İlham Əliyev Lerikdədir - FOTOLAR - (YENİLƏNİR)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Lerikdədir - FOTOLAR - (YENİLƏNİR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Bayraq Muzeyi və hündürlüyü 36 metr olan bayraq dirəyinin yerləşdiyi Dövlət Bayrağı Kompleksi Lerik şəhərinin mərkəzində, ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanın ərazisində yerləşir. Bu muzeyin inşasına 2018-ci ilin martında başlanılıb. Tikinti işləri bu ilin avqustunda başa çatdırılıb.

Bildirildi ki, muzeyin ümumi sahəsi 1200 kvadratmetr olan binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.

Bölgələrdə Bayraq muzeylərinin və Bayraq meydanlarının yaradılması Azərbaycanın dövlət atributlarına ən yüksək səviyyədə göstərilən diqqətin bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda, əsl vətənpərvər kimi tərbiyə olunmasına mühüm töhfə verir. Bununla yanaşı, bu işlər həm də Azərbaycan dövlətinin müstəqilliyini əks etdirən və hər bir vətəndaş üçün müqəddəs olan üçrəngli bayrağımıza göstərilən hörmət və ehtiramın təcəssümüdür. İndi Azərbaycan bayrağı ən nüfuzlu beynəlxalq təşkilatlar və mötəbər məclislərdə qürurla dalğalanır, dövlətimizi şərəflə təmsil edir.

***

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.

“Azərenerji” QSC-nin sədri Baba Rzayev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bölgələrdə bu cür elektrik stansiyalarının yaradılması həm enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, həm də regionların inkişafına təkan verməklə əlavə iş yerlərinin açılmasına səbəb olur. Bu baxımdan Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyası da əhəmiyyəti ilə seçilir.

Bildirildi ki, ölkənin cənub bölgəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə “2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na əsasən Lerikin elektrik təchizatı sistemində yenidənqurma işlərinin aparılması çərçivəsində rayonda gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilib. Elektrik stansiyası Lerik şəhər mərkəzindən bir kilometr cənubda, Cəngəmiran kəndində 3,6 hektar ərazidə yerləşir. Burada hər birinin gücü 3,3 MVt olan beş mühərrik-generator, həmçinin 35 kV və 10 kV-luq yarımstansiyalar quraşdırılıb. Bundan başqa, gücü 25 MVA olan 35/10 kV-luq blok transformatoru, hər birinin gücü 10 MVA olan 35/10 kV-luq iki güc transformatoru və hər birinin gücü 630 kVA olan 10/0,4 kV-luq iki ədəd xüsusi sərfiyyat transformatoru da layihənin komponentləri sırasındadır. Burada gücü 500 kVA olan dizel generatoru, rele mühafizəsi və avtomatika sistemləri, həcmi 20 kubmetr olan qəza yağ tutumu sistemi quraşdırılıb. Eyni zamanda, həcmi 250 kubmetr olan yanğınsöndürmə sisteminin yerüstü ehtiyat su çəni qoyulub, diametri 200 millimetr olan 6 kilometrlik qaz xətti, uzunluğu 25 kilometr ikidövrəli 35 KV gərginlikli elektrik verilişi, uzunluğu 16 kilometr olan 10 KV gərginlikli 8 elektrik verilişi xətləri xətti çəkilib.

Dövlətimizin başçısı elektrik stansiyasını işə saldı.

Bu layihə bölgənin enerji təminatı baxımından əhəmiyyəti ilə seçilir. Belə ki, regionun enerji təminatının keyfiyyət göstəricilərini yaxşılaşdıracaq stansiya ildə 75 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malikdir. Müqayisə üçün deyək ki, bu, Lerik və Yardımlı rayonlarının elektrik enerjisinə tələbatından 40 faiz çoxdur. Bununla yanaşı, regionun ucqar nöqtələrində gərginlik səviyyəsinin normadan aşağı düşməsi hallarının qarşısı alınacaq. Stansiyanın faydalı iş əmsalı 45 faiz təşkil edir. Burada əsas yanacaq kimi qazdan istifadə olunur.

***

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə iştirak edib.

Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Bu gün yenidən Lerik rayonundayam, çox şadam ki, sizinlə görüşürəm. Bu, mənim Prezident kimi Lerik rayonuna dördüncü səfərimdir. Əvvəlki illərdə Lerik rayonunun inkişafı ilə bağlı bir çox önəmli qərarlar verildi. Bu qərarların icrası nəticəsində rayonun inkişafı sürətlə getməyə başladı. Əlbəttə, ilk növbədə, biz Lənkəran-Lerik yolunun çəkilişi ilə məşğul olduq. 2005-ci ildə müvafiq göstəriş verilmişdi və yol çəkildi. Əvvəllər də yol olub, amma çox bərbad vəziyyətdə idi və yolun çəkilişindən sonra Lerikdə inkişaf daha da sürətlə getməyə başladı. Bu ilin yayında mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb və Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrıldı və yol yenidən çəkilməyə başlanmışdır. Qalan vəsait də Dövlət İnvestisiya Proqramından ayrılacaq ki, Lənkəran-Lerik yolu ən yüksək standartlara cavab versin. Deyə bilərəm ki, yol bu gün də yaxşı vəziyyətdədir, ancaq daha yaxşı vəziyyətdə olacaq.

Bildiyiniz kimi, sovet vaxtında Lerikdə qazlaşdırma aparılmamışdı. Lerik şəhərinin təbii qazla təmin edilməsi üçün müvafiq göstəriş verildi və qaz xətti çəkildi. Bu gün mənə verilən məlumata görə, Lerik rayonunda qazlaşdırma 36 faiz səviyyəsindədir. Rayonun relyefini, dağlarını nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir. İmkan daxilində Lerik rayonunun qazlaşdırılması ilə bağlı əlavə addımlar atılacaqdır.

Bu gün Lerikdə 16 meqavat gücündə yeni elektrik stansiyasının açılışı nəzərdə tutulur. Beləliklə, bu enerji ümumi sistemə verilərkən nəinki Lerik rayonunun tələbatını, eyni zamanda, bütün cənub zonasının enerji təsərrüfatının dayanıqlığını təmin edəcək. Əlbəttə ki, biz, ilk növbədə, Lerik rayonunu etibarlı enerji mənbəyi ilə təmin edəcəyik.

Bu gün biz artıq Lerik şəhərinin içməli su ilə təminatını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Artıq bu layihə icra edildi. Onun icrası üçün çox böyük vəsait ayrıldı və biz buna nail ola bilmişik. İçməli su insan sağlamlığı üçün əsas şərtdir və bundan sonra vətəndaşlar təmiz, ən yüksək standartlara cavab verən içməli su ilə təmin olunacaqlar.

Lerik uzunömürlülər diyarıdır, burada insanlar çox sağlamdırlar. Dünya miqyasında Lerik haqqında kifayət qədər məlumat var. Lerikdə Uzunömürlülər Muzeyi də var. Mən səfərlərimin birində muzeylə tanış olmuşam. Ancaq içməli su layihəsi icra olunandan sonra insanların sağlamlığı daha da yaxşı olacaq.

Bu əsas infrastruktur məsələlərinin həlli göstərir ki, Azərbaycanın bütün bölgələrində, bütün rayonlarında sürətlə iş gedir. Lerik Azərbaycanın ən ucqar rayonlarından biridir. Həm dağlıq ərazidir, həm əsas magistral yollardan uzaqdır. Amma buna baxmayaraq, burada həyat qaynayır, inkişaf gedir, rayonun sosial-iqtisadi göstəriciləri də yaxşıdır. Burada yaradılan müasir infrastruktur insanlara xidmət göstərir və rayonun gələcək iqtisadi, sosial inkişafını təmin edir.

Biz, eyni zamanda, Lerik rayonunda sosial məsələlərin həlli ilə ciddi məşğul olmuşuq. Rayonda 50-dən çox məktəb təmir olunub və ya yenidən tikilib. Mədəniyyət Mərkəzi yaradılıb, mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib. Yəni, sosial infrastruktur, elektrik xətləri, qazlaşdırma, su xətləri, yollar – bütün bunlar reallıqdır. Bu gün mən buraya gələrkən yeni kənd yolunun açılışını etdik. Uzunluğu 20 kilometrdən çox olan, bir neçə kəndi birləşdirən, 11 min əhaliyə xidmət göstərən yeni kənd yolu açılıb. Kənd yollarının yenidən qurulması baxımından Lerik Azərbaycanda ən qabaqcıl yerlərdədir. Mənə verilən məlumata görə, son illərdə görülən işlər nəticəsində Lerik rayonunun kəndlərinin 88 faizi müasir yollarla əhatə edilib və yeni layihə, - o da təqribən uzunluğu 20 kilometrdən çox olan kənd yolu layihəsi, - gələn ilin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulub və gələn il biz o yolu da tikəcəyik, vətəndaşların sərəncamına verəcəyik.

Bütün bunları biz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həll etmişik. Bildiyiniz kimi, bu il üçüncü Dövlət Proqramının icrası başa çatır. Proqram artıqlaması ilə icra edilib, biz bunu Lerik rayonunun timsalında görürük. Növbəti illər üçün yeni proqram hazırlanır və indi bölgələrdən təkliflər daxil olur. Mən Lerik ictimaiyyətindən də xahiş edirəm ki, onlar da təklifləri göndərsinlər. Hökumətdə bu proqrama baxılacaq, iqtisadi və sosial məsələlərin həlli növbəti illərdə təmin ediləcəkdir.

Bütövlükdə ölkəmizdə - bütün bölgələrdə, bütün rayonlarda inkişaf sürətlə gedir. Ölkəmizin bu uğurlu inkişafı əlbəttə ki, xalqımızı da sevindirir, Azərbaycanın beynəlxalq nüfuzu, bizim gücümüz artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi baxımdan heç kimdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Güclü iqtisadiyyat, düşünülmüş iqtisadi siyasət, maliyyə imkanlarımızın genişləndirilməsi imkan verir ki, bütün bölgələrdə, ən ucqar yerlərdə gözəl layihələr icra edilsin. Bu gün Lerikdə açılacaq 16 meqavat gücündə yeni elektrik stansiyası özlüyündə böyük bir infrastruktur layihəsidir. İçməli su, qazlaşdırma – bütün bunları biz öz hesabımıza edirik. Heç kimdən yardım, heç kimdən kredit almadan. İndi kreditlərə də ehtiyac qalmır. Düzdür, biz indi bəzi kreditləri alırıq, ancaq o proses də demək olar ki, dayandırıldı. Biz özümüz bəzi xarici ölkələrə kreditlər veririk və bundan faiz qazanırıq. Yəni, bu gün Azərbaycan, sözün əsl mənasında, öz sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf bütün bölgələrdə özünü büruzə verir, o cümlədən Lerik rayonunda.

Qeyd etdiyim kimi, Lerikə dördüncü dəfə səfər edirəm və bundan sonra da səfərlər olacaq. Əminəm ki, bu gün verilən tapşırıqlar, qərarlar gələcəkdə gözəl nəticələrə gətirib çıxaracaqdır. Lerikin gələcək iqtisadi və sosial inkişafı ilə bağlı əlavə addımlar atılacaq, sərəncam imzalanacaq. Bilirəm, kənd yollarının tikintisi ilə bağlı layihələr hələ ki, gündəlikdədir. Eyni zamanda, məktəblərin tikintisi, ev təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr olacaq. Ona görə bir daha demək istəyirəm ki, sizi narahat edən məsələlər məruzə edilsin və müvafiq göstərişlər veriləcək. Bu günə qədər biz bu yolla getmişik və bu gün gözəl nəticələrə çatmışıq.

Sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

X X X

Sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə haqqında məlumat verdi.

Bildirildi ki, bu layihə çərçivəsində Lerik şəhərində içməli su şəbəkəsinin və sutəmizləyici qurğunun, çirkab suların şəhər ərazisindən kənarlaşdırılması üçün kanalizasiya şəbəkəsinin və çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2011-ci ildən başlanılıb. Lerik şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Zuvandçay çayı üzərində sugötürücü qurğu inşa edilib. Sugötürücü qurğudan suyun öz axımı ilə şəhər ərazisindəki sutəmizləyici qurğuya ötürülməsi üçün 17,49 kilometrlik magistral xətt çəkilib. Yay aylarında Zuvandçay çayında suyun azalması nəzərə alınaraq, əlavə olaraq Nisliçay çayı üzərində sugötürücü qurğu inşa edilib. Nisliçay çayından götürülən sular nasos stansiyası vasitəsilə uzunluğu 90 poqonmetr olan təzyiqli boru ilə Zuvandçay çayından Lerik şəhərindəki təmizləyici qurğuya çəkilən magistral su xəttinə ötürüləcək. Sugötürücü qurğulardan qəbul edilərək magistral su xətti ilə saniyədə ötürülən 20,2 litr suyun təmizlənməsi üçün şəhər ərazisində gündəlik gücü 2,6 min kubmetr olan içməli sutəmizləyici qurğu kompleksi inşa edilib. Lerik şəhəri ərazisində içməli suyun yığılması və paylanması məqsədilə tutumu 1500 kubmetr olan 4 su anbarı tikilib. Şəhərin yüksəklikdə yerləşən hissəsindəki evlərə içməli suyun nəqli üçün tutumu 500 kubmetr olan anbarda məhsuldarlığı saniyədə 1,54 litr olan iki nasos quraşdırılıb. Su anbarlarından Lerik şəhər əhalisinə içməli suyun verilməsi üçün uzunluğu 55 min 55 poqonmetr olan içməli su şəbəkəsi tikilib, 1821 ev su sayğacı ilə təmin edilərək bu şəbəkələrə qoşulub.

Diqqətə çatdırıldı ki, çirkab suların şəhər ərazisindən toplanaraq təmizləyici qurğuya ötürülməsi üçün uzunluğu 1579 poqonmetr olan kanalizasiya kollektor xətti, uzunluğu 1409 poqonmetr olan təzyiqli çirkab su xətti, eləcə də uzunluğu 41 min 289 poqonmetr olan çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 1296 baxış quyusu və gündəlik gücü 1530 kubmetr olan təmizləyici qurğu inşa edilib.

Məlumat verildi ki, Lerik şəhərinin ilk su təchizatı sistemi 1968-ci ildə yaradılıb. Şəhərin yalnız 50 faizi mərkəzləşdirilmiş qaydada fasiləli rejimlə içməli su ilə təmin edilirdi. Ümumiyyətlə Lerikdə kanalizasiya şəbəkəsi olmayıb. Bu cür layihələrin icrası ölkəmizdə sosial siyasətin uğurla həyata keçirildiyinin əyani göstəricisidir. Bu işlər bir daha sübut edir ki, vətəndaşların sosial məsələlərinin həlli Azərbaycanda aparılan dövlət siyasətinin mərkəzində dayanır və bu istiqamətdə icra olunan layihələr davamlıdır.

Prezident İlham Əliyev Lerik şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

***

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunun Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycanda yüksək sürətli və dayanıqlı sosial-iqtisadi inkişafa nail olunub. Sosial-iqtisadi islahatların vacib tərkib hissələrindən biri də yol infrastrukturunun müasirləşdirilməsi, bu sahədə dünyanın mütərəqqi təcrübəsinin tətbiq edilməsidir. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq, ölkəmizin əsas magistral yolları qısa müddətə və müasir səviyyədə yenidən qurulub. Bundan sonra diqqət kənd və qəsəbələri birləşdirən yolların yenilənməsinə yönəlib. Prezident İlham Əliyevin diqqəti sayəsində indi ölkəmizdə kənd yollarının müasirləşdirilməsi, əvvəllər yol olmayan kənd və qəsəbələrə yüksək səviyyədə yolların çəkilməsi geniş vüsət alıb. Bu cür layihələrin miqyası və coğrafiyası ildən-ilə daha da genişlənir. Bunu Lerik rayonunun Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidən qurulması da aydın nümayiş etdirir. Belə sosial layihələr kənd və qəsəbələrin sakinlərinin həyatına birbaşa təsir edir, onların istehsal etdiyi məhsulların alıcılara tez və rahat şəkildə çatdırılmasına imkan verir. Bununla yanaşı, yeni yolların inşası bölgələrimizin turizm potensialının artırılmasına və turist axının təmin edilməsinə geniş imkanlar yaradır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Piran-Hamarat-Vijaker avtomobil yolunda aparılan yenidənqurma işləri ilə bağlı məlumat verdi.

Bu avtomobil yolunun tikintisinə Prezident İlham Əliyevin bu il avqustun 18-də imzaladığı Sərəncama əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,3 milyon manat ayrılıb. Yol 9100 nəfərin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 26 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Layihənin icrası çərçivəsində suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol-cizgi xətləri çəkilib. Bir sözlə, yol müasir səviyyədə, texnoloji ardıcıllığa uyğun və bütün tələblərə cavab verməklə yenidən qurulub.

Dövlətimizin başçısına Lerik rayonunun Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi barədə də məlumat verildi.

Otuz min nəfərin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncamla Lerik Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat, 2014-cü ildə imzalanan Sərəncamla isə əlavə olaraq 7 milyon manat ayrılıb. 2016-cı ildə imzalanan digər Sərəncama əsasən isə yolun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,6 milyon manat vəsait ayrılıb və yolun tikintisi başa çatdırılıb.

Qeyd edildi ki, ümumi uzunluğu 36 kilometr, eni 6 metr olan yol 4-cü texniki dərəcəyə aiddir və ikizolaqlıdır. Yolun inşası zamanı müxtəlif diametrli suötürücü borular tikilib, iki körpü keçidi inşa olunub. Bu yolun tikilməsi bölgədə sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Həmçinin sözügedən avtomobil yolunun tikintisi yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzləri və yerli tarixi mədəniyyət abidələri ilə də tanış olmalarına şərait yaradacaq.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonuna səfərə gedib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoydu.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyevə son dövrlərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm