlardan istifadə edilməlidir ki, rayonun potensialı daha da böyüsün. Sahibkarlığın, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, burada yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Ənənəvi kənd təsərrüfatı sahələri daha da sürətlə inkişaf etməlidir. Bu məqsədlə lazımi tədbirlər görülür, dövlət tərəfindən kifayət qədər böyük diqqət göstərilir.

Astara rayonunda və qonşu rayonlarda son illər ərzində görülmüş işlər çox böyük maliyyə vəsaiti tələb edən işlərdir. Həm elektrik, həm qaz, həm də yol təsərrüfatlarının, Lənkəran beynəlxalq aeroportunun yaradılması, su layihələrinin icrası, magistral yolların çəkilişi, kənd təsərrüfatına verilən dəstək böyük maliyyə vəsaiti tələb edir. Biz bunu da edirik və etməliyik. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bunu tələb edir. Bu proqramı da biz qəbul etmişik və bu ilin sonunda üçüncü Dövlət Proqramı başa çatır. Demək olar ki, biz proqramı artıqlaması ilə icra etmişik, o cümlədən proqramda Astara rayonuna aid olan bütün məsələlər artıqlaması ilə öz həllini tapıbdır.

Deyə bilərəm ki, sonuncu böyük layihə, bax, bu gün rəsmi qaydada istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

***

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gedib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda həyata keçirilən layihələr barədə məlumat verdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm