• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Prezident Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul etdi (YENİLƏNDİ)

Prezident Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya, ilk növbədə, dövlətimizin başçısına ötən il prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı. O, eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçkilərdə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev, öz növbəsində, Kunio Mikuriyanı Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı bunu onun səmərəli fəaliyyətinə verilən qiymət kimi dəyərləndirərək ölkəmizin Kunio Mikuriyanın rəhbərliyi ilə Ümumdünya Gömrük Təşkilatında həyata keçirilən işləri yüksək qiymətləndirdiyini dedi. Prezident İlham Əliyev hazırda Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyini və bunun artıq çox yaxşı nəticələr verdiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, o, Azərbaycan gömrük sisteminin dünyanın ən şəffaf gömrük sistemlərindən biri olmasını istəyir və Ümumdünya Gömrük Təşkilatının bu məqsədə çatmaq işində bizə kömək göstərməyi davam etdirəcəyinə ümidvar olduğunu bildirdi.

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Azərbaycan gömrük sisteminin nümunəvi bir qurum olduğunu və Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun fəaliyyət göstərməsini yüksək qiymətləndirdi. Kunio Mikuriya xüsusilə Azərbaycanın korrupsiya ilə mübarizənin, beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqinin və əlverişli biznes mühitinin yaradılmasının gömrük orqanlarının şəffaf fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını dedi və görülən bütün bu işlərin onda böyük təəssürat doğurduğunu qeyd etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanda korrupsiya ilə mübarizənin ən prioritet istiqamətlərdən biri olduğunu dedi. Prezident İlham Əliyev gömrük orqanlarında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində şəffaflığın əldə edildiyini və gömrükdən daxil olan rüsumların planlaşdırıldığından da artıq olduğunu bildirdi. Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli mühitin daha da yaxşılaşdığını qeyd edən dövlətimizin başçısı Dünya Bankı tərəfindən Azərbaycanın 10 ən çox islahatçı ölkələr sırasına daxil edildiyini, Dünya Bankının “Doing Business” hesabatında 57-ci yerdən 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını önəmli hadisə kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanda genişmiqyaslı islahatların qarşıdakı illərdə də davam etdiriləcəyini vurğulayaraq, ölkəmizin Ümumdünya Gömrük Təşkilatı ilə bundan sonra da səmərəli əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə etdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR